Əlaqə Arxiv
news Image
2017.06.01
10:00
| A A A
Artan şərab ixracı üzümçülüyü daha sürətlə dirçəldəcək
Vüqar Mikayılov: “Üzüm istehsalı ilə məşğul olanlara dövlət dəstəyi daha da artırılsa, ixrac etdiyimiz yüksək keyfiyyətli şərab məhsulunun miqdarı artacaq”

Azərbaycan şərab məhsullarına dünyada gedərək böyük maraq yaranır. Rusiyaya, Çinə, Avropaya ixrac edilən şərab məhsullarını sayı artır və bu istiqamətdə xarici sifarişlərin artması gözlənilir. Belə vəziyyət ölkə daxilində şərab hazırlanan məhsullara, xüsusən üzümçülüyə nə vəd edir? 

Şərabçılıq üzrə mütəxəssis Vüqar Mikayılov bildirdi ki, Azərbaycanda hazırda üzüm bağlarının miqdarı 20 min hektardan bir qədər artıqdır: “Halbuki bir zamanlar 150 min hekrata yaxın üzüm bağları vardı. İndi tədricən də olsa üzüm bağlarının artırılmasına nail olmaq lazımdır. Amma bunun üçün bazar olmalıdır. Sovetlər ölkəsində Azərbaycanın istehsal etdiyi şərablar əsasən ordinal, yəni saxlanmayan, sadə şərablar olub. Bu məhsullar da o zaman Rusiya bazarı üçün nəzərdə tutulmuşdu. Ordinal şərablara isə hazırda dünya bazarında maraq yox dərəcəsindədir. Hazırda dünya bazarında satılan şərablar təbii şərablardır. Yəni onun içinə spirt qatılmır. Ordinal şərablara isə spirt qatılırdı ki, tündlüyü, şəkəri çox olmaqla insanlar dəm olsunlar. Həmin şərablar da respublikamızda yerüstü çənlərdə saxlanılırdı. Yerüstü çənlərdə isə 40 dərəcə istilikdə şərabın tərkibindəki ətirli madələr buxarlanaraq yox olur. Ona görə də sovetlər ölkəsində Azərbaycan ən çox şərab istehsal edən respublikalardan biri olsa da, istehsal keyfiyyəti baxımından geridə qalırdıq. 
Azərbaycan müstəqillik əldə etdikdən sonra isə Qərbin yüksək texnologiyalarına əsaslanmaqla müasir standartlara cavab verən keyfiyyətli şərablar istehsal etməyə başlamışıq. Amma təəssüf edirəm ki, bir sıra qonşularımızdan fərqli olaraq Azərbaycanda hələ ki, yerli məhsuldan hazırlanan keyfiyyətli şərablara belə maraq aşağı səviyyədədir. Azərbaycan həmin dövrlərdə qonşularından fərqli olaraq məhz ordinal şərablar istehsal etdiyindən bu məhsulunu heç bir məkanda tanıtdıra bilmədi. İndiki zamanda şərabçılığın inkişafına, keyfiyyətli məhsul istehsalına nail olmaq üçün böyük miqdarda sərmayə buraxılmalıdır. Ölkəmizdə ancaq 2001-ci ildən başlayaraq bu sahəyə maraq artıb. Yaxşı şərabın alınması üçün də üzüm bağlarının yaşı ən azı 8-10 il olmalıdır. Bunun nəticəsidir ki, Azərbaycan şərabı ancaq 2015-ci ildən sonra dünya bazarlarında özünü göstərməyə başladı. Həmin dövrə qədər Rusiya bazarlarında şərabçılıq baxımından mövqe tuta bilmirdik. Buna da səbəb olan amil həmin dövrlərdə manatın kursunun dollara nisbətən yüksək olması idi. 
Məhsullar bildiyiniz kimi, xarici ölkələrə satılarkən məzənnə dollarla ölçülür. Nəticədə Azərbaycan şərabının maya dəyəri İspaniya, Avstriya şərabı ilə müqayisədə baha başa gəlirdi. Bu səbəbdən də Azərbaycan şərabı Rusiya bazarında həmin illər yer tutmaqda bir qədər çətinlik çəkirdi. Hazırda isə manat dollara nisbətən ucuzlaşıb. Bu isə Azərbaycan şərabının maya dəyərinin aşağı düşməsinə gətirib çıxarıb. Belədə yaranmış vəziyyət ölkəmizə bazara daxil olmağa imkan verir. Sirr deyil ki, Azərbaycanda istehsal edilən nar şərabları dünyanın heç bir ölkəsində yoxdur. Yəni ölkəmiz öz nar şərabı ilə dünyaya çıxa bilər. Azərbaycanda bitən gülöyşə, vələs nar sortları dünyada yoxdur. Hazırda İsraillə Türkiyə də dünya bazrına nar şərabı satır. Hər iki ölkənin istehsal etdiyi nar şərablarında şəkərlik yüksək, turşuluq isə azdır. Ona görə də onlarda olan ətir Azərbaycan nar şərabındakı ətirdən azdır. «Azqranata»nın nar şərabı hazırda Yaponiyaya, Almaniya, ABŞ və Çinə ixrac olunur. Bu istiqamətdə 50-yə qədər müqavilə imzalamışıq, ancaq nar məhsulumuz çatmır, cəmi 400 hektar nar bağımız var. Ona görə də şərab strategiyasının inkişafına nail olmaq üçün qarışıq metoddan istifadə etməliyik. 
