Əlaqə Arxiv
news Image
2017.12.08
09:00
| A A A
Azərbaycana böyük dividendlər qazandıracaq daha bir layihə işə düşür
Yaşar Əsədov: “TANAP layihəsi Azərbaycana həm iqtisadi, həm də siyasi mənada böyük dividendlər qazandıracaq”

“Transanadolu“ (TANAP) qaz boru sistemi 2018-ci ilin birinci yarısında açılacaq. Bu barədə Türkiyənin Energetika və Təbii Resurslar Nazirliyi məlumat yayıb. Bu boru vasitəsilə Azərbaycan öz qazını Türkiyə və Avropa bazarlarına çıxaracaq. TANAP vasitəsilə Türkiyəyə illik 12,6 milyard kubmetr qaz nəql ediləcək. Avropaya isə birinci mərhələdə, 10 milyard, sonrakı etapda isə 20 milyard kubmetr qaz göndəriləcək. TANAP layihəsində mühüm rol oynayacaq “Şahdəniz” yatağının təsdiqlənmiş ehtiyatları 1,2 trilyon kubmetr həcmindədir. TANAP-ın işə düşməsi Azərbaycana hansı üstünlüklər qazandıracaq?

İqtisadçı ekspert Yaşar Əsədovun fikrincə, TANAP Azərbaycanın dünya miqyasında iqtisadi və siyasi anlamda mühüm üstünlüklər əldə etməsi üçün olduqca vacib layihələrdəndir: “TANAP layihəsi tam gücü ilə işləsə sözsüz ki, Azərbaycan bundan həm iqtisadi, həm də siyasi mənada böyük dividendlər qazanacaq. TANAP layihəsi Orta Asiya qaz resurslarının ölkəmizin ərazisindən keçməsini də nəzərdə turur. Bu baş verərsə, layihə tam gücü ilə işləyəcək. 
Rusiya Qara dəniz vasitəsilə Türkiyəyə qaz ixracını nəzərdə tutan ikinci boru kəmərini çəkir. Həmin iki xətlə təxminən 35 milyard kubmetr qaz Rusiyadan Türkiyəyə ötürüləcək. Belə baxanda TANAP layihəsi Rusiyanın həmin kəmərlərinə rəqibdir. Azərbaycan bütün gücünü qoysa, TANAP vasitəsilə təxminən 10-15 ilə kəməri tam gücü ilə işlətməyə resursu var. Ondan sonra ən azından hansısa qonşu ölkələrin qaz  resursları boru kəmərinə qoşulmalıdır ki, proses davamlı olsun. Digər mənbələrin də TANAP-a qoşulması isə ölkəmkizə tranzit üstünlükləri verəcək. 
Tranzit boru kəmərləri onun keçdiyi ölkələrə adətən böyük üstünlüklər verir. Məsələn, Ukrayna Rusiyanın Avropaya göndərdiyi qazın öz ərazisindən keçməsinə görə ildə təxminən 15 milyard dollara qədər pul qazanırdı. Düzdür, indi siyasi vəziyyətin gərgin olması ilə əlaqədar bu həcm çox azalıb. Rusiya Türkiyəyə və Baltik dənizi vasitəsilə birbaşa Almaniyaya boru kəməri çəkib. Belədə hazırda Ukraynaının tranzit imkanları xeyli məhdudlaşıb. Amma bununla belə həmin tranzit kəmərindən Kiyev ildə 4 milyard dollara qədər pul qazanmaqdadır. Bu mənada TANAP tranzit yolu baxımından ölkəmiz üçün böyük pulların gəlməsi demək olacaq. Rusiya və Orta Asiya qazı həmin kəmərlə Azərbaycan ərazisindən keçməklə büdcəmizə böyük xeyir gətirəcək. Üstəlik həmin layihənin ölkəmiz üçün siyasi üstünlükləri də var. Azərbaycanın bu mənada siyasi imici daha da yüksələcək”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz