Əlaqə Arxiv
news Image
2017.06.10
13:19
| A A A
İslahatlar nəticəsini verir
İlk ayların iqtisadi durumu ilin uğurlu olacağını göstərir

2017-ci ilin 4 ayında Azərbaycanın qeyri-neft sənayesi 2,8%, kənd təsərrüfatı 3,2%, ticarət dövriyyəsi 11,5%, ixrac təqribən 41%, qeyri-neft ixracı isə 23% artıb. Bu dövrdə valyuta ehtiyatları 1,3 mlrd. ABŞ dollar artıb və 39 mlrd. ABŞ dolları təşkil edir. 1 aprel 2017-ci il tarixinə valyuta ehtiyatları xarici borcdan 3,2 dəfə çoxdur. Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı”nda (2016-2017) 138 ölkə arasında 37-ci, MDB ölkələri arasında isə bir neçə ildir ki, 1-ci yerdədir. 

Müharibə şəraitində yaşayan gənc dövlətin qısa zaman kəsiyində belə uğur qazanması təsadüfi deyil. Ölkədə aparılan məqsədyönlü və ardıcıl iqtisadi siyasət dayanıqlı inkişafı təmin edir. Yüksək inkişaf etmiş ölkələr başda olmaqla dünya iqtisadi səhnəsində baş verən böhranın tam aradan qalxmadığı şəraitdə istehsalı genişləndirmək və artırmaq son dərəcə ciddi səylər tələb edir. Ancaq hökumət özündə güc tapıb dəqiq və düşünülmüş planlar sayəsində bu çətin yolu qət edə bilib. 
İslahatların başlıca meyarlarından biri ölkədə əsassız yoxlamaların ləğv edilməsi, sahibkarlara verilən lisenziyaların sayının azaldılması, qaninvericiliyin sadələşdirilməsi yolu ilə biznes mühitinin saflaşdırılması olub. Bu, əhalinin daha geniş təbəqəsinin sahibkarlığa başlamasına imkan verib və qısa müddətdə xeyli yeni iş sahəsi yaranıb. Təbii ki, yeni iş yerlərinin açılması  əhalinin məşğulluğunun təmin edilməsilə xeyli sayda insanın həyat şəraitinin yüksəlməsi də müsbət təsir edib. Bu sosial amil gözəl özünütəbliğatdır. Yəni, sahibkarlığın nəticə verdiyini görən digərləri də, necə deyərlər, əl-qolunu çırmalayaraq işə başlayıb. Prezidentin müvafiq sərəncamları, qanunvericilik aktları, sadələşdirilmiş vergilər, məhsuldarlığın və keyfiyyətin əsas göstərici kimi qəbul edilməsi, ixrac fəaliyyətinin asanlaşması bir-birini tamamlayaraq özlüyündə işin irəli getməsi üçün bir konveyer üsullu prosesə çevrilib. Bu üsul da dayanıqlı inkişafı təmin edib.  
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqaməti insan kapitalının inkişafıdır və görülən bütün işlər ölkənin vətəndaşına xidmət edir. Cəmiyyətdəki siyasi sabitlik, zəngin təbii ehtiyatlar və iqtisadi potensial, müasir infrastruktur, əlverişli coğrafi mövqe, zəngin mədəniyyətimiz, ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş olması Azərbaycanı investisiya qoyuluşu üçün cəlbedici məkana çevirib. Bu da iqtisadi nailiyyətlərin daha bir meyarıdır. Çünki, xarici investorlar Azərbaycanla işləməyə həvəslidirlər. Ölkəmizdə həyata keçirilən islahatlar barədə xaricdəki biznes dairələrin məlumatlandırılması, Azərbaycan və Avropa İttifaqı iş adamları arasında əməkdaşlığın genişləndirilməsi müxtəlif sahələrə - kənd təsərrüfatı və qida, nəqliyyat və logistika, İKT və elektron ticarət, iqtisadi islahatlar, ətraf mühit texnologiyalarının işlənilməsinə əcnəbi iş adamlarının cəlb edilməsini sürətləndirir.
Bu günlərdə Bakıda keçirilmiş 3-cü Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes forumunda
rəsmi şəxslər, beynəlxalq təşkilatların, səfirliklərin, ticarət palatalarının nümayəndələri, eləcə də Azərbaycandan 300, Avropa İttifaqına daxil olan ölkələrdən isə 100-dən çox iş adamı iştirak edib. Göründüyü kimi, ölkənin iqtisadi uğurları artdıqca, onun fəaliyyətində iştirak etmək istəyən sahibkarların da sayı artır. Əsas fakt odur ki, sahibkarlar öz biznesləri ilə yanaşı Azərbaycanın da inkişafına dəstək olurlar.

N.NOVRUZ  

Sizin Reklam Yeriniz