Əlaqə Arxiv
news Image
2014.01.29
19:16
| A A A
Madrid “Real”ının məşqçiləri Azərbaycana gələ bilər

Yanvar 27-də 19 yaşadək futbolçu qızlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Patrisiya Qonzalez, yığmamızın üzvü Nigar Cəlili və digər nümayəndələr "Real" Madrid Fondu və Azərbaycan Gənclər və İdman Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində yaradılmış "Vətən" sosial futbol məktəbinin qonağı olublar. Apasport.az saytının məlumatına görə, nümayəndə heyəti ilk olaraq İctimai Televiziya və Radio Yayımları şirkətinin "Yeni Gün" proqramında iştirak edib.

Proqram Azərbaycanda qadın futbolu, peşəkar və sosial futbola həsr olunub. "Vətən" sosial futbol məktəbini layihənin koordinatoru Sahibə Paşayeva, məşqçi-müəllim Namiq Allahverdiyev və məktəbin futbolçusu Səbinə Alıyeva təmsil ediblər. Proqram zamanı "Real" Madrid Fondunun 2014-cü il üçün Azərbaycanda həyata keçirəcəyi 3 yeni layihə də elan olunub. Layihələrdən biri Real Madrid klubunun məşqçi heyətinin Azərbaycana səfəri, digəri azərbaycanlı uşaqların beynəlxalq yay futbol düşərgəsinə göndərilməsi, sonuncu isə məktəbə olan çoxsaylı müraciətlər nəticəsində yaxın vaxtlarda yeni qrupların açılmasıdır. Sosial futbol məktəbi Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə Bakıda "Vətən" Respublika İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin bazasında fəaliyyət göstərir. Məktəbin baş sponsoru AzərİdmanServis MMC-dir. Azərbaycan Futbol Federasiyaları Assosiasiyaları və Azərbaycan Prezidenti yanında Gənclər Fondu layihənin əsas tərəfdaşlarıdır. P. Qonzalez günün ikinci yarısında "Vətən" sosial futbol məktəbində məşqçi-müəllimlərə görüşüb və məşqlərin təşkili ilə maraqlanıb. Görüş zamanı ispaniyalı mütəxəssis məşqçilərə uşaq futbolu, futbolun sosial və peşəkar modelləri mövzusunda maraqlı təqdimatlar edib. Bundan sonra Qonzales məşqçi İlqar Məsumovun 15-16 yaşlı oğlan qrupuna təlim-məşqini müşahidə edərək ona və digər həmkarlarına öz tövsiyələrini verib. Məşqçi müəllimlərin hədsiz marağına səbəb olan müzakirələrə AFFA, xüsusilə qızlardan ibarət yığma və məktəb arasında əməkdaşlığın genişləndirilməsinə dair konkret təkliflərin verilməsi ilə yekun vurulub.

Günün sonunda baş verən ən maraqlı tədbir isə Qonzalesin "Vətən" sosial futbol məktəbinin qızlardan ibarət komandasına master-klas məşqi olub. Gün ərzində davam edən silsilə tədbirlərdən ümumilikdə 8 nəfər məşqçi-müəllim və 34 nəfər (18 qız) gənc futbolçu faydalanıb. Sonda məktəbin kollektivi AFFA-nın rəhbərliyinə göstərdikləri dəstəyə, milli komandanın baş məşqçisi Qonzalezə isə maraqlı və faydalı bir gün üçün dərin minnətdarlıqlarını bildiriblər. Tədbir xatirə şəkli çəkdirməklə başa çatmışdır.

Sizin Reklam Yeriniz