Əlaqə Arxiv
news Image
2013.01.30
07:59
| A A A
Aldanmış payçılar problemi hələ də tam çözümünü tapmır
Rövşən Talıbzadə: "Yaxşı olardı ki, ümumi standart müqavilə forması tərtib olunsun və bütün şirkətlər məhz bu formanı tətbiq etsinlər" Vüqar Bayramov: "Qanunvericiliyə dəyişiklik edilməlidir"

Azərbaycanda yeni tikilən binalarda bir mənzilin bir neçə payçıya satılması ilə yaranan problem hələ də öz həllini tam şəkildə tapmayıb. Ölkədə hazırda mənzil məsələlərilə bağlı 6 mindən çox aldanmış payçılar var. Hansı ki, onların aldıdılmasında 14 tikinti şirkəti iştirak edib. Dövlətin köməyi sayəsində bir qisim aldanmış payçının problemi öz həllini tapıb. Amma yenə də xeyli sayda payçı aldanmış vəziyyətdə qalmaqdadır.

Bu səbəbdən də problemin həlli üçün bəzi ekspertlər düşünür ki, dövlət səviyyəsində digər şirkətlərə də güzəştli kreditlər ayrılmalıdır. Digər tərəfdən, anoloji vəziyyətlə üzləşən qonşu ölkələrin problemdən çıxış yollarına da nəzər yetirmək lazımdır. Məsələn, Rusiya gələn ildən başlayaraq, aldanmış payçıların sığortalanmasını həyata keçirəcək.

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin eksperti Rövşən Talıbzadə problemin həllini sahibkarlara güzəştli kreditlərin ayrılmasında görür: "Vaxtilə payçıları aldadan "Şərur MTK" və bir neçə digər şirkət problemi həll edəcəklərini üzərinə götürərək vətəndaşların sahibkarlarla dil tapmasına nail oldular. Yəni bəzi şirkətlərlə aldanmış payçılar arasındakı münasibətlər dövlətin iştirakı olmadan prosesdə iştirak edən iki tərəf arasında həll olundu. Digər tərəfdən, məsələ ondadır ki, problemi yaşayandan sonra onun həllinə çalışmaqdansa, yaxşı olardı ki, ümumiyyətlə, problemin yaranmamasına şərait yaradılardı. Bunun üçünsə ilk növbədə vətəndaşları yeni tikilən binalarla bağlı bağlanılan müqavilələrdə diqqətli olmağa çağırırıq. Bağlanılan müqavilələrdə bütün detallar göstərilməlidir. Daha yaxşı olardı ki, ümumi standart müqavilə forması tərtib olunsun və bütün şirkətlər məhz bu formanı tətbiq etsinlər. Bu müqavilədə isə binaların tikilib başa çatdırılması vaxtından tutmuş, orada tarixinə kimi hansı xidmətlərin olacağı öz əksini tapmalıdır. Belədə vətəndaşlar artıq müqavilə imzalananda öz hüquqlarını biləcək. Bunun təminatçısı kimi isə dövlət tərəfindən prosesə nəzarət olunmalıdır. Türkiyə və Rusiyada sözügedən prosesə birbaşa nəzarət edən qurum mövcuddur. Tikinti başa çatıb yiyəsinə təhvil verilənə qədər məsuliyyət həmin qurumun üzərində olur. Azərbaycanda isə təəssüf ki, problemli binalar məsələsi daha aktualdır. Düzdür, problemli bina məsələsi Fövqəladə Hallar Nazirliyi yaranana qədər tikilən binalarla bağlıdır. Vaxtilə nəzərdə 14 mərtəbəli binanın tikintisi nəzərdə tutulsa da, 16 mərtəbəli bina tikilib. Həmçinin tikilən binanın texniki şərtlərində müəyyən problemlər yarandığından bəziləri sonradan təhvil götürülməyib. Hazırda tikilən binalarla bağlı isə sözügedən problemlər öncədən çözülməyə çalışılır. Ona görə də 2003-cü ildə olduğu kimi indi hər bir yerindən duran tikinti işlərinə girişmir. Artıq bu sahədə ixtisaslaşmış qruplar məşğul olur. Bir mənzilin bir neçə nəfərə satılması tendensiyası da müqavilələrin konkret olaraq bağlanmaması ilə bağlıdır. Aldanmış payçıların cüzi hissəsinin problemləri həllini tapıb. Əksər hissəsinə gəldikdə, onların probleminin həlli yolu qanunvericiliklə məhkəmə qaydasında həll oluna bilər. Yaxşı olardı çıxış yolu olaraq problemli binalarla bağlı güzəştli şəkildə sahibkarlara kredit ayrılsın, onlara dövlət dəstəyi olsun ki, onlar da aldanmış payçılarla əlaqədər yaranmış neqativ halları aradan qaldırsınlar".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov aldanmış payçıların hüquqlarının qorunması istiqamətində əsas addımı qanunvericilikdə dəyişiklik edilməsində görür: "Azərbaycanda payçıların aldadılması təəssüf ki, geniş şəkildə müşahidə edilən problemlərdən biridir. Praktik olaraq son zamanlar yeni inşa edilən binalarda payçıların aldadılması hallarına rast gəlinir. Bir mənzilin bir neçə adama satılması tendensiyası yayılıb. Bu işə gedən şirkətlər həmin hərəkətlə payçıların hüquqlarını pozub. Problemlərdən biri də odur ki, bəzi hallarda bir mənzil bir neçə adama satılsa, sonradan məlum olur ki, binanın özülü qoyulsa da, onun inşası baş verməyib. Bu baxımdan əksər hallarda payçıların hüquqlarını qorumaq mümkün olmur. Azərbaycanda bina tikintisilə məşğul olan şirkətlərin böyük qisminin məhdud məsuliyyətli cəmiyyətlər olduğundan belədə payçıya dəyən ziyanı hətta qanunvericiliklə belə ödəmək mümkün olmur. O baxımdan qanunvericiliyə dəyişiklik edilməlidir. Rusiyada olduğu kimi məhdud məsuliyyətli cəmiyyətlərə çoxmərtəbəli binaların tikintisinə icazə verilməməlidir. İnşaatla məşğul olan şirkətlərin konkret hüquqi statusu müəyyənləşməlidir. Həmçinin, Rusiyada olduğu kimi payçıların sığortalanması sistemi də tətbiq olunmalıdır. Payçıların sığortalanması imkan verəcək ki, ona dəymiş ziyanı sığorta şirkəti olan üçüncü tərəf qarşılaya bilsin. Bütün hallarda bu istiqamətdə qanunvericiliyə dəyişiklik edilməsi, inşaatla məşğul olan şirkətlərin konkret statusunun müəyyənləşməsi və nəzarət mexanizminin gücləndirilməsinə ehtiyac var".
Sizin Reklam Yeriniz