Prezident İlham Əliyev avqustun 10-da “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, tütünçülüyün inkişaf etdirilməsi, tütün emalı sahəsinin dərinləşdirilməsi, bu sahədə fəaliyyət göstərən emal müəssisələrinin xammala olan tələbatının yerli məhsul istehsalı hesabına təmin olunması, gəlirliliyin və ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun yüksəldilməsi məqsədi ilə “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Bu proqramm fonunda tütünçülüyün inkiqafında yeni yüksəliş gözləmək olarmı? Ölkə Prezidentinin Qaxda keçirdiyi son müşavirədə 2021-ci ilə qədər tütün sahələri genişləndirilib 6000 hektara çatdırılması tapşırığının da veriləməsi nəzərə alınsa, tütünçülükdə belə inkişaf Azərbaycan iqtisadiyyatı üçün nə vəd edir?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, tütün istehsalının artması siqaret idxalının azalmasına, 450 milyon dollara qənaət etməyə və yeni iş yerlərinin açılmasına rəvac verəcək: “Tütünçülük Azərbaycanın ənənəvi sahələrindən biridir. Sovetlər birliyinin süqutundan sonra tütünçülüyün diqqətdən kənar qalması ilə 2014-ci ildə bu sahənin həcmi min hektara qədər azaldı. 2017-ci ildə bu rəqəm 2014 hektara qədər yüksəlib. Lakin keçmiş sovet dönəmilə müqayisədə tütün əkin sahələrinin həcmi az olaraq qalmaqdadır.
Bu sahədə yeni proqramın təsdiq edilməsi tütünçülüyün inkişafına daha sistemli və institusional yanaşmanı ortaya qoyur. Proqram tütün istehsalının artırılmasını, idxaldan asılılığın aradan qaldırılması, həm də əkin sahələrinin genişləndirilməsini nəzərdə tutur. Azərbaycanda hər il 9 milyard siqaretin istehlak olunduğunu nəzərə alsaq, onun cəmi 1,6 milyardı yerli istehsal hesabına baş verir. Belədə görürük ki, yalnız siqaret idxalına il ərzində 450 milyon dollar xərclənir. Bu fonda proqrama uyğun olaraq tütünçülüyün inkişaf etdirilməsi onun emal edilərək dünya bazarına çıxarılmasına da gətirib çıxaracaq. Tütün istehsalında idxaldan asılılığın aradan qaldırılması 450 milyon dollar vəsaitə qənaət etməyə imkan verəcək. Bu proses həm də yeni iş yerlərinin yaranması ilə nəticələnəcək. İstehsal edilən xammal emaledici sənayedə istifadə olunacaq. Nəticədə regionların inkişafına da təsir göstərəcək. Tütünçülüyün inkişafı ixtisaslı kadrların işlə təmin edilməsinə də şərait yaradacaq.
Dünya sənaye təşkilatının hesablamalarına görə, MDB ölkələri adambaşına ən çox siqaret istehlak edən ölkələrdir. Bu sırada Belarus 3-cü, Rusiya 5-ci, Qazaxıstan 12-ci, Azərbaycan isə 13-cü yeri tutur. Bu mənada keyfiyyətli tütün məmulatlarının istehsalı Azərbaycanın ixrac imkanlarının artması və ölkəyə valyutanın daxil olması demək olacaq. O baxımdan qarşıya qoyulan hədəflər ondan xəbər verir ki, sözügedən dövlət proqramı qeyri-neft sektorun inkişafına stimul yaradacaq, istehsal və ixrac potensdialımız artacaq”.
Azərbaycan İqtisad Universitetinin dosenti Qadir Bayramlı da qeyd etdi ki, tütünçülüyün inkişafı Azərbaycanda qeyri-neft sektorunun inkişafı yolunda mühüm addımlardan biri olacaq: “Sovet dönəmində tütünçülük Azərbaycanda ən çox inkişaf edən sahələrdən biri idi. Keçmiş sovet respublikaları arasında bu sahə üzrə ilk üçlüyü tuturduq. Amma sovetlər birliyinin dağılması ilə baş verən tənəzzül prosesi özünü tütünçülükdə də göstərdi. Keçən əsrin 80-ci illərin ortalarında Azərbaycanda tütün əkin sahəsi 15 min hektardan çox olub. İstehsal isə 64-65 min civarında idi. Sonrakı illərdə isə bu sahə unuduldu. 2015-ci ildə cəmi 1,4 min hektarda tütün əkilib, istehsal isə cəmi 3,5 min hektar olub. İndi 2 min hekrata qədər artım var.
Son zamanlar dövlət tərəfindən bu sahənin təşviqinə fikir verilməyə başlanılıb. Azərbaycanda tütünçülüyün perspektivi vardır. Amma bunun üçün bir sıra addımlar atılmalıdır. Suvarma sistemləri yenidən qurulmalıdır. Tütünçülüyün gübrə təminatı da təmin edilməlidir. Fermerlərlə bağlı təşviq tədbirləri həyata keçirilməlidir. Elə etmək lazımdır ki, fermer bu sahəyə maraq göstərsin. Bunun üçün də uzunmüddətli və aşağı faizli kreditlər verilməli, həm də kreditlərin verilməsində tam şəffaflığın təmin edilməsi lazımdır. Tütünçülük üzrə elmi-tədqiqat işlərinin genişlənməsi də vacibdir. Bölgələrə uyğun tütün sortları əkilməlidir. İndi ən çox “Virciniya” sortu əkilir. Amma sovet dönəmində daha məhsuldar sortlar vardı. Həmin sortlardan yenidən istifadə etməliyik.
Başqa bir tərəfdən, tütünün fermerə sərf edən qiymətə alışı təmin olunmalıdır. Dünyanın bir çox ölkələrində baza qiymətləri deyilən sistem mövcuddur. Azərbaycanda tütün üçün də bu sistemin tətbiqi səmərəli olardı. Yəni, məhsul sahədən yığılmadan dövlət qiymət müəyyən edərək istənilən miqdarda məhsul alacağına zəmanət verir. Tütün qurutma yerləri də ayrılmalı, lazim olan avadanlıqla təmin edilməli, onun tədarük məntəqələrinin təşkili həyata keçməlidir. Tütün emal müəssisələri yaradılmalı, köhnələri bərpa edilməlidir. Əkilən tütünün daşınması üçün tütünçülər uyğun nəqliyyat vasitəsilə təmin edilməlidirlər. Tütün dərman sənayesi üçün də önəmli sahədir. Fikrimcə, bu istiqamətin də ölkəmizdə nəzərdən keçirilməsi faydalı olardı. Tənbəki tütün sortlarına dünyada böyük tələb var. Azərbaycanın da tənbəki tütünü yetişdirib ixrac etmək imkanları genişdir. Bütün bunlar həyata keçirilərsə, Azərbaycanda tütünçülüyü həm gəlirli sahəyə çevirmək, ixracı artırmaq mümkün olacaq. Bu istiqamətdə atılan addımlar həm də yeni iş yerlərinin yaradılması baxımından vacibdir. Həmçinin qismən də olsa şəhərdən kəndə qayıdışa da proses öz təsirini göstərəcək”.
Rüfət NADİROĞLU