Əlaqə Arxiv
news Image
2017.12.16
10:00
| A A A
İqtisadiyyatın bütün sahələri üzrə irəliləyişlər var
Fikrət Yusifov : “Dövlət büdcəsinin gəlir və xərcləri ötən 10 ayda keçən ildəkinə nisbətən müvafiq olaraq 12% və 13,5% artıb”

2017-ci ilin yanvar-noyabr aylarında ölkədə 63 milyard  71,3 milyon manat və ya əhalinin hər nəfərinə 6481,8 manat məbləğində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.  Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ÜDM istehsalının 40,1%-i sənayenin, 10,1%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 8,8%-i tikintinin, 6,8%-i nəqliyyat və anbar təsərrüfatı, 5,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrinin, 17%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,7%-ini təşkil edib. İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4% artıb, neft bölməsində isə 5,1% azalıb. Hesabat dövründə Azərbaycan iqtisadiyyatı ötən ilin analoji dövrü ilə müqayisədə 15,87% artıb. Qeyd edək ki, 2016-cı ilin yanvar-noyabr aylarında ölkədə 54 milyard 433,1 milyon manat məbləğində ümumi daxili məhsul istehsal edilib.

İqtisadçıların fikrincə, ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycan iqtisadiyyatının böyüməsi həyata keçirilən uğurlu siyasətin nəticəsidir. Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov  bildirdi ki, ötən on ay ərzində ümumi daxili məhsulun (ÜDM) 0,7% azalması qeydə alınıb: “Bu azalma cari ildə bilavasitə neft hasilatının azalması ilə bağlıdır. Bəs, ÜDM cəmisi 0,7% azalmasına bir başqa yanaşım necə olmalıdır? Gəlin, rəqəmlərə bir qədər diqqətlə yanaşaq. 2016-cı ilin 10 ayı ərzində ÜDM 2015-ci ilin 10 ayı ilə müqayisədə 3,7% azalıb, cari ilin 10 ayı ərzində isə bu azalma 2016-cı ilin 10 ayı ilə müqayisədə 5,2 dəfə kiçilib. O da əsasən 2017-ci ildə neft hasilatının aşağı düşməsi ilə bağlıdır. Deməli, 2016-cı ilin 10 ayı ilə müqayisədə cari ilin 10 ayı ərzindəki ümumi iqtisadi durum bütövlükdə pozitivdir. Demək olar ki, cari ilin ötən dövrü ərzində 2016-cı ildə baş vermiş iqtisadi geriləmələr praktik olaraq aradan qaldırılıb. Dediklərimizi əsaslandıra biləcək başqa göstəricilərə də nəzər salaq.  Cari ilin 10 ayı ərzində qeyri-neft ümumi daxili məhsulu 2,1% arta bilib. Halbuki, 2016-cı ilin 10 ayı ərzində bu göstərici 2015-ci ilin 10 ayı ilə müqaisədə 5,5% azalmışdı. Eyni qayda ilə demək olar ki, ötən 10 ay ərzində bütün başqa göstəricilər üzrə nəticələr də kifayət qədər pozitivdir. Sənaye məhsulunun həcmi ötən ilin 10 ayı ilə müqaisədə 0,2% azalıb. Halbuki bu azalma 2016-cı ildə 2015-ci illə müqaisədə 4,6% təşkil edirdi. Əsas kapitala yönəldilmiş vəsaitlər 2016-cı ildə, 2015-ci illə müqayisədə 26,3% azalmışdısa, cari ilin 10 ayında bu azalma cəmi 3% təşkil edib. Kənd təsərrüfatında istehsal həcmində cari ilin 10 ayında 4% artım qeydə alınıb. Ancaq ötən ildə bu artım cəmi 1,8% ola bilmişdi. Anoloji olaraq, nəqliyat sektoru üzrə yükdaşımalarda və sərnişin daşınmasında da artımlar qeydə alınıb. Dövlət büdcəsinin gəlir və xərcləri ötən 10 ayda keçən ildəkinə nisbətən müvafiq olaraq 12% və 13,5% artıb. Halbuki ötən ildə 2015-ci illə müqayisədə dövlət büdcəsinin həmin göstəriciləri müvafiq olaraq 22,8% və 10,5% aşağı olub. Ötən 9 ay ərzində xarici ticarət dövriyyəsi 9,2% artıb. 2016-cı ilin 9 ayında isə bu göstərici 2015-ci ilin 9 ayı ilə müqayisədə 19,1% azalıb.  Bu sahədə daha diqqət çəkən məqam qeyri-neft ixracının həcmində baş vermiş artımla bağlıdır. Belə ki, ötən 9 ay ərzində bu sektordan ixracın həcmi 2016-cı ilin 9 ayı ilə müqayisədə 26,9% artıb. Ancaq 2016-cı ilin 9 ayında qeyri-neft sektorundan ixracın həcmi 2015-ci ilin 9 ayı ilə müqayisədə 28,5% azalıb. Bir il ərzində tək bu sahə üzrə göstəricilərdə nə qədər böyük bir irəliləyişin olması çox mətləblərdən xəbər verir. Biz ötən il ölkə iqtisadiyyatında baş verən tənəzzüllə bağlı yaranmış durumu da Dövlət Statistika Komitəsinin verdiyi məlumatlar əsasında təhlil edib vəziyyəti dəyərləndirirdik. İndi də Komitənin cari ilin 9 və 10 ayı üçün təqrim etdiyi rəqəmlər əsasında ölkədəki iqtisadi duruma qiymət veririk. Fərqin nədən ibarət olduğunu DSK-nin rəsmi rəqəmləri açıq-aydın göstərir. 
On ayda göstəricilərin bu qədər pozitiv olması o deməkdir ki, biz cari ili müsbət saldo ilə yekunlaşdıra bilərik. Əgər bu baş verməsə belə, demək olar ki, 2017-ci il tənəzzüldən sonra iqtisadi artımların başlanğıcının qoyulduğu il kimi tarixə düşəcək”.
Professor əlavə etdi ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı hökumətin son illər həyata keçirdiyi işlər nəticəsini göstərməyə başlayıb: “Artıq iqtisadiyyatın bütün sahələr üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə irəliləyişlər var. Bu, o deməkdir ki, ötən ilki azalmaları aradan qaldırmaqla yanaşı, cari ili müsbət göstəricilərlə başa vura bilirik”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz