Əlaqə Arxiv
news Image
2017.10.27
09:15
| A A A
Büdcənin formalaşmasında neft gəlirlərindən asılılığa son qoyulur
Fikrət Yusifov: “Biz iri investisiya xərclərini birbaşa dövlət büdcəsindən deyil, Dövlət Neft Fondunun büdcəsindən də həyata keçirə bilərik” Fuad İbrahimov: “Proseslər qərarlarda olduğu kimi getsə, qeyri-neft sektorunda ciddi artımlar qeydə alınacaq”

Azərbaycan hökuməti 2019-2021-ci illərdə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertləri 28,8% - 6 milyard 561,6 milyon manatadək azaltmağı planlaşdırır. 2018-ci il və növbəti 3 il üçün büdcə materiallarına əsasən gələn il ARDNF-dən dövlət büdcəsinə transfertlər 9 milyard 216 milyon manat və ya bütün büdcə gəlirlərinin 45,8%-ni təşkil edəcək. 2019-cu ildə ARDNF-dən transfertlər 7 milyard 520,7 milyon manat və ya büdcə gəlirlərinin 40%-i, 2020-ci ildə 7 milyard 520,8 milyon manat və ya büdcə gəlirlərinin 39,3%-i, 2021-ci ildə isə 6 milyard 561,6 milyon manat və ya büdcə gəlirlərinin 35,5%-i səviyyəsində proqnozlaşdırılır. Beləliklə qeyd edilən rəqəmlər fonunda büdcənin formalaşmasında neft gəlirlərindən asılılığın  azaldığını görürük. İqtisadçıların sözlərinə görə, qarşıya qoyulan vəzifələr düzgün icra edilərsə, qeyri-neft sektorunun payı büdcə gəlirlərində daha da arta bilər. 

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov bildirdi ki, real sektorda inqilabi dönüş etməyə start verdiyimiz son iki ildən sonra növbəti ilin büdcəsininin gəlirlərinin neftdən asılılığınının 55,1 faizə endirilməsi hələ  qarşıda bu istiqamətdə yeni addımların atılmasını zəruri edir: “Ən azından ona görə ki, yaxın gələcəkdə neftin qiymətinin özünü necə apracağına heç kim təminatçı ola bilməz. Necə ki, 2014-cü ildə onun anidən dörd dəfəyə qədər azalacağını heç kim öncədən proqnozlaşdıra bilmədi. 
Növbəti ildə neftin qiymətləri özünü necə göstərəcək? Buna dünyanın siyasi müstəvisində baş verən proseslər, həm də alternativ enerji mənbələrinin  inkişaf prizmasından baxmaq lazımdır. Biz bir dəfə neftin qiymətlərinin kəskin azalmasının yaratdığı fəsadların miqyasını gördük. Milli valyutanın bir ildə iki kəskin devalvasiyasından sonra bütün iqtisadi və sosial göstəricilərimizin müəyyən qədər pisləşdiyinin şahidi olduq. Belə təhlükə ilə yenidən üz-üzə qalmamaq üçün biz büdcədə neftdən daxilolmaların həcmini əsaslı şəkildə artırmağa üz tutmamalıyıq. Hökumət belə bir kursu müəyyən etsə də, növbəti il üçün neftdən müəyyən qədər asılı bir büdcə təqdim etdi. Bütün imkanlardan və hətta texniki üsullardan istifadə etməklə də olsa, növbəti ilin büdcəsində neftdən daxilolmaların artımına yol verilməyəydi. Neftə güvənmək olmaz. Bəs vəziyyətdən çıxışın hansı mümkün yolları var? Hesab edirəm ki, dövlətin xərclərini azaltmadan bu problemi çözmək mümkündür. 
Biz iri investisiya xərclərini birbaşa dövlət büdcəsindən deyil, Dövlət Neft Fondunun büdcəsindən də həyata keçirə bilərik. Bu xəclər onsuz da Neft Fondundan Dövlət büdcəsinə ayrılacaq transferlər hesabına maliyyələşdiriləcək. Neft Fondunun büdcəsinə daxil olan vəsaitlər də dövlətə məxsusdur. Ancaq biz bu xərcləri dövlət büdcəsindən deyil, Dövlət Neft Fondunun büdcəsindən maliyyələşdirdikdə vəziyyət tamamilə dəyişir. Bu variantda biz Neft Fondundan vəsaitləri investisiya layihələrinə o halda yatıra bilərik ki, dünya bazarlarında neftin qiymətinin yüksək olması səbəbində büdcəyə proqnozlaşdırılan səviyyədə vəsaitlər daxil olsun. Neftin qiymətləri kəskin azaldığı halda isə məsələnin həlli çox sadədir – biz investisiya layihələrinin maliyyələşdirilməsini ya azaldır, ya da tamamilə dayandırırıq. Belə olanda büdcə göstəricilərimizin kəskin pisləşməsinə yol verilmir. Ancaq bu xərcləri büdcədə nəzərdə tutub icra etməyəndə, büdcənin əksər göstəriciləri pisləşir. Bu da bütün səviyyələrdə müzakirələrə və qınaqlara gətirib çıxarır”.
Digər iqtisadçı-ekspert Fuad İbrahimov bildirdi ki, qeyri-neft sektorunun inkişafına əsas təkan 2017-ci ildə verilib: “Yəni, hələ bu işə yeni başlanılıb. Qeyri-neft sektorunda nəticələr tez bir zamanda əldə edilmir. Bunun sonun gözləyib, nəticələri əldə etməliyik. 
Düzdür, hazırda verilən qərarlar, islahatlarla bağlı proqram sağlam fikirlərə söykənir.  Sadəcə bunların icrasının necə olacağı əsasdır. Nəticənin necə olacağını gözləməliyik. Proseslər qərarlarda olduğu kimi getsə, qeyri-neft sektorunda ciddi artımlar qeydə alınacaq”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz