Aprelin 12-də Qusar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş idman yarışı keçiriləcək. Movqe.az-ın məlumatına görə, tədbir Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti, millət vəkili Adil Əliyevin rəhbərliyi ilə baş tutacaq. Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr edilmiş kikboksinq üzrə peşəkarlar arasında yarış Qusar Olimpiya kompleksində keçiriləcək. Yarış keçirilməzdən öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini və Milli Qəhrəman Çingiz Qurbanovun məzarını ziyarət edəcək.
Xatırladaq ki, Çingiz Qurbanov ötən ilin dekabr ayının 29-da ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman qəhrəmancasına həlak olmuşdu. Nəticədə Çingiz Qurbanovun nəşi üç həftədən artıq erməni tərəfində qaldı. Bütün beynəlxalq normaları pozan erməni tərəfi sonda, 2017-ci il fevralın 5-i Çingiz Qurbanovun nəşini Azərbaycan təfərə təhvil verdi. Fevralın 6-sı Çingiz Qurbanov ilə vida mərasimi baş tutdu. Çingiz Qurbanov doğulduğu Qusar şəhərində, Şəhidlər Xiyabanında dəfn olundu. 2017-cı ilin fevral ayının 7-də Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandası İlham Əliyevin 1966 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü. Fevralın 9-da isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Çingiz Qurbanovun ailə üzvlərini qəbul etdi. İlham Əliyev qəbulun sonunda şəhidin atası Salman Qurbanova "Qızıl Ulduz" medalını və Bakı şəhərində yerləşən üç otaqlı mənzilin orderini təqdim etdi.
Zülfiyyə QULUYEVA