Bu yaxınlarda Azərbaycan Prezidentinin dəstəyilə Belarusda Azərbaycan Ticarət Evini yaratdıq. Bu açılışdan bir neçə gün öncə Belarusda 12 zavodda oldum və onlara konyak, şərab təklif etdim. Ancaq hamısı Azərbaycan məhsulunu tanımadığını, Moldova konyakı və gürcü şərabını satdıqlarını bildirdilər. Bu isə bizə pis təsir etdi. Ancaq Ticarət Evinin açılışında onlar gələrək şərab və konyakımızın dadına baxdıqdan sonra, fikirlərinini dəyişdilər. Deməli, Ticarət Evləri yaratmaq və məhsulumuzu təbliğ etməklə bazarlara daxil ola bilərik”. 
Həmsöhbətimiz qeyd etdi ki, şərabçılıq və üzümçülüyün daha da inkişafına nail olmaq üçün ilk növbədə dövlət dəstəyi artırılmalıdır: “İkincisi şərabın reklamına icazə verilməlidir. Çünki dünyanın bir çox ölkələrində şərab alkoqollu içki deyil, qida məhsulu kimi dəyərləndirilir. Çünki şərabın qida və müalicəvi effekti daha çoxdur. Fransada şərabla müalicə xəstəxanaları fəaliyyət göstərir. Ölkəmizdə şərabın reklamına imkan verilsə, üzüm istehsalı ilə məşğul olanlara dövlət dəstəyi bir qədər də artırılsa, qısa zamanda dünya bazarına çıxmaq mümkün olmasa da, tədricən ixrac etdiyimiz yüksək keyfiyyətli məhsulun miqdarı artacaq. 
Digər tərəfdən, Azərbaycanda müəyən kommisiya yaradılmalıdır ki, keyfiyyətsiz məhsulun xaricə ötürülməsinin qarşısı alınsın. Keyfiyyətsiz konyak hansısa ölkəyə gedirsə, orada həmin məhsula rəğbət heç bir halda yaranmır. Belədə bir neçə nəfər işbazın üzündən Azərbaycan konyakı öz bazarını itirir. 2010-cu ilə qədər Azərbaycandan az da olsa ixrac olunan  konyakların əksəriyyəti konyak mənşəli deyildi, keyfiyyəti aşağı idi, ona çoxlu qatqılar qatılırdı. Müəyyən komisiya yaratmaqla ixrac edilən şərabların keyfiyyət məsələsini yüksəltmək olar. Ancaq sözügedən komissiya da ictimai birlik formasında yaradılmalıdır. Azərbaycan Şərabçılar İttifaqı yaradılıb. Belədə ölkəmizin bazarda özünü tanıtması üçün müəyyən zamana ehtiyac vardır. Keçən il ölkəmizə daxil olan vodkaların miqdarı cari ilə nisbətən 30-40 faiz çox olub. Bu da ölkə daxilində cari il ərzində yüksək keyfiyyətli vodkaların istehsal edilməsinin nəticəsidir. Hazırda «Azqranata» müəssisəsi tərəfindən yerli viskilər istehsal edilir və onların satışı üçün ölkə daxilində 57 satış məntəqəsi fəaliyyət göstərir. Hətta xaricdən gələn vətəndaşlar da bu viskiləri alıb aparırlar. Son zamanlar konyak və şərablarımız da keyfiyyət baxımından xeyli yaxşılaşıb. Çünki onun istehsalı üçün yeni texnologiyadan istifadə olunur.  Onu da bilin ki, şərabın vətəni Azərbaycandır. Amerikanın Pensilvaniya Universiteti əməkdaşları  Cənubi Azərbaycanda Hacıfeyruz kəndində qazıntı zamanı 9 ədəd 6 litrlik küp tapırlar. Onun içində çöküntü olur və yoxlandıqdan sonra bəlli olur ki, 7 min il  bundan əvvəl orada şərab saxlanılıb. Bunu deməkdə məqsədim odur ki, şərabçılığın inkişafına nail olmaq üçün həm də milli qürur hisslərini qaldırmaq lazımdır”.

Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz