Əlaqə Arxiv
news Image
2017.06.14
09:46
| A A A
Azərbaycan ixracdan daha çox qazanacaq
Hazır məhsul xammal və əmtəədən daha çox gəlir gətirir

Azərbaycan  son dövrlərə qədər dünya bazarlarına xam məhsullarını daha çox həcmdə çıxarırdı. Amma hazırkı yeni iqtisadi inkişaf şəraitində hazır məmulatların bazara çıxarılması məsələsi gündəmə gəlib. Dünyadakı  qlobal  böhran  fonunda ölkənin ixrac  potensialının  stimullaşdırılmasının əsas istiqamətini sahibkarlıq fəaliyyəti təşkil edir. Məlumdur ki, son illər  sahibkarlığın  inkişafı və dəstəklənməsi istiqamətində bir sıra mühüm normativ-hüquqi aktlar qəbul edilib. Bunlara  “Sahibkarlıq  fəaliyyəti haqqında”,  “Kiçik  sahibkarlığa dövlət köməyi haqqında”, “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “İnvestisiya fondları haqqında”, “Xüsusi iqtisadi  zonalar haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və  sahibkarların  maraqlarının müdafiəsi haqqında” və digər bu qəbildən olan qanunlar daxildir. Böhran şəraitində iqtisadi  tənzimlənməyə üstünlük  verilməsi  və  dövlətin iqtisadiyyata müdaxiləsini minumuma endirmək məqsədilə köklü tədbirlər həyata keçirilib.   

Bunların nəticəsidir ki, orta və kiçik sahibkarlar tərəfindən 2016-cı ildə 28,8 milyard manatlıq məhsul istehsal edilmişdir. Dövlət  Statistika  Komitəsinin məlumatına əsasən, sənaye məhsulunun 28,5 %-i emal sektorunun payına düşür ki, bu da əvvəlki illəri üstələyir. Bu sektorda qida məhsullarının istehsalı 4,1%,  toxuculuq sənayesi məhsullarının istehsalı 2,6 dəfə, geyim istehsalı 39,1%, ağac emalı və ağacdan məmulatlar 23,1%, kağız və karton 7,3%, poliqrafiya məhsulları 1,7%, metallurgiya sənayə məhsullarının istehsalı 2,0%, hazır metal məmulatları  18,9%,  kompüter  və elektron məhsullar 10,6%, elektrik avadanlıqları  2,3  dəfə,  avtomobil, qoşqu və yarımqoşqular 41,9%, mebel 10,7%, maşın və avadanlıqların quraşdırılması və təmir işləri 42,2% artib. 
Uzunmüddətli strateji yol xəritəsində  göstərildiyi  kimi, dövlət xarici iqtisadi əlaqələrin  səmərəliyini  yüksəltmək üçün hazır məhsulların ixracı məsələsini önə çıxarıb. Ümumiyyətlə, ixrac potensialının stimullaşdırılması, investisiyaların təşviqi ilə bağlı qəbul edilmiş qərarlar  qeyri-neft  ixracını stimullaşdırır. Bununla da həm regionların, həm  də  ümumilikdə  qeyri-neft sektorunun  inkişafı güclənir. Regionlarda yeni müəssisələr fəaliyyətə başlayır, iş yerləri açılır, əhalinin məşğulluq dərəcəsi artır. Təbii ki, insanların aylıq gəliri artdıqca maddi güzəranı da yaxşılaşır.
Ümumiyyətlə,  ixrac olunan mallar əsasən İtaliya, İndoneziya, Almaniya, İsrail, Fransa, Tailand,  İspaniya  və MDB dövlətlərinə göndərilir. İxracın ümumi  həcminin  4,4%-i  MDB, 59,7%-i Avropa İttifaqı ölkələrinin, 35,9%-i isə digər ölkələrin payına düşüb.  Yalnız şəkər və çay məhsulları İtaliya, Almaniya,  Fransa,  İsrail, Çexiya, İndoneziya,  Avstriya,  Rusiya, Gürcüstan, ABŞ, İspaniya, Portuqaliya, Türkiyə, Tunis, Kanada,  Hindistan, Tailand, Əfqanıstan, Xorvatiya və İraqa göndərilib. Bu məhsulların sırasına ixracı sürətlə artan təzə meyvə,  təzə  tərəvəz,   marqarin, polietilen, emal olunmamış alüminium, qara metallardan  yarımfabrikatları, pambıq  parça ipliyi, pambıq lifini də əlavə etsək ümumi mənzərə daha aydın olar.
2016-cı  ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın  174  ölkəsindəki  tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 103 ölkəyə məhsul ixrac olunmuşdur.  
Dövlət Statistika Komitəsinin  məlumatlarına görə, 2016-cı ildə xarici ticarət dövriyyəsi 15 milyard  781,3 milyon ABŞ dolları olub ki, bunun da 9 milyard  579,8  milyon dolları ixrac edilmiş məhsulların payına düşüb. Strateji yol xəritəsinin əsas məqsədlərindən  biri  də  dünya  ərzaq və kənd  təsərrüfatı  bazarına  ekoloji  cəhətdən  təmiz  məhsul  ixracını  maksimum  artırmaqdır.  Təsadüfi deyil ki,  2016-ci ildə ixrac dövriyyəsinin 38,3%-i Avropa İttifaqı ölkələrinin, 12,1%-i MDB dövlətlərinin, 49,6%-i isə dünyanın digər ölkələrinin payına düşür.
Hazırda  Azərbaycan ixrac potensialı yüksək olan bir çox məhsullar mövcuddur. Ümumilikdə, gələcəkdə Avropa, Asiya, Amerika, Atlantika və Okean regionları tərəfdaş ölkələrinə  ixrac potensialının stimullaşdırılması ölkənin valyuta gəlirlərinin  çoxlamasına,  iqtisadiyyatın ümumi inkişaf tempinin sürətlənməsinə və əhalinin həyat səviyyəsinin və rifahının  yüksəlməsinə gətirib çıxaracaqdır.  

N.NOVRUZ

Sizin Reklam Yeriniz