Əlaqə Arxiv
news Image
2017.10.20
07:00
| A A A
Avropa enerji təhlükəsizliyini Azərbaycana həvalə edir
“Cənub Qaz Dəhlizi” iqtisadi münasibətlərin yeni aparıcı xəttinə çevrilir

Bu günlərdə Bakıda səfərdə olarkən Polşa Respublikasının xarici işlər naziri Vitold Vaşikovski ölkəsinin “Cənub Qaz Dəhlizi”ni dəstəklədiyini bəyan edib. Nazir Polşanın Cənub-Şərqi Avropaya Rusiya qazına alternativ qaz təchiz etməyə imkan verən bu dəhlizi dəstəklədiyini bildirib: “Biz Azərbaycanın öz xammal potensialı sayəsində Avropanın energetika təhlükəsizliyinin gücləndirilməsinə verəcəyi töhfəni səbrsizliklə gözləyirik”. Polşalı nazirin dediyi kimi avropalıların Azərbaycandan mavi yanacaq gözləməklərinin əsası indiyədək Aİ ölkələrinə etibarlı şəkildə neft xammlının göndərilməsi fonunda yaranıb. “Əsrin müqaviləsi”nə uyğun olaraq bütün şərtlərə vaxtında və yüksək keyfiyyətlə və əlavə şərtlər irəli sürtmədən yerinə yetirən Azərbaycana köhnə qitədə ciddi etibarlılıq var.  

Polşanın xarici işlər naziri Vitold Vaşikovski məhz bu təsəvvürlərə görə dediyi fikirləri inamla ifadə edib. Onun dilə gətirdiyi “25 illik intensiv əməkdaşlığımız olub. Bu tarixi Prezident İlham Əliyevin bu il Polşaya səfəri ilə qeyd etdik. Gələn il Polşa prezidentinin Azərbaycana səfərini gözləyirik. Azərbaycan regionda, həmçinin enerji ehtiyatları təchizatçısı kimi bizim üçün mühüm ölkədir” mesajı da deyilən bu sözlərin bariz təsdiqi kimi səslənir.
Düzdür, Aİ ölkələrinin əsas qaz təchizatçısı Rusiyadır. Lakin uzun illər ərzində bu işdə monopolist mövqe sərgiləyən bu ölkə ilə Qərbin münasibətləri ciddi şəkildə zədələnib. Qərbin, xüssusilə də ABŞ-ın siyasi və iqtisadi sanksiyaları müqabilində Rusiya Avropanı qaz kəmərləri ilə şantaj mövqeyi sərgiləyib. Bu səbəbdən Qərb Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolun fərqindədir. İş burasındadır ki, Avropanın enerjiyə olan tələbatı ildən-ilə artmaqadır. Birliyə daxil olan ölkələr ənənəvi enerji mənbələri ilə yanaşı, Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə tikintisi uğurla davam edən “Cənub Qaz Dəhlizi”ni siyasi və iqtisadi cəhətdən ciddi dəstəkləyirlər. Çünki, Azərbaycan dövləti Avropa ölkələri üçün yeni alternativ enerji mənbəyi funksiyasını həyata keçirir.
Artıq “Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulmasından 3 il keçir. Bu dəhlizlə Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil olunacaq qazı Türkiyəyə, oradan da Avropaya daşınacaq. Mütəxəssislər və siyasətçilər 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”ni dünyada inkişaf etdirilən ən  komplektləşdirilmiş təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirirlər. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” (CQBKG), Trans-Anadolu boru kəməri (TANAP) və “Trans-Adriatik” boru kəməri (TAP) layihələri təşkil edir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır. TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamıdır. O,  Avropa Komissiyasının ortaq maraqlara xidmət edən 33 prioritet enerji təhlükəsizliyi layihəsi siyahısına daxil edilib. TAP layihəsi “Şahdəniz-2” yatağından hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradacaq. Bu layihənin də 50 faizdən çoxu icra edilib. 
Göründüyü kimi, avropalı siyasətçilərinin Azərbaycandan gözlədikləri alternativ enerji kəmərləri şəbəkəsinin əhəmiyyəti böyükdür. Bu isə ona dəlalət edir ki, Azərbaycanın Avropanı enerji təhlükəsizylinin təmin edilməsində rolu sürətlə artır.
N.NOVRUZ

Sizin Reklam Yeriniz