Əlaqə Arxiv
news Image
2017.06.23
09:22
| A A A
Azərbaycan məhsullarının Körfəz ölkələrinə daşınması üçün nəqliyyat logistika mərkəzi yaradılır
Vüqar Bayramov: “Bu, həm də qeyri-net sektorunun strukturunun şaxələnməsi üçün vacib elementdir” Natiq Cəfərli: “Azərbaycan loqistik mərkəz yarada bilsə, həm öz məhsullarımız, həm də Orta Asiya və Rusiya məhsullarının Körfəz ölkələrinə çatdırılmasında mühüm rol oynaya bilərik”

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin nümayəndə heyəti Bəhreyn Krallığına işgüzar səfərdə olub. Səfərinin məqsədi Azərbaycan məhsullarının Körfəz ölkələrinə ixracı, alternativ bazarların araşdırılması və ölkəmizin aqrar sektoruna xarici investisiyaların cəlb edilməsidir. 

Səfər çərçivəsində Azərbaycan məhsullarının Körfəz ölkələrinə daşınması üçün nəqliyyat logistika layihəsinin hazırlanması qərara alınıb. İqtisadçıların fikrincə, sözügedən nəqliyyat logistika layihəsi ölkəmizin ixrac imkanlarının genişlənməsinə, valyuta axının artımına səbəb olacaq amildir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun sözlərinə görə, Fars Körfəzi ölkələri Azərbaycan üçün vacib regionlardan biridir: “Azərbaycanın qeyri-neft sektorunun ixrac imkanlarının artırılması və yeni bazarlara çıxış baxımından vacibdir. Nəzərə alaq ki, ölkə Prezidentinin ixrac imkanlarının genişləndirilməsi və yeni bazarlara çıxış imkanlarının artırılması ilə bağlı xüsusi göstərişi var. Körfəz ölkələri ilə nəqliyyat əlaqələrinin genişlənidirilməsi Azərbaycanın   sözgedən regiona ixrac imkanlarının genişlənməsinə gətirib çıxaracaq. 
Nəzərə alaq ki, Körfəz ölkələri alıcılıq qabiliyyəti yüksək olan regiondur. Həmin regiona azərbaycanlı sahibkarların çıxması ölkəyə daxil olan valyutanın artımı baxımından əhəmiyyətlidir. Həm ixracın  diversifikasiyasına, həm də ölkəyə daxil olan valyuta axınının tənzimlənməsinə nail olunacq. Qeyri-neft sektorunda, xüsusən də aqrar sektorda çalışanların imkanları genişlənəcək. Bu, həm də qeyri-net sektorunun strukturunun şaxələnməsi üçün vacib elementdir. Nəzərə alaq ki, hazırda fermerlərimiz ənənəvi bazarlara çıxırlar. Söhbət MDB, xüsusən də Rusiya bazarlarından gedir. İndi isə ənənəvi bazarlarla yanaşı, yeni bazarlara da çıxış imkanımız genişlənir”.
Digər iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, Körfəz ölkələrinə çıxış üçün ən asan və rahat marşrutlar hesablanmalıdır: “Yəni, Azərbaycan məhsullarının, eləcə də ölkəmiz üzərindən digər ölkələrin məhsullarının daşınması üçün logistik layihə daha səmərəli olmalıdır. Rəqib marşrutlara uduzmamaq vacib şərtdir. Əsas şərt isə daşınma xərclərin daha sərfəli olmasıdır. Bu, həm də Körfəz ölkələri bazarında Azərbaycan məhsullarının rəqabət qabiliyyətini artıracaq. Təəssüf ki, dəniz vasitəsi ilə birbaşa Körfəz ölkələrinə çıxış imkanımız yoxdur. Ona görə bütün marşrutların siyasi riskləri və iqtisadi dividendləri hesablanmalıdır. 
İran üzərindən Körfəz ölkələrinə çıxış mümkündür. Amma burada İranla Körfəz ölkələri arasında müəyyən gərginliyi də unutmamalıyıq.  Digər tərəfdən nəzərə alaq ki, Şimal-Cənub dəmiryolu dəhlizi bitmək üzrədir. Azərbaycan bu layihədə önəmli rol oynayır. Ona görə də Şimal-Cəub dəmiryolu dəhlizi Azərbaycandan Fars Körfəzi ölkələrinə ən sərfəli marşrut olacaq. Lakin alternativ marşrutlar da var. Bakı-Qars-Axalkalaki dəmiryolu da fəaliyyətə başlayacaq. Yüklərin dəmiryolu ilə Gücüstana, ordan da dəniz vasitəsi ilə Körfəz ölkələrinə çatdırılması mümkündür. Bütün marşrutlar dəyərlənidirilməlidir. Azərbaycan loqistik mərkəz yarada bilsə, həm öz məhsullarımız, həm də Orta Asiya və Rusiya məhsullarının Körfəz ölkələrinə çatdırılmasında mühüm rol oynaya bilərik”. 
 

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz