Əlaqə Arxiv
news Image
2013.01.25
07:36
| A A A
Paytaxtda yeni söküntü bumu gözlənir
Təkcə bir və iki mərtəbəli yox, həmçinin bəzi çoxmərtəbəli binaların sökülməsi də istisna edilmir

Paytxt Bakının yenidən qurulması fonunda diqqət cəlb edən məsələlərdən biri də bir və ikimərtəbəli evlərin sökülməsi ilə bağlıdır. Xatırladaq ki, bu günlərdə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakının mərkəzi hissəsinin 2030-cu ilədək layihə planını açıqlayıb.

Plana əsasən, qarşıdakı 18 il ərzində paytaxtın mərkəzi ərazisi böyüdülərək indiki 1 479 hektardan 1 550 hektara çatdırılacaq. Bundan başqa qarşıdakı 18 il ərzində paytaxtın adıçəkilən bölümündə yaşayış fondu, yəni mənzillərin ümumi sahəsi 7 milyon 611 min kvadratmetrdən 9 milyon 80 min 300 kvadratmetrə çatdırılacaq.

Nəticədə şəhərin mərkəzində - 369 min nəfərin yaşadığı ərazidə adambaşına düşən yaşayış sahəsi 21,84 kvadratmetrdən 24,33 kvadratmetrə çatdırılacaq. 10-12 mərtəbəli binalardakı mənzil fondunun sahəsi də 1,7 dəfə artaraq indiki 980 min kvadratmetrə çatacaq. 16 və daha yüksək mərtəbəli evlərin sahəsi isə 3 milyon 747,3 min kvadratmetrə kimi artıralacaq.

Dəyişikliklər nəticəsində şəhərin mərkəzindəki 1-2 mərtəbəli yaşayış binaları 6 dəfə azalacaq. Əvəzində 6-9 mərtəbəli binaların sayı təxminən 3 dəfə artacaq. Komitənin şöbə müdiri Cahangir Qocayev söküləcək ərazilər barədə bunları bildirib: "Şərqdən Yusif Səfərov küçəsi, Ali Məhkəmənin qarşısından keçən ərazi, günbatandan Nəriman Nərimanov prospekti, şimaldan Bakıxanov prospekti və üzü dənizə tərəf - bulvara qədər. Həmin ərazidə tikililərin seyrəldilməsi də nəzərdə tutulacaq. Amma tək o 1-2 mərtəbəlilər sökülməyəcək. Bəzi çoxmərtəbəli binalar da sökülə bilər - texniki baxımdan dayanıqlı olmayanlar. Söhbət onların yerindən getmir. Ümumiyyətlə, ərazidə sıxlığın azalması, ekoloji durumun yaxşılaşdırılması, əhali üçün normal həyat şəraitinin yaradılması məqsəd kimi qarşıya qoyulub".

Bu mənada gözləmək olar ki, Cahangir Qocayev göstərdiyi ərazilərdə bir sıra çoxmərtəbəli binalar da söküləcək. Qeyd edək ki, həmin ərazilərdə daha çox fərdi evlər inşa edilib. Lakin onların çoxunun söküləəcyi və yerlərində çoxmərtəbəli bina inşa olunacağı, parklar salınacağı gözlənir. Elə Cahangir Qocayevin dediyinə görə, görüləcək işlərdən biri ərazidə yaşıllıq zolağının azı 3 dəfə artırılmasıdır. Küçə, park və meydançaların ictimai istifadə üçün 30-35 dəfə artırılacağı da nəzərdə tutulub.

Ümumilikdə isə, 8 milyon kvadratmetrlik ərazini əhatə edən köhnə evlərin sökülməsi planlaşdırılır. Ekspertlər köhnə evlərin söküntüsünün təxminən 350 min insanı əhatə edəcəyini proqnozlaşdırır. Onu da bildirək ki, köhnə evlərin sökülməsi təkcə Bakının mərkəzilə məhdudlaşmır. Bu, paytaxtdan kənara doğru uzanan ərazilərdə də özünü göstərir. Belə ki, aparılan söküntü işləri zamanı dövlət tərəfindən sosial obyektlərin tikintisinə, yolların salınmasına və genişləndirilməsinə daha çox rast gəlinir. Regionların sosial-iqtisadi inkişaf proqramı ilə bağlı bu tendensiya daha da dərinləşməkdədir. İndi infrastruktur tikintisinin coğrafiyası artıq daha çox mərkəzdən kənar ərazilərə doğru genişlənməkdədir.

Qeyd edək ki, Bakıda köhnə evlərin əksəriyyəti XIX əsrdə və XX əsrin əvvəllərində inşa edilib və onlar daha çox 1 və 2 mərtəbəlidir. Belə evlərin kommunal şəraiti elə də yüksək qiymətləndirilmir. Ekspertlər ilk növbədə belə evlərlə bağlı problemlərin həllindən sonra digər köhnə evlər məsələsinin həll edilməsini vacib sayır.

Hələlik isə söküntülərin nə vaxt başlanacağı məlum deyil. Bunadək tikinti işlərinin layihəsi tam hazırlanmalıdır. Layihə məsələsini yerli icra hakimiyyətləri gerçəkləşdirməlidir. Bütün bunların isə cari il ərzində baş tutması və beləliklə, paytaxtda böyük söküntü bumunun başlanması istisna edilmir. Hökumət paralel olaraq təhsil müəssisələrinin və universitetlərin şəhər kənarına çıxarılmasına start verib. Bu məqsədlə Qaradağ rayonunda böyük həcmdə torpaq sahəsi ayrılıb. Ekspertlər isə hesab edir ki, əksər ali məktəblərin Xocasən və Qobuya köçürülməsi gözlənir. Yeri gəlmişkən, xatırladaq ki, ötən ilin sentyabrın 26-da isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılış mərasimində çıxış edən ölkə başçısı İlham Əliyev kompleksin yerləşdiyi ərazidə tələbə şəhərciyinin yaradılması planlarının olduğunu açıqlayıb. Prezidentin sözlərinə görə, həm hazırda fəaliyyət göstərən bəzi ali məktəblər, həm də yaradılacaq yeni ali təhsil müəssisələri həmin əraziyə köçürüləcək.

Qeyd edək ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksi Xocasən qəsəbəsində yerləşir. Xatırladaq ki, paytaxtda yerləşən ali məktəblərin əksəriyyəti arxitektur banalarda yerləşir. Ali məktəblərin həmin binadan köçürülməsi bu fonda məqsədəuyğun sayılır. Məlumatlara görə, hazırda Azərbaycanda 35-i dövlət, 15-i qeyri-dövlət olmaqla 50-yə yaxın ali təhsil müəssisəsi fəaliyyət göstərir ki, həmin təhsil müəssisələrinin əksəriyyəti paytaxt Bakıda yerləşir. Qeyd olunduğu kimi isə çoxdandır ali məktəblərin Bakının mərkəzindən şəhərətrafı ərazilərə köçürülməsi məsələsi artıq reallaşır. Həmin ali məktəblərin olduğu binaların ya başqa təyinat üzrə istifadə olunması ya da tamamilə yenilənməsi, tarixi binaların isə bərpa edilməsi gözlənir.
Sizin Reklam Yeriniz