Məlumdur ki, 2004-cü ildən başlayaraq ölkə iqtisadiyyatında yeni bir istiqaməti – regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən elan edilib. Bununla da bölgələrimiz inkişafın keyfiyyətcə yeni mərhələsinə daxil olub. Regionların sosial-iqtisadi inkişafı 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən proqramlar çərçivəsində görülmüş işlər bir sıra hədəfləri reallaşdırmağı təmin edib. Azərbaycanın bütün bölgələrində abadlıq-quruculuq işləri həyata keçirilib. Görülmüş bu işlərin nəticəsində bölgələrin siması əhəmiyyətli şəkildə dəyişib, gözəlləşib.
Regionlarda həyata keçirilən aqrar və sənaye layihələri nəticəsində Azərbaycanın kənd təsərrüfatı üçün ənənəvi sahələr dirçəldilib, yeni sənaye məhəllələri salınıb, istehsal müəssisələri inşa edilib. Bununla da, bölgələrdə yeni iş yerləri açılıb, insanların yaşayış səviyyəsi yüksəlib. Bu fonda iş üçün Bakıya və xaricə üz tutanların yenidən bölgələrə qayıdışının sürətlənməsi istisna edilmir.
Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov bildirdi ki, Azərbaycanda regionların iqtisadi inkişafı mistiqamətində son 13 il ərzində çox ciddi işlər görülüb: “Bu sıraya ilk növbədə 2004-cü ildən başlayaraq uğurla icra edilən regionların sosial iqtisadi inkişafına dair dövlət proqramları daxildir. Bu proqramlar çərçivəsində görülən işlər bölgələrdə sahibkarlığın inkişafı üçün münbit bir şəraitin formalaşmasına gətirib çıxara bildi.
İnfrastruktur layihələrin reallaşdırılması bölgələrdə yol probleminin həllinə, qaz və elektirik enerjisi, su təchizatının yüksək səviyyədə təşkilinə imkan verdi. Bu gün Azərbaycanın heç bir bölgəsində bu məsələlərlə bağlı problem yaşanmır. Bu isə o deməkdir ki, istənilən bölgədə istehsal müəssisələri qurmaq üçün münbit şərait mövcuddur. Azad sahibkarlığın inkişafına maneə olabiləcək bütün məqamların aradan qaldırıldığı indiki dönəmdə, daxili və xarici investorlar bölgələrimizdə yatrımlar etməyə çox maraqlıdırlar. Bunun belə olduğunu daha əyani görmək üçün son bir neçə ilin məlumatlarına nəzər salmaq kifayətdir. Belə ki, hətta məlum səbəblərdən baş vermiş ümumi iqtisadi azalmalarla müşayət olunan 2016-cı ildə belə Azərbaycan iqtisadiyyatına həm daxili və həm də xarici mənbələr hesabına kifayət qədər yatrımlar edildi. Bu, o deməkdir ki, artıq bölgələrimiz yerli və xarici investorlar üçün kifayət qədər maraqlı və cəlbedici bir məkana çevrilib. Regionların inkişafı üçün yaradılan bu münbit şərait fonunda həm xaricdən və həm Bakı şəhəri daxil respublikanın digər şəhərlərindən vətəndaşlarımızın bölgələrə dönüşü baş verəcək və artıq bu prosses başlayıb”.
Digər iqtisadçı-ekspert Fuad İbrahimov bildirdi ki, Azərbaycanın regionlarının böyük potensialı var: “Həmçinin göründüyü kimi, dövlətin bu istiqamətdə strateji mövqeyi var. Bütün bunlar konkret zaman və məkan çərçivəsində hərəkətə gətirilməlidir.
Ən əsas məsələ ayrılan vəsaitlərin səmərəli və şəffaf istifadəsidir. Odur ki, regionlarınin inkişafını görmək istəyiriksə, idarəçilikdə bu qəbildən olan kadrlara ehtiyac var. O zaman iqtisadiyyatda regionların payının artmasını müşahidə edə bilərik. Bu isə öz növbəsində iş yerlərinin artması deməkdir ki, belə vəziyyət urbanizasiyanın qarşısını alacaq”.
Mübariz BAYRAMOV