Əlaqə Arxiv
news Image
2017.06.13
09:56
| A A A
Maliyyə dayanıqlığı avtomobil idxalını artırıb
Azər Allahverənov: “İdxalda yenidən artımlar müşahidə olunursa, deməli maliyyə bazarında dayanıqlıq təmin olunub”

Ölkəyə avtomobil idxalı yenidən artır. Bu ilin 4 ayı ərzində Azərbaycana ümumilikdə 1 943 ədəd avtomobil idxal olunub.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 201 ədəd avtomobil və ya 11,54% artıb.

Ölkəyə gətirilən avtomobillərin 26 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 1620 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 268 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 29 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Avtomobil idxalı sahəsində yenidən artımın baş verməsinə səbəb nədir? 
Ekspert Azər Allahverənovun fikrincə, maliyyə bazarında dayanıqlığın təmin olunması avtomobil idxalında yenidən artımlara gətirib çıxarıb: “Azərbaycana idxal olunan avtomobillərin sayında artımların baş verməsi vaxtilə idxalın azalmasına səbəb olan halın  aradan qaldırılması ilə bağlı ola bilər. Məsələn, avtokreditlərin verilməsi. Yadınızdadırsa, 2013-cü ilin yanvar ayından etibarən avtomobil idxalında azalmalar müşahidə olunmağa başladı. 2015-ci ildə isə Mərkəzi Bank tərəfindən avtokreditlərin verilməsinin dayandırılması tövsiyyə olundu. Nəticədə də çoxsaylı bank avtokreditlərin verilməsinə son qoydu. Çünki o zaman valyuta bazarında müəyyən silkələnmələr baş verdi, iki dəfə devalvasiya hadisəsi oldu, risqli kreditlərin qaytarılmasında ortalığa problemlər çıxdı. Risqli kreditlərin həcmi artdı. Bütün bunlar nəticə etibarı ilə ölkəyə idxal olunan  avtomobillərin sayının kəskin azalmasına gətirib çıxartdı.  2017-ci ilin birinci rübündə idxalda yenidən artımlar müşahidə olunursa, deməli maliyyə bazarında artıq dayanıqlıq təmin olunub.  Fikir verirsinizsə, dollarla manatın məzənnə dəyişikliyi devalvasiya kontekstində baş vermir. Bu da müəyyən mənada maliyyə bazarında olan dayanıqlıqdan xəbər verir. Təbii ki, bundan da istifadə edən maliyyə kredit qurumları yenidən avtomobil idxalını artırırlar. Əksər hallarda da onlar bunu avtosalonlar vasitəsilə həyata keçirirlər. Belədə mövcud durum istər-istəməz maşın bazarında müəyyən mənada canlanmaya səbəb olur. Çünki müəyyən maliyyə resurslarına əlçatanlığı təmin olunan bir istehlakçı qrupu formalaşır. Əlçatanlığın təmin olunması ilə də onlar indiki vəziyyətdən yararlanmağa çalışırlar. Xüsusilə də nəzərə alırlar ki, maşın bazarında qiymətlər əvvəlki illərlə müqayisədə nisbətən ucuz başa gəlir”. 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz