Əlaqə Arxiv
news Image
2017.10.24
09:00
| A A A
Ərəb investorlar Azərbaycandan əkin sahələri istəyirlər
Qadir Bayramlı: “Ərəb investorlarına ancaq aşağı və orta məhsuldarlı torpaqlar icarəyə verilə bilər” Natiq Cəfərli: “Ancaq yeni texnologiyaların gətirilməsi şərtilə xarici investorlara əkin sahələri icarəyə verilə bilər”

Ərəb investorları Azərbaycanda onlara əkin sahələrinin ayrılmasını istəyirlər. Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının  Ticarət Palatalar Federasiyasının baş katibi Əbdülrahim Həsən Nəqi  qurumda yer alan  ölkələrin iş adamları üçün kənd təsərrüfatı sahəsində əkinə yararlı torpaqların ayrılmasını təklif edib: "Çox istərdik Körfəz məhsullarına tətbiq edilən gömrük rüsumları da azaldılsın. Hazırda bu göstərici 200%-ə çatır. Habelə KƏŞ vətəndaşları üçün nəzərdə tutulan 20 dollarlıq viza rüsumu ləğv edilərək, biletin ümumi dəyərinə əlavə olunmasını istərdik. 

Bundan başqa, Azərbaycanda maliyyə kreditlərinin əldə olunmasını asanlaşdırmaq, ikiqat vergitutmanın həcminin azaldılmasını da təkliflərim sırasında qeyd etmək istərdim. Düşünürəm ki, Azərbaycan və KƏŞ ölkələri investisiya fondu yaradıla bilər. Öz növbəsində Azərbaycan iş adamlarının da KƏŞ ölkələrinin bazarından istifadə etmək üçün geniş imkanları mövcuddur". Ərəb investorlarına Azərbaycanda əkin sahələrinin ayrılması mümkündürmü və bu, hansı üstünlüklər vəd edir?
İqtisad Universitetinin dosenti Qadir Bayramlının fikrincə, ərəb investorlarına əkin sahələri icarəyə verilə bilər. Amma həmsöhbətimiz bu zaman onlara ancaq aşağı və orta məhsuldarlı torpaqların verilməsinı məqbul hesab etdi: “Bir ölkənin əkin sahəsinin başqa ölkədən gələn investorlara icarəyə verilməsi kimi təcrübələr var. Məsələn, Çin Qazaxıstandan öz investorları üçün əkin sahələrinin ayrılması xahişində bulunub. Pekin Astanadan 1 milyon hektara yaxın torpaq istəmişdi. Bu fonda dövlətin nəzarətində olan torpağın bir hissəsini xarici iş adamlarına icarəyə verə bilərik. Belədə ərəb investorlarının ölkəmizdə əkin sahələri almasının müəyyən müsbət tərəfləri olacaq. 
Ölkəmizə sərmayə cəlb edilməsi nöqteyi-nəzərdən ərəb investorlarına burada əkin sahələri ayrılmasının mühüm əhəmiyyəti olacaq. Çünki ölkəmizdə kənd təsərrüfatı sahəsində bəzi infrastruktur layihələri üçün böyük miqdarda sərmayə lazımdır. Hansı ki, ehtiyac olan sərmayəni ərəblər də daxil xarici iş adamlarının ölkəmiyə qoyduğu yatırımlar hesabına cəlb etmək olar. Səmərəli təşkil edilən xarici investisiya ilə Azərbaycana kənd təsərrüfatı sahəsində yeni texnologiya, yeni innovasiya, suvarma sistemlərinn gətirilməsi də mümkün olacaq. Bu da məhsuldarlığın artımına, nəticə etibarı ilə də məhsul bolluğuna stimul verər. Həmçinin bu addım əkin sahələrinin də genişlənməsinə rəvac verəcək. Lakin ərəb investorlarına yüksək məhsuldarlı deyil, aşağı və orta məhsuldarlı torpaqları icarəyə vermək daha məqsədəuyğun olardı. Çünki onların kifayət qədər sərmayə qoymaq imkanları var. Həmin investisiya vasitəsilə aşağı keyfiyyətli torpaqlarımızın yenidən kənd təsərrüfatına qazandırımasını həyata keçirə bilərik. Belədə bir sıra yararsız torpaqları əkinə yararlı hala gətirmək mümkün olacaq. Bu fonda yüksək məhsuldar torpaqlar bütün hallarda yerli fermerlərin nəzarətində qalmalıdır. Yəni, ərəb investorlarına aşağı və orta ranqlı torpaqlar, özü də ancaq dövlətin nəzarəti altında icarəyə verilə blər”. 
İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, ərəb investorlarının ölkənin kənd təsərrüfatına kapital qoyuluşu Azərbaycanda istehsal və məhsuldarlığın artımına gətirib çıxara bilər: “Ərəb investorlarına Azərbaycanda əkin sahələrinin ayrılması əslində, mümkündür. Amma özəlləşərək həmin əkin sahələrinin ərəblərin mülkiyyətinə verilməsi doğru olmaz. Ən azından uzunmüddətli icarəyə verilməsi şərtilə xarici investorlar, o cümlədən ərəblərə torpaq sahələri ayrıla bilər. Həmçinin, bu zaman onların qarşısında məsələ qoyulmalıdır ki, ancaq yeni texnologiyaların gətirilməsi şərtilə bu addım atılacaq. 
Habelə, şoranlaşmış torpaqlar icarəyə verilməlidir ki, onların təmizlənməsini də məhz xarici investorlar tərəfindən həyata keçirilsin. Təbii ki, yeni texnologiya və böyük pulların ölkəmizin kənd təsərrüfatı sahəsinə gəlməsi ölkədə istehsalın artımına rəvac verə bilər. Bu da daxildə məhsul bolluğu və qiymətin ucuzlaşmasına və xaricə böyük həcmdə ixracatın həyata keçirilməsinə səbəb olar. Yəni, ərəb investorları üçün ölkəmizdə əkin yerlərinin ayrılması hər iki istiqamətdə Azərbaycan üçün xeyirlidir”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz