Əlaqə Arxiv
news Image
2017.06.05
14:33
| A A A
Vahid Məhərrəmov: “Subsidiyalar əmtəəlik məhsula görə verilməlidir”

Azərbaycanda son illər qeyri-neft sektoru olaraq aqrar sahənin inkişafı istiqamətində mühüm addımlar atılır. Fermerlərə subsidiyalar da verilir. Eyni zamanda, bu məsələnin daha operativ həyata keçməsi üçün bir sıra digər addımların da atılmasına ehtiyac vardır. 
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirdi ki, daha çox məhsul istehsalına nail olmaq üçün subsidiyaların verilməsi mexanizmi təkmilləşdirilməlidir: 
“Mövcud qaydalar kənd təsərrüfatında məhsuldarlığın artırılması, keyfiyyətinin yaxşılaşdırılması, rəqabət qabiliyyətliliyinin gücləndirilməsini təmin etmir. Əksinə ekstensiv əkinçiliyi genişləndirir və qeyri səmərəli biznesi stimullaşdırır. İndiyə kimi vəsaitlərin ayrılmasında və fermerlərə çatdırılmasında bəzi neqativ hallara yol verilib.
Apardığımız araşdırmalar göstərir ki, aqrar sahəyə subsidiyalar ayrılan zamandan əkin sahələrinin əraziləri böyüdüyü halda, məhsuldarlıq artmamış, keyfiyyət yaxşılaşmamışdır”.
Ona görə də, həmsöhbətimizin fikrincə,  bu istiqamətdə  Azərbaycan aqrar siyasətini yenidən müəyyənləşdirməlidir: “Belə ki, elmi potensialın artırılması, yeni, daha müasir resurs qoruyucu texnologiyanın tətbiq edilməsi, peşəkarların, mütəxəssislərin, alimlərin hazırlanması, elmi araşdırmalara daha geniş imkanların yaradılması yaxın zamanlarda əsas hədəf kimi qarşıya qoyulmalıdır.  Azərbaycan şəraitində subsidiyanın əkin sahəsinin həcminə, doğulan hər baş buzova görə deyil, əmtəəlik məhsula görə verilməsi məqsədəuyğundur. Belə ki, subsidiyanın əmtəəlik məhsula görə verilməsi  ümumi istehsalın və məhsuldarlığın artmasına, keyfiyyətin yaxşılaşmasına  stimul yaradacaq: “Azərbaycanda aqrar sektorda subsidiyalar siyasəti effektivliyinin artırılmasına nail olmaq üçün bir sıra vacib məsələlər öz həllini tapmalıdır. Ölkəyə yapışqanlığı 23 faizdən aşağı olan yemlik, 4-cü və 5-ci sinif buğda idxalına birdəfəlik qadağa qoyulmalıdır.     Dövlət taxıl fondunun formalaşması yalnız yerli istehsal hesabına həyata keçirilməlidir. Taxıl məhsullarının və un məmulatlarının idxalına 3 il müddətinə əlavə dəyər vergisi tətbiq edilməlidir. Yerli taxıl məhsullarından unüyütmədə və qarışıq yem istehsalıda istifadə hökumət tərəfindən təşviq edilməlidir. Yerli taxıl emalı ilə məşğul olan müəsisələr üçün güzəştlər nəzərə alınmalıdır.  Bərk buğda istehsalını stimullaşdırmaq məqsədilə ölkədə makaron, vermişel, spaqetti istehsal edən yeni müəsisələr yaradılmalıdır.  Subsidiyaların verilməsinin Maliyyə Nazirliyi tərəfindən həyata keçirilməsi daha məqsədəuyğundur. Belə olan halda istehsal olunan məhsulu qəbul edən emal müəsisəsi və tədarük edən sahibkarın kassa mədaxil orderinin qəbzi ilə sənədləşdirilir. İstehsalçı məhsul satışından əldə etdiyi kassa mədaxil ordeninin qəbzinin sürətini yerli maliyyə orqanına təhvil verir və müəyyən müddət ərzində fermer üçün nəzərdə tutulan vəsait, subsidiya onun bank hesabına köçürülür.  Subsidiyaların əmtəəlik məhsula görə verilməsi nəticəsində taxıl məhsulları istehsalı çoxalacaq,  məhsulun keyfiyyəti yaxşılaşacaq, dayanıqlı taxıl məhsulları istehsalı təmin olunacaq, idxal kəskin şəkildə azalacaq, bəzi taxıl məhsullarının (bərk buğda, düyü) ümumi istehsalı artacaq. Bu da yeni ixrac imkanı yaradacaq,  çörək və un məmulatlarına olan təminat daxili istehsal hesabına davamlı olaraq təmin ediləcək, yemçilik inkişaf edəcək, qarışıq yem istehsalı 2 milyon tona çatdırılacaq. Həmçinin, taxıl məhsullarının idxalı üçün xərclənən 400 milyon dollar maliyyə resursu ölkə daxilində qalacaq, fermerlərin gəlirləri artacaq, yeni emal müəssisələri və iş yerləri yaradılacaq, taxılçılıqda mövcud olan pərakəndəlik aradan qalxacaq”. 
 

 

Sizin Reklam Yeriniz