Əlaqə Arxiv
news Image
2017.12.01
07:00
| A A A
Manatın gələnilki taleyi ilə bağlı mühüm proqnozlar verildi
Natiq Cəfərli: “2018-ci il manatın daha da möhkəmlənməsi yolunda mühüm illərdən biri ola bilər” Yaşar Əsədov: “Yaranmış vəziyyət əhali arasında gələcək perspektivə ümidi artırır”

Azərbaycana daxil olan xarici valyutanın o cümlədən dolların kütləsi ölkədən çıxanla müqayisədə xeyli artıb. Bu artımın gələn il ərzində də davam etməsi gözlənilir. Belə vəziyyət ölkənin maliyyə bazarlarına nə vəd edir? 

İqtisadçı-ekspert Natiq Cəfərli düşünür ki, daxil olan valyuta həcminin ölkədən gedən valyutanın həcmilə müqayisədə yüksək olması manatın dayanıqlığını daha da möhkəmləndirəcək: “Əslində, tədiyyə balansı və ticarət dövriyyəsində müsbət saldonun olması, cari il ərzində ölkəyə gələn valyutanın həcminin artmasını sübut edən əsas amillərdən birinə çevrildi. Təbii ki, ölkəyə daxil olan valyutanın həcminin çıxan valyuta ilə müqayisədə üstün olmasında rol oynayan başlıca amil neftin qiymətlərilə bağlı oldu. Bu il ərzində neftin qiymətində təxminən 25 faizlik artım müşahidə edildi. Belədə əlavə valyutanın Azərbaycana daxil olması, tədiyyə balansındakı müsbət saldo ölkədə manatın sabit qalması və ona güvənin artmasına gətirib çıxaran amillərdən birinə çevrildi. 
Gələn il üçün də mövcud tendensiyanın davam edəcəyi gözlənilir. Çünki neftin hazırkı qiymətlərinin bir müddət qalacağı ehtimalı yüksəkdir. Amma müəyyən xarici şoklar da ola bilər. Bunu ölkə büdcəsinin təqdimatında bir sıra rəsmi şəxslərdən də eşitdik. Nazirlər və Mərkəzi Bankın rəhbərliyi də bu barədə danışdı. Xarici şoklar olmasa, neftin qiymətinin yenidən kəskin ucuzlaşması baş verməsə, bu halda gələn il Azərbaycan manatının daha da möhkəmlənməsi yolunda mühüm illərdən biri ola bilər. Sözügedən tendensiya təbii ki, maliyyə bazarına passiv təsir göstərir. Hələlik daxil olan valyutanın həcminin çıxan valyuta ilə müqayisədə yüksək olması tendensiyası  bank sektorunun maliyyə vəziyyətinin yaxşılaşmasında öz rolunu oynaya bilmir. Çünki banklar daha da güclənməlidir ki, maliyyə sabitliyinin təmin edilməsinə öz töhfələrini verə bilsinlər. Yəni, dövlət tərəfindən müəyyən addımlar atılıb. Amma banklar hələ də tam ayağa qalxaraq iqtisadi aktivlikdə mühüm rol oynaya bilmir. Hansı ki, bu məsələ 2018-ci ildə əsas həll olunmalı məsələlərdəndir”.
Digər iqtisadçı-ekspert Yaşar Əsədov isə gələn valyutanın gedənlə müqayisədə çox olmasının bilavasitə maliyyə sisteminə təsirinin olmadığı qənaətindədir. Amma bununla belə o qeyd etdi ki, sözügedən perspektiv əhalinin gələcəyə olan ümidlərinin artmasına gətirib çıxaracaq: “Azərbaycana daxil olan xarici valyutanın həcmi artaraq ölkədən çıxan valyutaya nisbətən çox olursa, bu artan vəsaitlər ilk növbədə milli ehtiyatlara toplanır. Həmin vəsaitlər Mərkəzi Bankın qazıl-valyuta ehtiyatlarında, hökumətin hansısa ehtiyat büdcəsinə yığılır. Yəni, həmin vəsaitlər bilavasitə dövriyyəyə daxil olaraq manatın maliyyə sisteminə daxil olan valyuta deyil. Ondan ancaq ehtiyac olduqca, tələbat yarandıqca müəyyən istiqamətlərdə istifadə ediləcək. Ona görə də ölkədə daxil olan valyutanın həcminin artmasının bilavasitə maliyyə sisteminə aidiyyatı yoxdur. Əlbəttə ki, bu proses manatın dayanıqlığını yüksəldəcək. Hökumətin inamını, əhali arasında da gələcək perspektivə ümidi artırır”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz