Əlaqə Arxiv
news Image
2013.01.29
07:11
| A A A
Əcnəbilərlə artan nigah hansı təhdidlər yaradır?
Musa Quliyev: "Başqa millətdən olan nümayəndələrlə Azərbaycan vətəndaşlarının ailə qurmasının ölkəmizin genefonduna elə də ciddi təsiri olmayacaq" Mehriban Zeynalova: "Bunun kökündə iqtisadi məsələlər, müəyyən milli ənənələrin itirilməsi, başqa ölkələrdə yaşayıb oradakı hər şeyi ideal görmək arzusu dayanır"

Əlövsət Əliyev: "Tarixdən görünür ki, insanlar sağlam uşaqlarındünyaya gəlməsi üçün daha çox qarışıq nigahlara meylli olur"

Son illərin statistikası göstərir ki, azərbaycanlı gənclərin əcnəbilərlə ailə qurması faktları azalmaq əvəzinə artır. Həm azərbaycanlı oğlanlar əcnəbi qızlarla, həm də əksinə olan hallarda bu tendensiya genişlənir. Bəzi mütəxəssislərə görə əcnəbilə ailə qurduqda doğulan uşaqlar daha çox intellektual olmaları ilə seçilirlər. Lakin belə halın istər-istəməz ölkəmizdəki demoqrafik proseslərə də müəyyən təsirləri ola bilər. Həmin təsirlərin nədən ibarət ola biləcəyini ekspertlərdən öyrəndik.

Millət vəkili Musa Quliyevin fikrincə, hazırkı vəziyyətdə bu halın ölkəmizdə demoqrafik proseslərə hər hansı təhlükəsi gözlənilmir: "Əcnəbi insanlarla Azərbaycan vətəndaşlarının ailə qurması çox cüzi faiz təşkil edir. Azərbaycan dünyanın bir hissəsidir. Dünyada gedən inteqrasiya prosesləri ölkəmizə də öz təsirini göstərir. Ona görə də azərbaycanlıların da müxtəlif millətlərdən olan insanlarla ailə qurması faktları vardır. Amma bununla belə bizim millətin milli-mənəvi köklərə bağlılığı mövcuddur. Ölkəmizdə ailə institutu kifayət qədər möhkəmdir. Ona görə də düşünürəm ki, başqa millətlərdən olan nümayəndələrlə Azərbaycan vətəndaşlarının ailə qurmasının Azərbaycanın genefonduna elə də ciddi təsiri olmayacaq. Amma belə demoqrafik proseslər bu şəkildə davam edərsə, yəni hər il doğulan oğlanların sayı qızların sayından 28 min nəfərə qədər çox olarsa, 20-25 ildən sonra müəyyən problemlər yarana bilər. Bu da oğlanlarımızın qızlarla müqayisədə daha çox əcnəbi qızlarla evlənmələrinə gətirib çıxara bilər. İndilikdə isə bu istiqamətdə hər hansı bir qorxu yoxdur. Azərbaycanlılar başqa millətlərlə evlənməyə ümumən elə də diqqət vermirlər. Əcnəbilərlə evlənənlər də əsasən Türkiyədən olan insanlar və Cənubi Azərbaycanlı soydaşlarımızla ailə qururlar".

"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova isə bu qənqaətdədir ki, əcnəbilərlə ailə qurmaq hallarının artması gələcəkdə daha çox qüsurlu uşaqların dünyaya gəlməsinə təkan verə bilər: "Əcnəbi vətəndaşlarla soydaşlarımızın ailə qurması hallarının artması ilk növbədə millətlərin qarışmasına gətirib çıxarar. Bu isə dünyada gedən proseslərin bir tərkib hissəsidir. Sovet dönəmində bu məsələ beynəlmiləlləşdirilmişdi. Amma sonda bunun daha böyük faciələrə gətirdiyini gördük. Bir vaxtlar deyirdiər ki, əcnəbilərlə evlənəndə onlardan dünyaya gələn uşaqlar çox ağıllı olması ilə seçilirlər. Bu yaxınlarda isə xaricdə keçirilən tədqiqat işilə bəlli oldu ki, əslində, əcnəbilərlə evlənən ailədə doğulan uşağın sonrakı taleyi böyük təhlükələrlə üz-üzədir. Onlardan anadan olan uşaqların birinci nəsli ağıllı olsa da, ikinci nəsildə müxtəlif millətlərin birləşməsi ciddi qüsurlu, əlil, şikəst, ağıldan kəm uşaqların dünyaya gəlməsinə rəvac verir. Bu tədqiqatlarla bağlı isə təəssüf ki, ölkəmizdə maarifləndirmə işləri aparılmır. İnsanlar ona görə də elə bilir ki, əcnəbilərlə evlənməyin müsbət tərəfləri var. İkinci halda əcnəbilərlə evlənmək ölkədə insanların evlilik məsələsində anlaşılmazlığından irəli gəlir. Bunun da kökündə iqtisadi məsələlər dayanır. Həmçinin zorakılıq, müəyyən milli ənənələrin itirilməsi, ailələrin müdaxilələri, başqa ölkələrdə yaşayıb oradakı hər şeyi ideal görmək arzusu dayanır".

Hüqüqşünas Əlövsət Əliyev isə düşünür ki, əcnəbilərlə ailə qurmağın faizinin artması ölkənin genefonduna heç bir halda mənfi təsir göstərməyəcək: "Bəzən ölkəmizin gəncləri əcnəbilərlə ailə qurmağı üstün bir hal kimi qiymətləndirirlər. Məsələn, əcnəbilə ailə quran bəzi qızlarımız özlərini azərbaycanlı ilə ailə qurana nisbətən bir qarış üstün mövqedə hesab edir. Amma bütün hallarda hesab etmirəm ki, əcnəbilərlə ailə quranların sayının artmasının Azərbaycanın genefonduna hər hansı bir mənfi təsiri olsun. Onsuz da bütün hallarda milli mentalitet baxımından əksər ailələrimiz öz vətəndaşları ilə evlənməyə üstünlük verir. Hətta tarixdən görünür ki, insanlar sağlam uşaqların dünyaya gəlməsi üçün daha çox qarışıq nigahlara meylli olur. Bu da qarışıq nigahlardan doğulan uşaqların sözün həqiqi mənasında doğrudan da fiziki mənada sağlam olmalarından qaynaqlanır. Belə hallar genefonda müəyyən təsir göstərsə də, tolerantlığın yaranmasında ciddi önəm daşıyır. Əcnəbilərlə ailə qurmağa üstünlük vermə halı bu sürətlə davam edərsə, rəsmi hesablamalara görə təxminən 250 ildən sonra dünyada millətlər olmayacaq".
Sizin Reklam Yeriniz