Əlaqə Arxiv
news Image
2013.01.29
07:02
| A A A
Azərbaycan vətəndaşları siqaretə 25 min manat xərcləyir
Siqaret aludəçilərinin ölkəmizdəki sayı ciddi narahatlıq predmetidir

Aparılan araşdırmalar göstərir ki, həyata keçirilən maarifçiliyə baxmayaraq, ölkəmizdə siqaretə aludəçilik hələ də yüksək səviyyədədir. O da təəssüfdoğurucu haldır ki, siqaret bəlasına mübtəla olanların əksəriyyəti gənclərdir və bu bəla orta məktəb şagirdləri arasında yayılmaqda davam edir.

Azərbaycanda təxminən hər 3 nəfərdən birinin siqaret çəkdiyini deyən mütəxəssis hesab edir ki, ölkədə siqaret çəkənlər orta hesabla gün ərzində siqaretə 1,5 manat xərcləyirlər. Bu isə ayda 45, ildə 540 manat vəsait deməkdir. Siqraet çəkilməsinə orta hesabla 50 il vaxt sərf olunduğunu nəzərə alsaq, bu o deməkdir ki, siqaretə ölkəmizdə ondan istifadə edən hər bir şəxs təxminən 25 min manat xərcləyir. Lakin məlum olduğu kimi siqaret təkcə cibə yox, həm də insan səhhətinə mənfi istiqamətdə böyük təsir göstərir. Xüsusən də yeniyetmələrə. Məhz bu səbəbdən siqaret satışı ilə bağlıqanunun sərtləşdirilməsi, həmçinin, buna nəzarətin gücləndirilməsi vacib sayılır.

Düzdür, bir çox ölkələr kimi Azərbaycanda da qanuna əsasən 18 yaşına kimi şəxslərə siqaret və spirtli içki satılması qadağandır. "Tütün məmulatları haqqında" Qanunun 15-ci maddəsinə görə, tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə uşaq və yeniyetmələr üçün malların satışı yerlərində tütün məmulatının ticarətinə yol verilmir. Tütün məmulatlarını nə avtomatla, nə də dükanda ədədlə, tək-tək satmağa icazə yoxdur.

"Reklam haqqında" qanun isə bir qədər daha sərt tələb qoyur. Belə ki, uşaq, təhsil, idman müəssisələrində, həmçinin onlardan 100 metrədək məsafədə spirtli içki və tütün məmulatlarının reklam yayımına yol verilmir. Lakin aktdır ki, Bakıda demək olar ki, istənilən məktəb yaxınlığında kiçik dükanlar, köşklər, marketlər var. Orada spirtli içki olmasa belə, siqaret mütləq satılır. İndi belə köşklərə metro stansiyalarının çıxışında, dayanacaqlarda da rast gəlmək olar. Burada açıq şəkildə siqaret satışı var. Əksər satış mərkəzlərində siqaretlər həmçinin ədədlə satıldığından, azyaşlı uşaqların da bunu almağa imkanı yaranır.

Digər tərəfdən siqaret çəkən böyüklər kiçiklərə pis nümunə olur. Xatırladaq ki, neçə illərdir, Milli Məclisdə də ictimai yerlərdə siqaretin qadağasına dair təbliğat gedir. Lakin onun qəbulu bilinməyən səbəblər üzündən hələ də müşkül məsələ olaraq qalır. Xatırladaq ki, Azərbaycan hələ 5 il əvvəl Ümümdüya Səhiyyə Təşkilatının "Siqaretlə mübarizə konvensiyası"na qoşulub. Konvensiyanın tələblərindən biri də budur ki, məsələ yerli qanunvericilikdə öz əksini tapmalıdır. Qeyd olunduğu kimi isə bununla bağlı yerli qanunvericilik layihə şəklində işlənib hazırlansa da, qəbul edilməyib. Layihəyə əsasən, ölkədə televiziya və radio yayımçıları, təhsil və səhiyyə nazirliklərilə birgə siqaret çəkmənin zərərli tərəfləri haqqında proqram hazırlanacaq. Bu proqram bir ay ərzində 90 dəqiqədən az olmayaraq yayımlanmalıdır.

Siqaret çəkilməyən yerlərin siyahısı da müəyyənləşib. Layihə qəbul olunsa, səhiyyə, elm və təhsil müəssisələrində, muzey, kitabxana, kinoteatr, ictimai nəqliyyat, avtovağzal və s. yerlərdə siqaret çəkən şəxslər cərimələnəcək. Statistikaya görə, hər il dünyada 5 milyon adam siqaretdən dünyasını dəyişir. Dünyada yoluxucu xəstəliklərin qarşısının alınması üçün xərclənən vəsait qeyri-infeksion xəstəliklərin lokallaşdırılmasına ayrılan pullardan 20-30 dəfə çoxdur.

Statistika göstərir ki, ölüm hallarının səbəblərinə görə birinci yerdə ürək və qan-damar xəstəlikləri dayanır. Bu xəstəliklərin də əsas törədicisi siqaretə və alkoqola aludəçilikdir. Ona görə də dünyanın əksər ölkələrində bu kimi ziyanlı vərdişlərə qarşı ciddi mübarizə aparılır.

Bununla yanaşı, hesab olunur ki, ticarət mərkəzlərində siqaretin ziyanlı olması haqqında xəbərdarlıq yazıları olmalıdır. Bununla yanaşı, valideynləri də daha diqqətli olmalı, uşaqlara ciddi nəzarət etməlidirlər. Bu məsələdə təhsil qurumlarının da üzərinə böyük məsuliyyət düşür. Məktəblərdə tütünün zərərləri ilə bağlı maarifləndirmə tədbirləri ciddi şəkildə artmalıdır.

Ümumdünya Səhiyyə Təşkilatı içki və siqaret satış məntəqələrinin sayını azaltmağı məsləhət görür. Skandinaviya ölkələrində spirtli içki satan mağazaların sayı əhalinin sayına nisbətən götürülür. Məsələn, Finlandiyada elə yerlər var ki, orada ən yaxın supermarket 7 km aralıda yerləşir. ÜST-nin rəqəmlərinə görə, ötən əsrdə 100 milyon insan siqaretin qurbanı olub. XXI əsrdə isə tütündən 1 milyard insanın dünyasını dəyişəcəyi proqnozlaşdırılır. Azərbaycan siqaret çəkən ölkələr arasında 85-ci, adambaşına düşən siqaretlərin sayına görə isə dünya ölkələri arasında 22-ci yeri tutur. Hər halda rəqəmlər də təhlükənin çox ciddi olmasından xəbər verir.
Sizin Reklam Yeriniz