Əlaqə Arxiv
news Image
2017.12.09
10:45
| A A A
Regionlara daha çox kapital yatrılacaq
Fikrət Yusifov : “Real sektorun inkişafı üçün hökumətin və şəxsən dövlət başçımızın təşəbbüsü ilə yaradılmış bu qədər münbit mühitdə rayonların iqtisadiyyatının investisiyaları cəlb etmək yolu ilə dirçəldilməsi yerli icra orqanlarının işinin səmərəli təşkil edilməsindən bilavasitə asılıdır” Yaşar Əsədov: “Regionlarda ilk növbədə kənd təsərrüfatı məhsulları istehsal edilməlidir”

Məlumdur ki, regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritetinə çevrilib. Bu istiqamətdə kifayət qədər işlər də həyata keçirilib. Artıq regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən əsası qoyulmuş məqsədyönlü siyasətin davamı olaraq “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiqi və icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edir.  Ancaq regionların inkişafının daha da sürətlənməsi üçün bura kapital cəlbi vacib sayılır. 

İqtisadçılar hesab edirlər ki, dövlət xətti ilə yanaşı, özəl sektorun, xüsusən də xarici kapitalın regionlara cəlb edilməsi üçün stimullaşdırıcı tədbirlər həyata keçrilməsinə ehiyac var. Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov  bildirdi ki, daxili və xarici investisiyaların cəlb edilməsi yolu ilə regionlarda iqtisadi inkiafa nail olmaq strategiyası hökumətin real sektorun inkişafı ilə bağlı müəyyən etdiyi proqramların ana xəttini təşkil edir: “Bu istiqamətdə son 10 ildən artıq vaxt ərzində çox işlər görülüb. Elə bunun nəticəsidir ki, ötən müddət ərzində ölkə iqtisadiyyatının inkişafına cəlb edilən xarici investisiyaların həcmi on milyardlarla ABŞ dolları ilə ölçülür və bu rəqəmlər ildən-ilə artır. Bu, tədqirəlayiq haldır. Lakin təəssüf ki, bəzən yerlərdə məmur özbaşınalığı hökumətin müəyyən etdiyi bu strategiyanın reallaşdırılması qarşısında bir əngələ çevrilə bilir. Xarici və eləcə də daxili investisiyaları stimullaşdıra biləcək əsas məsələ, yerlərdə real sektorun inkişafı istiqamətində hökumətin qəbul etdiyi qərarlara uyğun addımlar atılmasını təmin etməkdən ibarətdir. Biz dəfələrlə demişik, bir daha təkrar edirik: yerli icra orqanlarında hər bir məmur iş adamının, investorun yanında olmalı və ona qanunlarımızın yaratdığı imkanlarla ürəkdən kömək etməlidir. Unutmaq olmaz ki, hər bir investoru ən çox düşündürən iki məsələ var: yatrılan investisayanın səmərəliliyi və təhlükəsizliyi. Yerlərdə investorlara bu iki məsələ ilə bağlı real şərait yaradıldığı halda, yatrımlar etməkdə hər kəs maraqlı olacaq. Odur ki, real sektorun inkişafı üçün hökumətin və şəxsən dövlət başçımızın təşəbbüsü ilə yaradılmış bu qədər münbit mühitdə rayonların iqtisadiyyatının investisiyaları cəlb etmək yolu ilə dirçəldilməsi yerli icra orqanlarının işinin səmərəli təşkil edilməsindən bilavasitə asılıdır”.
Digər iqtisadçı-ekspert Yaşar Əsədov bildirdi ki, məhsul istehsal etmək nisbətən asan məsələdir: “İnvestisiyanı daxilə yönəltmək üçün dövlətin alətləri var. Səhmdarları stimullaşdırmaq mümkündür. Nəzərə alaq ki, investor fayda götürə biləcəyi yerə pul yatırır. Azərbaycanda isə bu cür şərait var. Əsas məsələ, daxildə azad sahibkarlıq mühitini dərinləşdirməkdir. Bu zaman sahibkarlar daxildə istehsala üstünlük verəcək. Nəticədə əhalinin gəlirləri, alıcılıq qabiliyyəti yüksələcək. Bu da yenidən məhsul istehsalını genişləndirəcək. Bu zaman xarici investorlar da regionlara maliyyə yatırmaqda maraqlı olarlar. 
Regionlarda ilk növbədə kənd təsərrüfatı məhsulları istehsal edilməlidir. Bunun davamı kimi kənd təsərrüfatı məhsullarının ilkin və dərin emalı prosesləri gələcək. İlkin kapital həmişə torpaqda yaradılır”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz