Əlaqə Arxiv
news Image
2017.10.11
09:00
| A A A
Azərbaycanın iqtisadi qüdrətini artıran daha biri layihə işə düşür
Musa Quliyev: “Sözügedən layihənin işə düşməsi Azərbaycana siyasi, iqtisadi, maddi və tarixi baxımından böyük dividendlər gətirəcək” Yaşar Əsədov: “Layihənin işə salınması ilə tranzit yolu baxımından Azərbaycanın mövqeyi güclənəcək”

"Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi demək olar ki, başa çatıb. Yaxın vaxtlarda bu yolun rəsmi açılışı nəzərdə tutulur. Bu da tarixi layihədir. Yəni, Azərbaycanın iştirak etdiyi və bir çox hallarda təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır. Onların əsas məqsədi və mahiyyəti ondan ibarətdir ki, bu layihələr, bu kontraktlar ölkəmizi gücləndirir. Azərbaycanın qüdrəti, iqtisadi potensialı, siyasi çəkisi, regional müstəvidə rolu artır və bu kontraktlar bizə böyük iqtisadi mənfəət, səmərə verir". Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirib. 

"Bakı-Tiflis-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasimi oktyabrın 30-da keçiriləcək". Bu barədə isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tiflisdə gürcü həmkarı Mixeil Canelidze ilə görüşdə bildirib. Qeyd edək ki, ümumi uzunluğu 826 km olan bu dəmir yolu xəttinin tikintisinə 2007-ci ildə start verilib. Onun yük daşıma qabiliyyəti il ərzində 6,5 milyon ton, sərnişin daşıma qabiliyyəti isə 1,5 milyon nəfərə qədərdir.  Bu xəttin işə düşməsi Azərbaycana hansı üstünlüklər qazandırır?
Milli Məclisin deputatı Musa Quliyev bildirdi ki, sözügedən layihənin işə düşməsi Azərbaycana siyasi, iqtisadi, maddi və tarixi baxımından böyük dividendlər gətirəcək: “Bakı-Tiflis-Qars dəmir yolunun işə düşməsi Azərbaycan dövlətçiliyi tarixində çox mühüm bir hadisədir. Bu layihə heç də təkcə siyasi və iqtisadi     qiymətlə ölçülən məsələ deyil. 
Birinci növbədə neçə illərdən bəri Azərbaycanın pozulmuş məkan əlaqələrinin bərpa olunması deməkdir. İndiyə qədər neçə ildir quru yolla Naxçıvana gedib gələ bilmirdik. Artıq dəmir yolunun işə düşməsilə bu məsələ də öz həllini tapacaq və quru yolla Naxçıvana getmək imkanı əldə edəcəyik. Belə ki, sonrakı layihədə Qarsdan Naxçıvana da dəmir yolu xəttinin çəkilməsi məsələsi düşünülür. Bu dəmir yolu çəkilməsə də Qarsdan sərnişin avtobusları ilə Naxçıvanla əlaqə qura biləcəyik. 
Digər tərəfdən, bu layihənin gerçəkləşməsi Şərq-Qərb İpək Yolunun Azərbaycan üzərindən dəmir yolu vasitəsilə bərpası demək olacaq. Yaponiya, Çin, Koreya, Hindistandan gələn bütün yüklərin Azərbaycan üzərindən Türkiyə, oradan da Avropaya çatdırılmasının iştirakçısı olacağıq. Bu da Azərbaycana ciddi dəyər qazandıracaq və maliyyə resurslarımızın genişlənməsinə, iqtisadi baxımdan səmərə verməsinə səbəb olacaq. Digər tərəfdən, Türkiyə ilə Azərbaycanın dəmir yolu vasitəsilə bağlanması həyata keçəcək ki, bu da vacib şərtlərdən biridir. Belədə vətəndaşlarımız Türkiyəyə təyyarə və avtobusla getməklə yanaşı, ucuz başa gələn qatarla da getmək imkanı qazanacaq. Sutka yarım ərzində Bakıdan çıxmaqla Türkiyəyə çatmaq mümkün olacaq. Bu layihə tarixdə bir Azərbaycan layihəsi kimi də qalacaq. Həyata keçməsində də ən maraqlı tərəf ölkəmiz olub. Hətta maliyyə imkanları olmayan Gürcüstana Azərbaycan layihənin gerçəkləşməsi üçün uzun müddətli və sərfəli şərtlərlə kredit verdi. 
Bu olay Azərbaycan dəmir yolu tarixində inqilaba bərabər, böyük əhəmiyyətli bir hadisədir. Oktyabrın 30-da Bakı-Tiflis-Qars dəmir yolunun Bakıda təntənəli açılışı olacaq ki, ora gələn qonaqlar arasında bir neçə ölkənin dövlət başçıları da olacaq. Onun açılışı ölkəmizin ən böyük bayramlarından biri olacaq”. 
İqtisadçı-ekspert Yaşar Əsədovun fikrincə, layihənin işə salınması ilə tranzit yolu baxımından Azərbaycanın mövqeyi güclənəcək: “Azərbaycanın sərvətlərindən biri də onun yüerləşdiyi əlverişli coğrafi mövqeyidir. Azərbaycan Şimalla Cənub arasında ən səmərəli və qısa, ən təhlükəsiz marşurut yoludur. Həm də ölkəmizin imkanı var ki, Şərq-Qərb marşurutu üzrə də vacib bir məntəqəyə çevrilsin. Sözügedən dəmir yoluna  Orta Asiya və Çin qoşulsa, onda Azərbaycan həmin marşurutdan daha ciddi dividend və üstünlüklər qazanacaq. Azərbaycan o halda daha böyük həcmdə tranzit gəlirləri əldə edəcək. 
Ölkəmiz ərazisindən həmin dəmir yolu vasitəsilə ildə 10 milyon tonlıq yük daşınacaqsa,  Azərbaycanda güclü limanlar fəaliyyət göstərəcək, yeni iş yerləri yaranacaq. Yəni, tranzit ölkə kimi həmin layihənin Azərbaycan üçün üstünlükləri çox böyükdür”.
Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz