Əlaqə Arxiv
news Image
2013.02.07
07:28
| A A A
İnternet bankçılığı inkişafdan geri qalır
Vüqar Bayramov: "Azərbaycanın internet bankçılıq xidməti sahəsində geri qalması ilkin olaraq bankların yeni texnologiya və innovasiyaların tətbiqi sahəsində geriləmələrilə bağlıdır" Nazim Məmmədov: "Azərbaycanda bu prosesi ləngidən məqamlardan başlıcası nağdsiz ödənişlərin az olmasıdır"

Artıq Avropa ölkələri, eləcə də qonşu Rusiyada internet bankçılıq sahəsi xeyli inkişaf edib. Azərbaycanda isə bu sahə hələ də yerində saymaqdadır. Qeyd edək ki, internet və mobil bankçılıq xidmətlərinin bir sıra üstünlüyü vardır. Birinci növbədə bu proses vaxta qənaət etməklə ümumi xərclərin azaldılmasına imkan verir.

İkinci bir tərəfdən internet bankçılığı ölkədə və ölkədənkənar istənilən yerdə internetə daxil olaraq sistemlə sərbəst interfeysin yaradılması imkanı verir. Bu prosesdə xidmətdən istifadə əlverişlidir. Belə ki, vətəndaş həmin xidmətlərdən yararlanaraq fiziki olaraq banka getmək stresindən, növbə gözləmək və sair bürokratik əngəllərdən uzaqlaşır.

Vətəndaş internet bankçılıq xidmətindən yararlanmaqla hesab üzrə balansın yoxlanılmasına, digər kart hesabına pul vəsaitinin köçürülməsinə, kommunal xidmətlər üzrə ödənişlərin həyata keçirilməsinə, həyata keçirilən əməliyyatlar haqqında çıxarışın əldə edilməsinə, sığorta xidməti və mobil telefon operatorları üzrə ödənişlərin aparılmasına nail ola bilər.

Onu da qeyd edək ki, internet bankçılığı xidmətindən istifdə zamanı da şəxsi identifikasiya, habelə bank hesabı və ya ödəniş kartı ilə bağlı məlumatların təhlükəsizliyinin təmin edilməsi həyata keçirilməlidir. Bu məqsədlə internet bankçılığı ilə bağlı əməliyyatlar da şəxsi kompüter vasitəsilə həyata keçirilməlidir. Sözügedən əməliyyatlar digər kompüter vasitəsilə həyata keçirildikdə isə, əməliyyat başa çatdıqdan sonra şəxsi identifikasiya məlumatları, bank hesabı və ya ödəniş kartı ilə bağlı məlumatların yaddaşda saxlanılmaması təmin edilməlidir. Bütün bunlar onu göstərir ki, internet bankçılığı vətəndaşların bu sahədəki fəaliyyətini əhəmiyyətli dərəcədə yüngülləşdirə bilər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, ölkəmizdə internet bankçılığın inkişaf etməməsi banklar, müştərilər və bu sahədə institusional sistemin zəif olmasından irəli gəlir: "Azərbaycan bankları yeni texnologiyaların, eləcə də internet bankçılığın tətbiqi baxımından digər inkişaf etmiş ölkələrlə müqayisədə orta hesabla 5 il geri qalır. Amerikada banklarda hesabı olan müştərilərə bankın öz saytında xüsusi kabinetin verilməsi prosesinə 2000-ci ildən başlanılıb. Özü də burada şəxsin internet kabinetə daxil olaraq əməliyyat aparması prosesi pulsuzdur. Azərbaycanda isə internet bankçılıq prosesi 2010-cu ildən sonra tətbiq olunmağa başlınılıb. Eyni zamanda, Azərbaycanda internet bankçılıqda əməliyyat aparmaq ödənişlidir. Kredit kartlarının kodları da beynəlxalq standartlara uyğun deyil. Azərbaycan hələ də keçmiş standartlar əsasında kredit kartları tətbiq edir. Bunlar isə onu göstərir ki, Azərbaycan banklarında innovativ və internet bankçılığının tətbiqi baxımından xeyli geriləmələr var. İnkişaf etmiş ölkələr isə hazırda internet bankçılıqdan, daha çox mobil bankçılığa keçir. Bu da onunla bağlıdır ki, artıq fiziki və institusional mənada mobil telefonlar praktik olaraq bankları əvəz etməkdədir. Azərbaycanın isə internet bankçılıq xidməti sahəsində geri qalması ilkin olaraq onunla bağlıdır ki, ölkəmizdə bankların yeni texnologiya və innovasiyaların tətbiqi sahəsində yubanmalar var. Bu isə Azərbaycan banklarının aktivlərinin zəif olması və bank sistemində rəqabətin aşağı səviyyədə olması ilə əlaqədardır. Sözügedən sahədə geri qalmağımızın ikinci səbəbi isə odur ki, ölkəmizdə bank müştəriləri internet imzadan, elektron ödənişdən az yararlanırlar. Bunun özü də internet bankçılığa daha az diqqətin ayrılması və daha az investisiya yönəldilməsinə gətirib çıxarır. Banklar müştərilərin internet bankçılıqdan az istifadə etməsi səbəbindən həmin sahəyə ciddi tələbatın olduğunu düşünmürlər. İnternet bankçılıq sisteminin zəif olmasının üçüncü səbəbi isə institusional məqamlarla bağlıdır. Azərbaycanda internet bankçılığın inkişafına imkan verəcək təhlükəsizlik sistemləri tam olaraq qurulmayıb. İnternet bankçılığı ilə bağlı risq pul əməliyyatları ilə bağlıdır. Ona görə də internet bankçılığında təhlükəsizlik qaydaları ciddi olmalıdır. Müştəri əmin olmalıdır ki, internet bankçılığından istifadə edən zaman onun internet hesabından hər hansı vəsait üçüncü şəxs tərəfindən götürülmür".

İqtisadçı ekspert Nazim Məmmədov isə internet bankçılığın inkişaf etməməsini nağdsız ödənişlərin zəif olmasında axtarmağı lazım bildi: "Deməzdim ki, ölkəmizdə internet bankçılığı yoxdur. Elektron imzanın qəbul olunması ilə bu işlər daha da asanlaşıb. Bunun özü də bu və ya digər formada internet bankçılığını sürətləndirən amillərdəndir. İnternet bankçılığında vətəndaşın hər hansı bir hesabında əməliyyat etməsi üçün onun banka getməsinə ehtiyac yoxdur. İnternet bankçılığı ayrı-ayrı banklarda bir neçə il öncə tətbiq olunub. Hətta indi də bəzi prosedurların internet vasitəsilə həyata keçirilməsi mümkündür. Azərbaycanda bu prosesi ləngidən məqamlardan başlıcası nağdsız ödənişlərin az olmasıdır. Əslində internet bankçılığı nağdsız ödənişin güclü olduğu ölkələrdə baş verir. Azərbaycanda isə nağdsız ödəniş sistemi zəif inkişaf edib. Pos-terminalların sayı da kifayət qədər deyil. Bu fonda vətəndaşlar internet bankçılığına elə də eniş önəm vermir".
Sizin Reklam Yeriniz