Əlaqə Arxiv
news Image
2017.12.07
09:30
| A A A
Yüksələn neft qiymətləri iqtisadi fəallığı artıracaq
Əli Əlirzayev: “Neftin qiymətinin bahalaşması fonunda artıq gələn gəlirlər ölkəmiz üçün yeni imkanlar açacaq” Yaşar Əsədov: “Neftin qiymətinin dəyişməsilə bağlı Azərbaycanda növbəti ildə büdcəyə, onun gəlir və xərc hissəsinə yenidən baxmaq tendendiyası mövcuddur”

Gələn il üçün neftin orta qiymətinin 60 dollar səviyyəsində olması proqnozlaşdırılır. Bu vəziyyətdə Azərbaycan neft satışından daha çox gəlir əldə edəcək. Çünki neftin büdcə qiyməti gələn il üçün 45 dollardan götürülüb. Neft gəlirlərinin artması fonunda gələn il büdcə xərclərinin proqnozlaşdırıldığından çox olmasını gözləmək olarmı? Bu ölkədə iqtisadi fəallığa nə vəd edir?

İqtisadçı alim Əli Əlirzayev bildirdi ki, artıq gəlirlərin olması ölkəmiz üçün yeni imkanların yaranması deməkdir: “Son illərə qədər hər ilin may ayında Milli Məclis tərəfindən bildiyiniz kimi, dövlət büdcəsinə yenidən baxılıb. Həmin dövrə qədər planlaşdırıldığından daha çox gəlir əldə edildiyi məlum olursa, Milli Məclisdə də həmin gəlirin yenidən bölgüsünə baxılır. Bu mənada gələn il üçün neftin qiymətinin 60 dollar civarında olacağı proqnozlaşdırılır.

Düşünürəm ki, gələn il üçün neftin qiyməti həqiqətən də 60 dollardan aşağı düşməyəcək. Bu mənada netfin büdcə qiymətinin Azərbaycanda 45 dollardan götürülməsi fonunda ölkə planlaşdırmadan daha çox gəlir əldə edirsə, büdcəyə əlbəttə ki, yenidən baxıla bilər. Çünki həmin halda ölkənin əlavə gəlirləri olacaq ki, bu da büdcə xərclərinə yenidən baxaraq onu artırmağa imkan verəcək. Ya da artıq olan bu vəsait ehtiyatda yığılacaq. Bütün hallarda neftin qiymətinin büdcədə nəzərdə tutulduğundan  artıq olması ölkəmizin xeyrinədir. Belə bir vəziyyət isə ölkədə iqtisadi fəallığın daha da canlanmasına təkan verəcək. Bu fonda ölkəmizin xaricdən borc almağa elə də ehtiyacı olmayacaq. Çünki daxili xərcləri özü ödəmək gücündə olacaq. Bu da ehtiyat yastığında lazımi qədər pulun olması ilə mümkündür. Artıq gələn gəlirlər ölkəmiz üçün yeni imkanlar açacaq,  yeni istiqamətlər kəsb edəcək. Neftin qiymətinin qalxması hər halda Azərbaycan üçün onun gəlirlərinin artması baxımından olduqca vacib elementdir”.

İqtisadçı ekspert Yaşar Əsədov artıq gəlirləri ehtiyatda saxlamağın daha məqsədəuyğun olduğunu bildirdi: “Neftin qiymətinin dəyişməsilə bağlı Azərbaycanda növbəti ildə büdcəyə, onun gəlir və xərc hissəsinə yenidən baxmaq tendendiyası mövcuddur. Bu fonda da xərclər real gəlirlərə uyğunlaşdırılır.

Növbəti il üçün büdcə düzgün tərtib olunursa, ən optimal halda əlavə gəlirlər ehtiyat fondlarda yığılmalıdır. Azərbaycan kimi ölkə üçün gəlirlərdən ibarət ehtiyatın yaradılması çox vacibdir. Artan gəlirləri daha yaxşısı ehtiyatda saxlamalıyıq. Çünki neft gəlirləri daimi deyil. Baxmayaraq ki, ən yaxşı yaşayan xalq deyil, dünyanın ən yığımcıl xalqı çinlilərdir. Çinlilər gəlirlərinin 40 faizə qədərini ehtiyata, əmanətə yönəldir. Bununla belə normal da inkişaf edirlər”.

Rüfət NADİROĞLU

 

 

Sizin Reklam Yeriniz