Əlaqə Arxiv
news Image
2013.01.30
07:36
| A A A
Azərbaycan zirehli texnika parkını gücləndirir
Bu, Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəviyə keçəcəyi təqdirdə ordumuza böyük üstünlüklər vəd edir

Ərazilərinin bir hissəsi hələ də işğal latında olan Azərbaycan Silahlı Qüvvələrinin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü addımlar atmaqdadır. Bu kontekstdə xüsusi diqqət yetirilən məqamlardan biri də zirehli texnika parkının mütəmadi olaraq yenilənməsi və müasirləşdirilməsidir. O da təqdirəlayiq haldır ki, qeyd edilən məqsədlə Azərbaycan təkcə xaricdən hərbi texnika almır, eyni zamanda özü də onun istehsalını həyata keçirir.

Bu sahədə görülən işlərin miqyasının genişlənməsi üçün isə müvafiq addımlar atılır. Məsələn, məlumdur ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi CAR-ın "Paramount Group" şirkəti ilə "Mbombe" tipli piyadaların döyüş maşınının birgə istehsalına dair danışıqlar aparır. Bununla bağlı müvafiq qərarın cari ildə qəbulu gözlənilir.

Xatırladaq ki, "Paramount Group" şirkətinin iştirakı ilə Bakıda Matador və Marauder tipli nəqliyyat vasitələrinin istehsalı davam edir. Boş halda çəkisi 16 ton, döyüş çəkisi 27 ton təşkil edən "Mbombe" 11 heyəti daşıyır. Maksimal sürəti 100 km/saat, bir dəfəyə hərəkət diapazonu 700 km olan "Mbombe" 70 dərəcə bucaq altında yüksəkliyə dırmana bilir. Bundan başqa, döyüş maşınının salonu iqlim idarə etmə sistemi və kondisionerlə də təchiz edilib. 6x6 təkər formuluna malik "Mbombe" gücləndirilmiş mina əleyhinə müdafiəsinə malikdir. Maşının ballistik və artilleriya mərmilərinə qarşı müdafiəsi STANAG Level IV tələbləriən cavab verir. "Mbombe"nin gücləndirilmiş zirehi heyətin ətrafda 155 mm-lik artilleriya mərmisinin partlayışından, həmçinin 14.5 mm-lik B-32 güllələrindən, 200 metr məsafədə KPVT pulemyotundan açılan atəşdən müdafiəsini təmin edir. Ənənəvi V şassili MRAP-lardan fərqli olaraq düz gövdəyə malik olan "Mbombe"nin döşəməsindəki zirehin gücləndirilməsi sayəsində maşın alt hissəsində və ya təkərin altında tank əleyhinə mina partlayışına və ya 10 kq TNT partlayışına tab gətirir. "Mbombe"nin ən böyük avantajlarından biri də onun əldə qayırma partlayıcılara (İED) qarşı yüksək müdafiə təmin etməsidir. Testlər zamanı döyüş maşını 5 metr məsafədə 50 kq TNT partlayışına dözümlülüyünü sübuta yetirib.

Mütəxəssislərinin fikrincə, "Mbombe"nin istehsalı və Azərbaycan Silahlı Qüvvələrində silahlanmaya qəbulu BTR və BMP tipli keçmiş sovet, müasir Rusiya və Ukrayna istehsalı olan döyüş maşınları ilə vidalaşma mərhələsinin başlanğıcını qoyacaq. Yeri gəlmişkən xatırladaq ki, son məlumatlara görə, Azərbaycan Silahlı Qüvvələrinin texnika parkına daxil olan zirehli nəqliyyat vasitələrinin əhəmiyyətli hissəsi 2020-ci ilədək yenilənəcək. Yenilənmənin əsasən yerli istehsal və digər ölkələrdən (qeyri-postsovet) alınmalar hesabına həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələdə Zirehli Kəşfiyyat Desant Maşını (BRDM), habelə ordunun silahlanmasında yer alan ZTR-60 və ZTR-70 tipli zirehli transportyorlar müasir və qoruma səviyyəsi yüksək olan texnikalarla əvəzlənəcək.

Artıq seçimin birinci mərhələsində Türkiyə istehsalı olan "Cobra" tipli zirehli nəqliyyat vasitələrinə önəm verilib. Bu nəqliyyat vasitələri Azərbaycan mühitində sınaqlar zamanı minaya qarşı qoruması, manevrliliyi baxımından özünü doğruldub.

Bununla yanaşı, Azərbaycan tərəfi Türkiyə firmalarının istehsalı olan "Arma", "Pars" və "Əjdər" tipli zirehli maşınlara da marağını ifadə edib. O da məlumdur ki, ötən əsrin sonlarınadək Azərbaycanın tank parkı T-55, T-60 və T-64 modellərindən ibarət idisə, hazırda Azərbaycanın tank arsenalına, əsasən T-72 və T-90 modelləri daxildir. Hərbi ekspert qeyd edib ki, Azərbaycanın tank arsenalında bu gün modernləşdirilmiş, müasir tank döyüşünün bütün tələblərinə cavab verən T-72M tankları əksəriyyət təşkil edir. Qeyd edək ki, Azərbaycana keçmiş sovet ordusundan qalan T-72 tanklarının atış-kontrol sistemlərinin modernləşdirilməsi zamanı tanklar döyüş meydanını idarə etmək və araşdırmaq imkanı verən texnologiyalar, qlobal naviqasiya sistemi (GPS), məxfi xəbərləşməni təmin etmək məqsədi ilə qısa mesaj xidmətilə təchiz olunur. Bu naviqasiya sistemləri istənilən hava şəraitində işləyə bilir. Tankda, həmçinin, topçu üçün uzaq məsafədən, istənilən şəraitdə, hətta qaranlıqda belə hədəfi təyin etmək çün xüsusi termomüşahidə qurğusu qurulur. Yeni atış-kontrol sistemləri maşınla hədəf arasındakı məsafəni hesablamağa, həmçinin, hədəfin müəyyən edilməsinə imkan verir.

Bununla yanaşı, ölkəmiz yeni tankların alışına da üstünlük verir. Məsələn, məlumdur ki, Azərbaycan Ukraynadan yeni nəsil "Oplot M" tanklarının alınması istiqamətində fəaliyyət göstərir. Ukrayna istehsalı olan "Oplot-M" tanklarının alınması ordumuzun üstünlüyünü daha da artıracaq. Çünki qiymətləndirmələrə görə, "Oplot-M" tankları Rusiyanın son istehsalı olan T-90 tanklarından bir çox parametrlərə görə üstündür. Ukrayna mənbələri ilk dəfə 2008-ci ildə Xarkovda təqdimatı keçirilən bu tankların əsas texniki göstəricilərini açıqlamayıb. Ancaq məlum olub ki, tankın zireh sistemi T-90 tanklarının zireh sistemindən xeyli güclüdür. Tank yan tərəflərdən də əlavə müdafiə sisteminə malikdir ki, bu göstəricilər üzrə də Qərb və Rusiya istehsalı olan bütün tankları qabaqlayır. Bütün bunlar isə Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəviyə keçəcəyi təqdirdə ordumuza böyük üstünlüklər vəd edir.
Sizin Reklam Yeriniz