Əlaqə Arxiv
news Image
2017.10.11
07:00
| A A A
İqtisadi inkişafda qeyri-neft sahəsi aparıcı mövqeyə çıxır
Pərviz Heydərov: “Dövlət gəlirlərinin 70 faizə qədəri neftdən kənar sahələrin hesabına formalaşarsa, qeyri-net sekorunun ön sıraya keçdiyini deyə bilərik” Natiq Cəfərli: “Son bir neçə ildə qeyri-neft sektoru ilə bağlı ciddi qərarlar qəbul olundu”

Qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar öz bəhrəsini verir. Bunu rəqəmlərdən görmək mümkündür. Belə ki, ilin doqquz ayında qeyri-neft iqtisadiyyatı 2,5 faiz artıb. Bunu Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib. 

Prezident əlavə edib ki, bu dövrdə qeyri-neft sektorunun sənaye hissəsində artım 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz təşkil edib, xarici ticarət dövriyyəsi 7 faiz artıb. Bütün bunlar isə onu deməyə əsas verir ki, artıq iqtisadi inkişafda qeyri-neft sahəsi aparıcı mövqeyini bərpa edir. 
İqtisadçı-ekspert Pərviz Heydərov bildirdi ki, 2014-cü ildən sonra neftin dünya bazarında qiyməti kəskin şəkildə aşağı düşməyə başladı: “Bu da gəlirləri bilavasitə neftə bağlı olan ölkələrin iqtisadiyyatlarına ciddi şəkildə təsir göstərdi. Bu proseslər başlanan kimi cənab Prezident başda olmaqla, Azərbaycan hökuməti təcili tədbirlər həyata keçirdi. 
Əslində, qeyri-neft sektorunun inkişafı neftin qiymətinin aşağı düşməsindən əvvəl də prioritet idi. Sadəcə, 2014-cü ildən neftin qiymətinin gözlənilmədən kəskin şəkildə enməsi keçən il hökuməti daha geniş miqyasda tədbirlərə görməyə məcbur etdi. Qeyri-neft sektorunun ixrac potensialının artırılması qarşıya bir nömrəli vəzifə olaraq qoyuldu. Onsuz da 2020-ci ildən sonra neftin qiyməti artsa da, Azərbaycanın neftdən gəlirləri azalacaq. Çünki bizdə həm də hasilat aşağı enir. Sadəcə, neftin qiymətinin siyasi səbəblərdən gözlənilmədən düşməsi Azərbaycanı bir qədər çətin vəziyyətə saldı. Bu da keçən il Azərbaycan hökumətinin atdığı addımlarla öz həllini tapdı”.
İqtisadçı əlavə etdi ki, ümumiyyətlə, qeyri-neft sektorunda artım 2014-cü ildən əvvəl də müşahidə olunurdu: “Proses ardıcıl olaraq, davam edir. Ancaq hələ bu sahədə inamla danışmaq bir qədər çətindir. Çünki dövlət büdcəsinin yarısı hələ də neft pulları hesabına formalaşır. Bundan əlavə, bir nömrəli ixrac məhsulumuz neft olaraq qalmaqdadır. Dövlət gəlirlərinin 70 faizə qədəri neftdən kənar sahələrin hesabına formalaşarsa,  qeyri-net sekorunun ön sıraya keçdiyini deyə bilərik. Bu da müəyyən vaxt tələb edən məsələdir. 
Qeyri-neft sektorunda işlər çoxdur. Onu vaxtında istehsal etməklə yanaşı, rəqabətqabiliyyətli etməliyik. Eyni zamanda xaricdə də alıcısı olmalıdır. Bu baxımdan qeyri-neft sektorunun istədiyimiz səviyyəyə qalxmasına vaxt lazımdır. Ancaq buna vaxtından əvvəl nail olacağımıza inanıram. Görülən işlər bunu deməyə əsas verir”. 
Digər iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, qeyri-neft sektorunun aparıcı mövqeyə keçdiyin hələ demək olmaz: “Çünki, ümumi daxili məhsulun formalaşmasında, həmçinin xarici ticarətdə qeyri-neft sektorunun payı hələlik aşağıdır. Sadəcə, son bir neçə ildə qeyri-neft sektoru ilə bağlı ciddi qərarlar qəbul olundu. İnvestisiya layihələri həyata keçirilməyə başladı. Əsasən də kənd təsərrüfatında, emal sənayesində dövlətin təşviqi ilə ciddi yatırımlar oldu. Bu da müəyyən nəticələr verir. 
Qeyri-neft sektorunda olan  aşağı səviyyədəki istehsal hazırda daha yuxarı səviyyələrə qalxıb. Ancaq ümumi iqtisadiyyatda xüsusi çəkiyə baxdıqda, enerji  sektorunun payının yüksək olduğunu görərik. Bu da qısa zamanda sehrli çubuqla dəyişəcək bir prsoses deyil. Atılan addımların bəhrəsini verməsi üçün illər lazımdır. Neft sektorunun əvəzlənməsinə, qeyri-neft sektorunun ilk pilləyə keçməsinə bir neçə il lazımdır”.
Mübariz BAYRAMOV  

Sizin Reklam Yeriniz