Əlaqə Arxiv
news Image
2017.10.27
08:00
| A A A
Bitkoinlər yeni maliyyə piramidasıdır?!
Xalid Mikayılov: “Valuyta və ya başqa bir aktivin nəyəsə əsaslanması lazımdır” Əkrəm Həsənov: “Bunun növbəti maliyyə piramidası olması haqqında ehrimallar var”

Dünya bazarında bitkoinin qiyməti durmadan artmaqdadır. Bu fonda ona qoyulan sərmayələr çoxalır. Rəqəmsal pul vahidi bitkoin, 2017-ci ilin əvvəlindən bu yana təxminən 350 faiz bahalaşıb. Belə ki, ilin əvvəlində 1000 dollardan aşağı olan virtual pulun dəyəri hazırda tarixinən 6 min dollar təşkil edir. Hətta yaxın 10 ildə dünya bazarında bitkoinin qiyməti 50 min ABŞ dollarına qədər yüksələ bilər. Bu proqnozu "Standpoint Research" investisiya şirkətinin qurucusu Ronni Moas "CNBC" telekanalına müsahibəsində verib. 

Moas həmçinin qeyd edib ki, hazırda dünyada olan kriptovalyutaların ümumi kapitallaşmaya görə artıq "Goldman Sachs" (93,67 mlrd. dollar) kimi bankı ötüb. Əgər rəqəmsal valyutaların qiyməti bu templə artmağa davam edərsə, yaxın 5 ildə 800 mlrd. dollar kapitallaşması olan dünyanın ən bahalı şirkəti "Apple"ı da ötəcək.
Xatırladaq ki, "CoinDesk"dən verilən məlumata görə, hazırda bitkoinin kapitallaşması 93,77 mlrd. dollara yüksəlib.
Ekspertlər bitkoinə marağın artmasının səbəbini müxtəlif amillərlə izah edirlər. Ancaq eyni zamanda bunun yeni maliyyə piramidası olduğu da ehtimallardan biridir.
İqtisadçı-ekspert Xalid Mikayılovun fikrincə, dünya bazarında bitkoinə qoyulan sərmayələrin artması əsasən Çinin ölkədən kapital çıxışına qadağa tətbiq etməsi nəticəsində investorların alternativ yatırım aləti kimi bitkoinə keçməsi, həmçinin bəzi iqtisadi, siyasi problemlər səbəbindən meydana gəlib: “Bitkoin daha çox dəyər saxlayan bir alternativ alət kimi istifadə olunur. Bu isə onunla bağlıdır ki qiyməti birdən-birə dəfələrlə artır. Nəticədə alqı-satqı aktivinə də çevrilir. Amma bitkoinin çatışmamazlıqları çox olduğu üçün ciddi yatırım aləti hesab edilmir. Çünki hazırda bir sıra ölkələrdə ona qadağalar tətbiq olunur. 
Valuyta və ya başqa bir aktivin nəyəsə əsaslanması lazımdır. Məsələn, valyutalar öz ölkələrinin iqtisadiyyatına əsaslanır. Ona görə də valyutanın bütün funksiyalarını yerinə yetirə bilirlər. Bitkoin isə demək olar ki, heç nəyə əsaslanmır. Bitkoini daha çox binar opsionlarına bənzətmək olar. Yəni, ortada aktiv yoxdur, amma spekulyativ şəkildə alınıb satılır. Ona görə də sabit deyil”.
Ekspertin sözlərinə görə, bitkoinin Azərbaycan bazarına ayaq açması üçün bizdə maliyyə bazarı kimi infrastrukturun olması lazımdır: “Həmçinin investorların marağı vacib şərtdir. Amma bizdə investorlar daha çox konservativ təsir bağışlayır. Ayrı-ayrı şəxslərin bitkoin alması mümkündür, amma geniş şəkildə yayılması inandırıcı səslənmir”.
Digər iqtisadçı-ekspert Əkrəm Həsənov bildirdi ki, bu ilin ortalarından bitkoinin qiyməti artmağa başlayıb: “Ümumiyyətlə, dünyada kriptovalyutaya diqqət artıb. Bu da ənənəvi pul vahidlərinə etimadsızlıqdan irəli gəlir. 
Ənənəvi pul vahidlərindən fərqli olaraq,   kriptovalyutanın miqdarı məhduddur. Deməli, dəyəri düşmür. Qiymətinin artımı bununla bağlıdır. İnsanlar həmişə istəyib ki, onların cibindəki pulun dəyərini dövlət yox, açıq bazar müəyyənləşdirsin. İkinci səbəbi də odur ki, dövlət kriptovalyuta dövriyyəsinə təsir edə bilmir. Çünki kriptovalyutanın dövriyyəsi dövlət nəzarətindən kənardadır. Bu amillər bitkoinə marağı artırıb”.
Əkrəm Həsənov əlavə etdi ki, artıq bu pul Azərbaycana da gəlib: “Nəzərə alaq ki, kriptovalyutanın ölkəsi yoxdur. Heç bir yerdən, vahid mərkəzdən idarə olunmur. Ona görə bu gün Azərbaycanda da ondan istifadə edilir. Get-gedə bundan daha çox itifadə ediləcək. Böyük ehtimalla yaxın 10 ildə dünya dövlətləri kriptovalyutaların necə dövlət nəzarətinə götürülməsi haqqında müəyyən tədbirlər görəcəklər”.
Əkrəm Həsənov vurğuladı ki, bunun növbəti maliyyə piramidası olması haqqında ehrimallar var: “Ancaq inandırıcı deyil. Çünki maliyyə piramidası bir nəfərin əlində cəmləşib və onu idarə edir. Acnaq kriprovalyutanı kimsə idarə etmir. Odur ki, hətta əksinə, ənənəvi pul sistemi maliyyə piramidasıdır. Çünki dövlət tərəfindən idarə olunur”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz