Əlaqə Arxiv
news Image
2017.06.03
11:00
| A A A
Əmək münasibətlərinin rəsmiləşdirilməməsi hələ də ciddi problemdir
Rəşad Həsənov: “Əmək əmək münasibətlərinin rəsmiləşdirilməsi əmək bazarında rəqabətin güclənməsinə və insanların daha təminatlı həyat şəraitinin təmin edilməsinə imkan verəcək”

Ən çox yayılmış üsul işəgötürənlərin işçilərinin sayını azaltmasıdır. Bir çox iqtisadi fəaliyyət sahələri mövcuddur ki, qanunlarda və normativ aktlarda mövcud olan boşluqlar onlara öz bəd əməllərini həyata keçirməyə münbit şərait yaradır.  Əmək münasibətlərinin rəsmiləşdirilməməsi, istifadə olunan işçilərin sayının gizlədilməsi hallarına tikintidə daha çox rast gəlmək mümkündür”. Bu fikirləri baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsinin Təkmilləşdirilməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov  bildirib. İşəgötürənlərin işçilərinin sayını azaltması problemi nədən qaynaqlanır və onun həlli ölkə iqtisadiyyatına nə vəd edir? 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin iqtisadçısı Rəşad Həsənovun fikrincə, işəgötürənlərin işçilərin sayını azaltması problemi bir sıra obyektiv və subyektiv amillərdən qaynaqlanır: “İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycana bənzər iqtisadiyyatlarda, xüsusən MDB məkanında qeyri-leqal əmək bazarı geniş yayılıb. Bunun birinci səbəbi aydiyyatı institutların fəaliyətinin zəifliyilə bağlıdır. 
İkinci bir tərəfdən, bazar iqtisadiyyatına keçid dövründən sonra vergi və əmək bazarının formalaşması istiqamətində görülən işlər nisbətən az effekt verib.  Digər tərəfdən, müəyyən müddətdə leqal əmək bazarının formalaşdırılması istiqamətində təşviqedici addımlar zəif idi. Xüsusilə vergi yükü ilə bağlı müəyyən problemlər vardı.  Azərbaycanda qeyri-leqal əmək bazarının formalaşmasının əsas səbəbi məhz vergi yükünün artıq olmasıdır. Əlavə xərc çəkmək istəməyən sahibkarlar xərcləri optimallaşdırmaq məqsədilə əmək qüvvəsinin iş prosesinə cəlb edilməsi məsələlərinə nisbətən daha laqeyd yanaşırlar. Burada da başlıca məqsəd xərclərin azaldılmasına nail olmaqdır. Azərbaycanda fəaliyyətdə olan mövcud qanunvericiliyə görə, sahibkardan sosial və vergi ayırmalarına mövcud qanunvericiliyə görə  22+14 olmaqla, 36 faizə qədər ödəniş tələb olunur. Sahibkar da belə bir şəraitdə işçisilə ya əmək müqaviləsi bağlamır, bağlasa da bu zaman verdiyi əmək haqqını doğru göstərmir ki, sosial sığorta və vergi ödənişlərini ödəmək məsələsində manevr imkanları əldə edə bilsin.  Son nəticədə hazırda Azərbaycanda mövcud olan vəziyyət yaranır. 
Dəfələrlə təklif olunub ki, sosial ayırmalar üzrə vergi yükü ilə bağlı optimallaşdırma aparılsın və vergi, faiz dərəcələri aşağı salınsın.  Beləliklə də əmək bazarından toplanan verginin vergi bazasının genişləndirilməsi hesabına kompensasiya edilsin. Bu müddət ərzində də Azərbaycanda leqal əmək münasibətlərinin inkişaf etməsi təmin olunsun.  Eyni zamanda, əmək münasibətlərinin rəsmiləşdirilməməsinə şərait yaradan amillərdən biri də faktiki olaraq, əməyin tələbilə təklifi arasında ciddi bir disbalansın olması faktıdır. Bu kimi şərtlər daxilində əmək müqaviləsinin bağlanılması, sığorta olunması tələb edildikdə, sahibkar bu hala heç də müsbət yanaşmır. Beləliklə də, işçinin iş tapma imkanı məhdudlaşır. Nəticədə işçi qüvvəsi öz hüququnu tələb etməkdə çətinlik çəkir”. 
Həmsöhbətimiz qeyd etdi ki, iş yerlərinin sayının çoxalması və bu istiqamətdə əməyə tələb bazarında rəqaəbtin artması müəyyən mənada bu prosesə öz müsbət təsirini göstərə bilər. R. Həsənov bildirdi ki, əmək münasibətlərinin rəsmiləşdirilməsi əmək bazarında rəqabətin güclənməsinə və insanların daha təminatlı həyat şəraitinin təmin edilməsinə imkan verəcək: “Əmək münasibətlərinin qeydə alınmamasının sözsüz ki, ölkə iqtisadiyyatına zərəri vardır. Əmək münasibətlərinin qeydə alınmaması ilə dövlət büdcəsinə daxil olmalar ciddi şəkildə yayındırılır. Dövlət büdcəsinin qeyri-neft gəlirlərinin həcminə mənfi təsir göstərir. 
İkincisi, insan kapitalının inkişafına mənfi təsir göstərir. Əmək bazarının müdafiə olunması əslində, gələcəkdə baş verəcək hər hansı bir mənfi hadisələrə qarşı fəaliyyətin sığortalanması anlamına gəlir.  Eyni zamanda, pensiya yaşına çatdıqdan sonra daha təminatlı həyat şəraitinin təmin edilməsinə xidmət edir. Vətəndaş qeyri-leqal fəaliyyət göstərmək məcburiyyətində qalırsa, gələcəkdə bu üstünlüklərədn yararlana bilməyəcək. Bu da son nəticədə insan dəyəri və insan kapitalına öz mənfi təsirlərini göstərməkdə davam edəcək”.

Rüfət NADİROĞLU   

Sizin Reklam Yeriniz