Əlaqə Arxiv
news Image
2013.02.02
07:41
| A A A
Bakı və Moskva bu dəfə Ukraynada "toqquşur"
Həm Rusiya, həm də Ukrayna Azərbaycan qazından asılı vəziyyətə düşürlər

Məlumat verildiyi kimi Rusiyanın "Qazprom" dövlət şirkəti Ukraynanın "Naftoqaz" kompaniyasına qarşı 7 milyard dollara yaxın iddia qaldırıb. Rusiya tərəfi bildirir ki, Ukrayna şirkəti 2012-ci ildə aldığı təbii qazın pulunu ödəməyib.

"Naftoqaz" təmsilçisi bildirib ki, ötən ilin pulunu bütövlükdə ödəyiblər, eləcə də Rusiyadan idxal edəcəkləri "mavi yanacağın" həcmini azaldacaqları barədə onlara xəbər veriblər. Ukrayna Energetika və Daş kömür Sənayesi Nazirliyinin göstəricilərinə əsasən, 2012-ci ildə onlar Rusiyadan 32, 9 milyard kub metr qaz idxal ediblər. Bu isə 2011-ci ildəkindən 26, 5 faiz azdır. Ancaq 2009-cu ildə "Qazprom"la "Naftoqaz" arasında imzalanmış müqaviləyə əsasən, Ukrayna şirkəti hər il Rusiyadan azı 33,3 milyard kub metr qaz idxal etməlidir.

İndi gözlənir ki, Rusiya Ukraynaya gedən qazı kəssin və bununla sözügedən ölkəni enerji təzyiqi altında saxlasın. Hadisələrin bu səpkidə inkişafı Avropanı da narahat edir. Ukrayna isə əsas ümidini Azərbaycana bağlayıb. Düzdür, Ukrayna Qara dəniz şelfində qaz hasilatını artırmaq və əcnəbi tərəfdaşların köməyilə təbii qaz sənayesini inkişaf etdirmək niyyətindədir. Bu isə Rusiyadan alınan yanacağın əhəmiyyətli dərəcədə azalacağı deməkdir. Eyni zamanda, "Naftoqaz"a nəzarət edən Ukrayna hökuməti enerjiyə qənaət, alternativ energetika və Ukraynada hasil olunan kömür hesabına Rusiya qazının istifadəsini azaltmaqla bağlı proqramı gerçəkləşdirməyi düşünür. Lakin hazırda əsas ümid yeri Azərbaycandır.

Xatırladaq ki, Kiyev Azərbaycandan ilkin dövr üçün 5 milyard kubmetr təbii qaz almağı düşünür. Aydındır ki, Azərbaycanın Ukrayna ilə qaz sövdələşməsi Rusiyanın Kiyev planlarını poza bilər. Məsələ burasındadır ki, Moskva Ukraynanın qaz sistemini ələ keçirməyə çalışır. Ukrayna bildirir ki, ölkə Rusiya qazı üçün güzəştli qiymətlər yox, normal razılaşmalar əldə etmək niyyətindədir. Rusiyanı isə maraqlandıran əsas məqamlardan biri Ukraynanın "Naftoqaz" şirkətini qaz təzyiqi vasitəsi ilə ələ keçirməkdir. Xatırladaq ki, iki il əvvəl Ukrayna və Azərbaycan "Odessa-Brodı" boru kəməri ilə maye qaz və 4 milyon ton neft ixracı ilə bağlı memorandum imzalayıb. Rəsmi Kiyev Azərbaycan qazının Qara dənizdən Rumıniya və Bolqarıstana nəqli layihəsinə qoşularaq, ildə 10 milyard kubmetrə qədər qaz ala biləcəyini bildirib. Bu məqsədlə Ukraynada maye qaz terminalı tikiləcək. İlkin mərhələdə Ukrayna 5 milyard kubmetr qaz alacaq, sonradan mavi yanacağın həcmi 10 milyard kubmetrə çatdırılacaq. İndi Rusiyanı qorxudan odur ki, Ukrayna Azərbaycandan qaz aldıqdan sonra Kiyev Moskvanın iqtisadi təzyiqlərindən xilas olsun. Elə bu səbəbdən Moskvanın bu istiqamətdə Azərbaycana yönəlik fəal siyasətə start verəcəyi gözlənir. Lakin Ukrayna da boş dayanmayaraq, Azərbaycanla enerji sfearsında əməkdaşlığını genişləndirməyə xüsusi diqqət yetirir.

Xatırladaq ki, bu məsələdə Avropa tərəfindən Ukraynaya böyük dəstək verilir. Lakin Rusiya, əvvəlki kimi, Azərbaycandan mümkün qədər çox təbii qaz almağa çalışır. Bununla bağlı Moskvanın ölkəmizlə qaz danışıqlarına yenidən qayıdacağı da istisna olunmur. Kremlin əsas istəklərindən biri Azərbaycanın Gürcüstan kimi Ukraynanı da Kremlin qaz təzyiqlərindən xilas etməməsidir. Xatırladaq ki, Gürcüstan məhz Azərbaycanın hesabına Rusiyanın qaz təzyiqlərinə davam gətirir. Ukranya ilə bağlı eyni vəziyyət isə Rusiya ilə Azərbaycanı üz-üzə qoya bilər. Digər tərəfdən Moskva Azərbaycan qazının Ukraynaya yox, məhz Rusiyaya axmasını istəyir. Məsələ burasındadır ki, əvvəlki kimi, Rusiyanın "Cənub axını" layihəsini işə salması üçün Azərbaycan qazına ehtiyacı var. Rusiyalı iqtisadçılar bildirir ki, Azərbaycan qazı olmasa, 16 milyard avro dəyəri olan layihənin heç bir iqtisadi səmərəsi olmayacaq. Ümumiyyətlə, Rusiyada hesab edirlər ki, Avropaya qaz ixracını nəzərdə tutan "Cənub axını" və "Şimal axını" borularını doldurmaq üçün əlavə qaz lazımdır. Ötən ilin nəticələrinə əsasən, Rusiya təqribən 140 milyard kubmetr qaz ixrac edib. Hər 2 axını doldurmaq üçün isə təxminən 300 milyard kubmetr qaz tələb olunur. İqtisadçı ekspert Sergey Javoronkov deyir ki, Azərbaycan qazı olmadan layihənin Arvopanı qazla təmin etməsi çətin olacaq: "Məsələ burasındadır ki, Azərbaycan indi bizə tranzit üçün qaz verir. Amma bunu Türkiyədən də ötürmək imkanı var. Moskva ilə Bakı arasında münasibətlər gərginləşsə, biz Azərbaycan qazını görə bilməyəcəyik. Bu isə o deməkdir ki, 16 milyard avro havaya sovrulacaq".

Bel əşəraitdə Azərbaycan qazının Rusiyaya yox, Ukraynaya axması Moskvanın Azərbaycana qarşı daha sərt mövqe tutması ilə nəticələnəcək. Azərbaycan isə hələlik bu sahədə mövqeyni dəqiq ifadə etməyib.
Sizin Reklam Yeriniz