Əlaqə Arxiv
news Image
2020.08.18
08:23
| A A A
İqlim dəyişikliyi Azərbaycana daha ciddi təsir göstərməyə başlayıb
Fikrət Cəfərov: “Həmin təsirlərin nəticəsidir ki, son məlumatlara görə, yarım milyon hektara yaxın torpaq sahəsi şoranlaşmaya doğru gedir” Müslüm Qurbanov: “Tarazlığın pozulması fonunda fəsillərə uyğun gəlməyən qeyri-adi hadisələr baş verir”


Dünyada olduğu kimi, Azərbaycanda da yaz, yay, payız və qış fəsilləri sanki bir-birinin yerini dəyişib. Belə ki, hazırda yayın qızmar çağı olmasına baxmayaraq, son günlər temperatur xeyli dərəcədə aşağı düşüb. Anoloji vəziyyət qış aylarında da özünü göstərir. Belə ki, bir neçə ildir dalbadal qışda  havaların nisbətən mülayim, isti keçməsinin şahidi oluruq. Bütün bunlar onu deməyə əsas verir ki, fəsillər arasında sanki yay, yaz və payız fərqi yoxa çıxır. Bu fonda demək olarmı ki,  iqlim dəyişikliyi Azərbaycana daha ciddi təsir etməyə başlayıb?
Müstəqil ekoloq Fikrət Cəfərov bildirdi ki, ümumiyyətlə, son dövrlər baş verən iqlim dəyişikliyi tək Azərbaycana deyil, bütün dünyaya ciddi təsir göstərməyə başlayıb: «Elə həftə olmur ki, yay aylarının olmasına baxmayaraq, hansısa ölkələrdə güclü leysan yağışı yağmasın. Hər iki həftədən bir tayfunlar qalxır. Bu hal bütün dünyaya təsir etdiyi kimi, sözsüz ki, Azərbaycana da təsirlərini göstərəcək. Azərbaycanda hazırda iki-üç həftə həddən artıq istilərin olduğunun şahidi oluruq. Sonra birdən-birə havanın temperaturu kəskin aşağı düşür. Temperaturun birdən-birə 8-9 dərəcə aşağı düşməsi böyük fərqdir.  İsti günlərdə temperatur 34-36 dərəcəyə qalxdığı halda, indi ölkədə orta temperatur 24 dərəcədir. Deməli, qısa zamanda 10 dərəcədən çox fərq yaranıb.  Bu vəziyyətin isə insanlara, ətraf mühitə də böyük təsirləri olur.  
Bu gün Azərbaycanda bildiyiniz kimi, suvarma su sahəsində problemlər meydana çıxıb. Özü də bu hal özünü ciddi şəkildə göstərir. İkinci bir tərəfdən, Kür çayının səviyyəsi aşağı düşüb.  Bunlar da iqlim dəyişikliyinin gətirdiyi elə belə təsirlər deyil. Kür çayı Aran ərazilərin drenaj sistemidir, qrunt suları çəkib aparır.  Onun səviyyəsinin aşağı düşməsi lazımi dərəcədə drenaj suyunu çəkib aparmaqda çətinlik yaradacaq. Həmin təsirlərin nəticəsində son məlumatlara görə,  yarım milyon hektara yaxın torpaq sahəsi şorlaşmaya doğru gedir. Vaxtında yağış yağmır, duzlar yığılır, yuyulmur və yuxarıya, torpağa doğru qalxır. Alimlərin proqnozlarına görə, temperaturun 2,5-3 dərəcə dəyişməsilə iqlim dəyişikliyi həddən artıq yüksək olacaq. Nəticədə gələcəkdə indi suyun bol olduğu bir sıra ərazilər də quraqlığa qərq ola bilər. Ciddi istilərdə buxarlanma çoxalır, bunun nəticəsində aydındır ki, leysan yağışlarının səviyyəsi də çoxalacaq”.
Ekoloq Müslüm Qurbanov iqlim dəyişikliyinin Azərbaycana gətirdiyi problemlərdən birinin su problemi olduğunu dedi: “Bütün dünyada iqlim dəyişikliyinin müəyyən təsirləri var.  Bütövlükdə götürəndə təbiətlə insan arasındakı tarazlıq demək olar ki, pozulur. Müxtəlif səbəblərdən, əsasən karbon qazının artıası səbəbindən tarazlığın pozulması fonunda temperatur soyuq aylarda bir də görürsən, qalxır, isti fəsildə isə əksinə temperaturun düşməsinin şahidi oluruq. 
Bu tarazlığın pozulması fonunda da fəsillərə uyğun gəlməyən qeyri-adi hadisələr baş verir. Ümumiyyətlə, son dövrlərdə planetimizdə nə dəyişibsə, burada ən ciddi faktor rolunda məhz iqlim dəyişikliyi rol oynayıb.  Azərbaycan da yer kürəsindən kənarda deyil. Təbiət qlobal xarakterlidir.  Buzlaqların əriməsi temperaturun qalxmasına gətirib çıxarır ki, o da öz növbəsində digər yerlər kimi, Azərbaycanda da əlavə təsirlərə səbəb olur.  
İqlim dəyişikliyi yer kürəsində olan ekosistemlərin hamısına bu və ya digər dərəcədə təsir edir. Bunun nəticəsidir ki, müəyyən dərəcədə fəsillərin sürüşməsini də hiss edirik. Ekstremal hallarda güclü istiliyin, güzlü küləyin şahidi oluruq.
İqlim dəyişikliyinin Azərbayana gətirdiyi problemlərdən biri də su problemidir. Bütövlükdə mənfi təsirlər get-gedə daha çox hiss olunacaq”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz