Əlaqə Arxiv
news Image
2013.01.29
07:08
| A A A
Azərbaycan kosmosa hərbi peyk də çıxara bilər
Üzeyir Cəfərov: "Perspektivdə Azərbaycan hərbi süni peyklərini orbitə çıxara bilər" Emin Həsənli: "Bu məsələyə ölkəmizin imkanları genişləndikcə baxmaq olar"

Məlumat verildiyi kimi, cari ilin fevralında Azərbaycanın ilk süni peyki kosmosa buraxılacaq. Bu peyk vasitəsilə Azərbaycanın rabitə və informasiya texnologiyaları sahəsində daha böyük nailiyyətlərə imza atması gözlənilir. Digər tərəfdən, indi belə fikirlər səslənir ki, iqtisadi imkanları böyük olan Azərbaycanın yaxın perspektivdə kosmosa hərbi peyk çıxarması da vacibdir. Xüsusən də nəzərə alınsa ki, Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir.

Xatırladaq ki, hazırda bir sıra ölkələr kosmosa sırf hərbi məqsədlər naminə peyk buraxırlar. Bu sahədə əsas liderlik isə ABŞ və Rusiyaya məxsusdur. Beləliklə, bu prosesdən əsasən böyük güclər yararlansalar da, bəzi orta və kiçik dövlətlər də var ki kosmosa hərbi əhəmiyyətli peyklərini də buraxıblar. Azərbaycana gəldikdə, ölkəmiz işğal faktoru aradan qalxmadığından özünün hərbi gücünü daim artırmaq və gücləndirmək məcburiyyətindədir. Bunun nəticəsidir ki, ildən-ilə hərbi xərclər artır. Azərbaycan hətta özünün hərbi silah və sursatlarını da istehsal etməyə başlayıb. Ölkəmizin büdcəsi Azərbaycana bu sahədə daha da irəli getməyə imkan verir. Eyni zamanda, nə qədər ki, Ermənistanın işğal faktoru aradan qalxmayıb, Azərbaycan kosmosa hərbi peyklər də çıxara bilər. Buna onun imkanı çatır. Həm də işğal amili aradan qalxmayınca, təhlükəsizlik baxımından belə bir peykə sahib olmağımız da olduqca vacibdir.

Hərbçi ekspert Üzeyir Cəfərov bu qənaətdədir ki, perspektivdə Azərbaycan hərbi süni peyklərini orbitə çıxara bilər: "Bu, hər bir ölkənin sırf səlahiyyəti çərçivəsində olan məsələdir. Ona görə düşünürəm ki, perspektivdə kosmosa göndərilə biləcək hərbi süni peyk Azərbaycanın hərbi müdafiəsi istiqamətindəki maraqlarını da təmin edəcək. Ümumiyyətlə, bu işin reallaşması Azərbaycan üçün böyük bir addım olacaq.

Gələn ay buraxılacaq ölkəmizə məxsus ilk süni peyk isə həm iqtisadi cəhətdən, həm də faydalı iş əmsalı nöqteyi-nəzərindən qoyulacaq vəsaitini qısa zamanda qaytaracaq. Onun fevralda buraxlılması planlaşdırılır. Kosmosa buraxılan peyklər təkcə müşahidə xarakterli olmur. Onlar həm də hər bir ölkə üçün müəyyən bir konkret vəzifəni daşıyır. Yaponiya kimi texniki cəhətdən inkişaf etmiş bir dövlət kosmosa dördüncü müşahidə kəşfiyyat peykini buraxıb. Yəni bu peyk sırf kəşfiyyat xarakterli hərbi peykdir.

Azərbaycanın buraxacağı peyk sırf Azərbaycanın milli maraqlarına hesablanmış peykdir və onun idarəedilməsi də sırf Azərbaycanın maraqları çərçivəsində olacaq. Hesab edirəm ki, fevralda buraxılacaq peykin imkanlarından Azərbaycan həm də özünün müdafiəsinin təşkil edilməsi istiqamətində də yararlana bilər".

Digər hərbçi ekspert Emin Həsənli belə bir addımın gələcəkdə həyata keçirilməsini mümkün saydı: "Gələcəkdə hərbi peykin buraxılması məsələsinə ölkəmizdə də baxıla bilər. Hardasa 5-10 il öncə Azərbaycanın özünün süni peykini buraxması məsələsi müzakirə olunsaydı, bu, o qədər də real görünməzdi. Azərbaycanın hazırda geniş büdcəsinin olması, iqtisadi potensialının genişlənməsi, xarici əlaqələrinin, xaricdəki nüfuzunun artması hökumətin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Ona əsasən də zənn edirəm ki, gələcəkdə ölkəmizin hərbi peykinin buraxılması məsələsinə də baxıla bilər. Azərbaycan ordusu gücləndikcə təbii ki, onun hərbi potensialı da güclənir. Azərbaycanın milli maraqları da təhlükəsizlik konsepsiyasının daim inkişafını nəzərdə tutur. Bu məsələyə ölkəmizin imkanları genişləndikcə baxmaq olar. Azərbaycanın maraqları naminə bu məsələ gələcəkdə nəzərə alına bilər".
Sizin Reklam Yeriniz