Əlaqə Arxiv
news Image
2013.01.26
07:50
| A A A
Ətlə bağlı böyük ziddiyyət
Vahid Məhərrəmov: “Əgər biz ətlik istiqamətdə cins mal - qara yetişdirə bilməmişiksə, istehsal etdiyimiz ətin maya dəyəri çox yüksək olur” Nizami Qarayev: “Kənardan gətirilən ətin keyfiyyəti heç də Azərbaycanda olan ətin keyfiyyəti qədər yaxşı deyil”

Statistik rəqəmlərdən çıxış edərək, dövlət rəsmiləri bildirirlər ki, Azərbaycan ətə ola tələbatının təqribən 80 faizini özü ödəyir. Bu da təxminən orta hesabla 250 min tondan artıq ət deməkdir. Onu da qeyd edək ki, Azərbaycanda ətə tələbatı ödəyəcək kifayət sayda mal - qara var. Lakin müəyyən həcmdə ət və ət məhsulları hələ də idxal edilir.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə isə, Azərbaycan özünün ət məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəyə bilmir: "2010-cu ildə kəsim üçün ölkəyə idxal olunan iribuynuzlu mal-qaranın dəyəri 4 milyon ABŞ dolları civarında idi. Bu rəqəm 2011 - ci ildə 13 milyon 789 min, 2012 - ci ildə isə 27 milyon 884 min ABŞ dolları təşkil edib. 2010 - cu ildən əvəl isə daha az olub. Həmçinin 20-40 min ton arasında toyuq əti də idxal edirik. Statistika Komitəsi bunu necə edir? Kəsilməmiş, idxal olunan mal - qara daxildə kəsildiyi üçün bunu daxili istehsal kimi göstərirlər. Bu, həm quşçuluqda, həm də maldarlıqda belə göstərilir. Belə olan halda idxal olunan mal - qaranın da kəsimini daxili istehsal kimi göstərilir".

Ekspertin sözlərinə görə, biz ət məhsuluna olan tələbatımızı ona görə ödəyə bilmirik ki, birincisi, biz o istiqamətdə cins mal - qara yetişdirə bilməmişik: "Baxmayaraq ki, bu istiqamətdə institut işləyir. Ancaq onlar yeni cinslərin yetişdirilməsində hər hansı bir nailiyyətlər əldə edə bilməyiblər. Əgər biz ətlik istiqamətdə cins mal - qara yetişdirə bilməmişiksə, istehsal etdiyimiz ətin maya dəyəri çox yüksək olur. Bu da onunla əlaqədardır ki, həmin mal - qaranı saxlamağa uzun müddət tələb olunur. Uzun müddət olduğuna görə buna kifayət qədər xərc çəkilir. Əldə edilən çəki artımı gündə 200 qram olur. Əksər ölkələrdə isə bu artım 1 kq - ı keçir. İkincisi, bizim mövcud mal - qaranı təmin edəcək qədər yem bazamız yoxdur. Bizim istehsal etdiyimiz məhsulun keyfiyyəti aşağıdır. Yəni, ət istehsal etmək üçün, yemçilikdə istifadə etdiyimiz məhsulların tərkibi zəngin olmalıdır. Nəhayət, bu istiqamətdə fermerləri düzgün məlumatlandıra bilmirik. Bu da səhv aqrar siyasətin qurulmasına gətirib çıxarır".

Digər ekspert Nizami Qarayev bildirir ki, əgər daxili istehsal kifayət qədərdirsə, kənardan ət gətirilməsinə ehtiyac yoxdur: "Dövlət Statistika Komitəsi həm daxili istehsal hesabına ölkənin tələbatının ödənildiyi, həm də ölkəyə kifayət qədər ət idxal olunduğunu göstərir. Deməli, bir təzad var. Amma kənardan gətirilən ətin keyfiyyəti heç də Azərbaycanda olan ətin keyfiyyəti qədər yaxşı deyil. Ona görə də əgər kənardan Azərbaycana ət məhsulları gəlirsə və ölkədə sənaye sayəsində, xüsusən də kolbasa istehsalında geniş istifadə olunursa, deməli, ölkədə yerli istehsal hesabına daxili tələbat tam ödənmir. Daxili tələbatın ödənməməsinin əsas səbəbi heyvandarlığın cins tərkibi və kifayət qədər yem bazasının olmaması ilə bağlıdır".

Ekspert bildirir ki, Azərbaycanda ət məhsuluna olan tələbatın idxal asılılığından qurtarmaq üçün daxili istehsalın inkişafı məqsədilə xüsusi proqram qəbul olunmalıdır: "Yəni, ümumi olaraq bir ərzaq təhlükəsizliyi yox, sahə proqramı kimi konkret proqramlar qəbul olunmalıdır. Burada hansı fəaliyyətlərin həyata keçirilməsi üçün konkret məqsədlər müəyyən edilməlidir. Əgər söhbət konkretlikdən gedirsə, burada heyvandarlığın cins tərkibinə xüsusi baxılmalıdır. Heyvanlar ətlik, ətlik - südlük və südlük olur. Biz isə bir növ yerli heyvan hesabına həm ət, həm də süd problemlərimizi həll etmək istəyirik. Bu, çıxış yolu deyil. Həm ətlik, həm də südlük istiqamətdə heyvanlar saxlanılmalıdır. Son illər hökumət əsasən südlük istiqamətində kənardan cins mal - qara gətirir. Amma ölkənin ətlə təmin edilməsi üçün ətlik istiqamətində heyvan cinslərinin gətirilməsi də nəzərdə saxlanılmalıdır".
Sizin Reklam Yeriniz