Əlaqə Arxiv
news Image
2017.08.29
09:00
| A A A
Dünyanın iqtisadi nəhəngləri "valyuta müharibəsi"nə başlayır
Əkrəm Həsənov: “Çinə bahalı dollar, ucuz yuan sərf edir” Cəfər İbrahimli: “İndiki vəziyyətdə ABŞ ilə Çin arasında milli valyutalarını süni şəkildə ucuzlaşdırması məsələsində problemlər yaşanır”

ABŞ və Çin arasında artan ziddiyyət iqtisadi müstəvidə gedərək özünü daha qabarıq formada büruzə verir.  Bu da iki ölkə arasında  "valyuta müharibəsi"ni də gündəmə gətirir. Çünki hər iki ölkə milli valyutanı ucuzlaşdırmaqla daha çox məhsul ixrac etməyə çalışır. 

İqtisadi məsələlər üzrə ekspert Əkrəm Həsənov hesab edir ki, ABŞ ilə Çin arasında "valyuta müharibəsi"nin başlama ehtimalı azdır: “İlk növbədə nəzərə alaq ki, ABŞ-ın ən iri kreditoru Çindir. Çinin valyuta ehtiyatlarının böyük hissəsi dollardadır. Çin həmin dollarları satışa çıxartsa, bu, ABŞ valyutası üçün ağır zərbə olacaq. Ancaq bundan Çinin özü də böyük zərər görər. 
Çin ixracyönümlü iqtisadiyyata malik ölkədir. Bu baxımdan da Çin həmişə öz valyutasının dəyərini aşağı salmağa çalışıb. Çinə bahalı dollar, ucuz yuan sərf edir. Çin dollar ehiyatını satsa, dollar ucuzlaşacaq, yuan bahalaşacaq. Bu halda da Çin iqtisadiyyatına böyük zərbə dəyəcək. ABŞ isə o qədər də zərər görməyəcək. Əslində, Çin öz valyutasının dəyərini süni şəkildə aşağı salırsa, iki ölkə arasında "valyuta müharibəsi" qaçılmaz olur. ABŞ-ın yeni prezidenti də dolları ucuzlaşdırmaq istəyir ki, Çindən və digər ölkələrdən istehsalat müəssisələri ABŞ-a qayıtsın. Acnaq ABŞ Federal Ehtiyat Sistemi buna imkan vermir. Əksinə, ilin sonuna qədər dolları bahalaşdıracağı ehtimal olunur.  Buna görə də hələlik yüngül gedən "valyuta müharibəsi" Çinin xeyrinədir. Çin valyutasını ucuzlaşdıraraq ixracanı artırıb. 
Digər tərəfdən nəzərə alaq ki, Çin iqtisadiyyatı zəifləyib. Artım tempi əvvəlki illərdə kimi deyil. Ona görə də qızğın "valyuta müharibəsi" gözlənilmir. Hələlik nə ABŞ, nə də Çin bunda maraqlı deyil”. 
Digər iqtisadçı-ekspert Cəfər İbrahimli bildirdi ki, indiki vəziyyətdə ABŞ ilə Çin arasında milli valyutalarını süni şəkildə ucuzlaşdırması məsələsində problemlər yaşanır: “Bu məsələ həmin ölkələrin idxal-ixrac əməliyyatlarını gündəmə gətirir. Lakin nəzərə alaq ki, Çinin ABŞ-ın qiymətli kağızlarına külli miqdarda investisiyası var. Bu mənada ABŞ ilə Çİn arasında "valyuta müharibəsi"nin ciddi mərhələyə keçəcəyi gözlənilmir. 
Əslində, son 5-6 ildə bütün ölkələr milli valyutalarını süni şəkildə ucuzlaşdıraraq ixraclarını stimullaşdırırlar. Ancaq ABŞ ilə Çin arasında proseslərin daha aktiv fazaya keçəcəyi və dünya iqtisadiyyatına ciddi təsirləri gözlənilmir”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz