Əlaqə Arxiv
news Image
2017.12.19
09:00
| A A A
Qeyri-neft sektorunda möhtəşəm nailiyyət
Musa Quliyev: “Azərbaycan qeyri-neft sahəsində bir çox məhsullar üzrə idxalçıdan ixracatçı ölkəyə çevrilir” Vüqar Bayramov: “BVF-nin qiymətləndirməsi, 2017-ci ilin yekunları növbəti illərdə də ölkə iqtisadiyyatının daha çox qeyri-neft sektorunun artması hesabına inkişaf edəcəyini göstərir”

Bu günlərdə Beynəlxalq Valyuta Fondu(BVF) Azərbaycanda qeyri-neft sektorunun dinamik inkişaf etdiyini növbəti dəfə bəyan edib. Həqiqətən Azərbaycan qısa zaman kəsiyində qeyri-neft sektorunda dinamik inkişafa nail olub və bu nailiyyətlər BVF başda olmaqla dünyanın bir sıra nüfuzlu  iqtisadi mərkəzləri tərəfindən yüksək qiymətləndirilir. 

Milli Məclisin deputatı Musa Quliyev bildirdi ki, ölkənin qeyri-neft sektorunda baş verən dinamik inkişaf aparılan islahatların, hökumətin uğurlu siyasətinin nəticəsidir: “Azərbaycanda təkcə qeyri-neft sektoru deyil, bütün iqtisadiyyatı dinamik inkişaf edir. Neftin qiymətinin aşağı düşməsi, milli valyutanın ucuzlaşması ilə əlaqədar olaraq cənab Prezident 2014-cü ildən başlayaraq ölkədə qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsilə bağlı proqramla çıxış etdi. Bu istiqamətdə bir sıra sərəncamlar verdi. Bir çox istiqamətlər üzrə yol xəritələri də tətbiq edildi. Məsələn, keçən ilin sonlarında 11 istiqamət üzrə yol xəritəsi tətbiq olunaraq fəaliyyətə başlayıb. Artıq Azərbaycanda istər kənd təsərrüfatı, istər nəqliyyat, istər turizm, istərsə də informasiya kommunikasiyaları sektoru gəlir gətirən sahələrə çevriliblər. Azərbaycanın milli gəlirinin 75 faizi nəticədə məhz qeyri-neft sektoru hesabına formalaşır. Növbəti illərdə isə bu faiz göstəricisi daha da artacaq. 
Ölkəmizin artıq qeyri-neft sektoru üzrə ixrac potensialı da formalaşıb. Dünyanın müxtəlif bazarlarında Azərbaycan brendi adı altında məhsullar satılır. Gələcəkdə bu bazarlar daha da genişlənəcək, satılan məhsulun həcmi artacaq. Nəticədə, Azərbaycan qeyri-neft sahəsində bir çox məhsullar üzrə idxalçdan  ixracatçı ölkəyə çevrilir. Bütün bu amillər Azərbaycanın daxili siyasətinin harmonik inkişafının göstəricisidir. 2004-cü ildə Prezidentin sərəncamı ilə regionların inkişafı üzrə ilk beş illik proqram qəbul olundu. Sonrakı illərdə isə bu istiqamətdə daha iki proqram qəbul edildi. Bütün regionların inkişafı, onların coğrafi, iqlim xüsusiyyətlərinə, əhali potensialına görə uyğun iş yerlərinin açılması, iqtisadiyyatın daha səmərəli sahələrinin inkişafı son olaraq qeyri-neft sektorunun dinamik inkişafına gətirib çıxartdı. 
Azərbaycanda pambıqçılıq sektoru yenidən dirçəlir. Bu sahə artıq belə demək olar ki, sovet dönəmindən sonra özünün ikinci həyatını yaşayır. Üzümçülük, şərabçılıq da inkişaf edir. Azərbaycanda gözəl şərablar istehsal olunur. Bu sahə üzrə də Azərbaycan artıq dünya bazarında özünə yer tutmaqdadır. Baramaçılıq da insanlarımızı məşğuliyyət və gəlir götürülməsi baxımından çox xeyir verir. Badam, fındıq, qoz kimi meyvələr üzrə əkin sahələri də genişlənib. İndi Azərbaycan bu kənd təsərrüfatı məhsullarını xammal qismində  satmaqdan daha çox, onun emal edilərək satması üzrə ixtisaslaşır. Bu əsasda kənd rayonlarımızda emal sənayesi inkişafa başlayıb. Bu, həm məhsulların tez xarab olmasının qarşısını alır, həm də fermerə daha çox gəlir gətirir. 
Ölkənin avtomibil yolları günün tələbləri səviyyəsində yenidən qurulub. Magistral yollar dünya standartlarına uyğun vəziyyətə gətirilib. Xüsusilə dəmir yolu sektorunda böyük uğurlarımız var. Bakı-Tiflis-Qars dəmir yolunun açılması dünya nəqliyyat sektorunda mühüm hadisə kimi yadda qaldı. Bu, Azərbaycandan il ərzində milyon tonlarla yükün daşınmasına, milyonlarla sərnişinin gəlib-getməsinə şərait yaradacaq. Belədə Azərbaycanın regionun vacib dövləti kimi əhəmiyyəti daha da artır. 
Turizm sahəsində də əhəmiyyətli irəliləyişlər var. Təkcə bu il ərzində turizmdən 2 milyard dollardan çox gəlir əldə olunub. Bu da əvvəlki illərlə müqayisədə xeyli dərəcədə artım deməkdir. Növbəti illərdə də turizmin inkişafından ciddi gəlir əldə edəcəyik. Bütün bunlar ölkəmizdə bütün sahələr üzrə, xüsusən də qeyri-neft sektorunda dinamik inkişafın baş verdiyinin bariz nümunəsidir. Bu tendenasiya özünü əhalinin sosial-rifah halında da göstərir. Gələn ilin əvvəllərindən əmək haqqında artımlar nəzərdə tutulur. Orta aylıq əmək haqqı artaraq 500 manata çatmaqdadır. Yeni iş yerləri də yaranır ki, onun da əksəriyyəti daimi və yüksək qazanclı iş yerləridir. Yoxsulluq səviyyəsi 5 faiz həddindədir ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdəndir. Bütövlükdə götürdükdə, dinamik inkişaf həyatın bütün sahələrinə, xüsusən də qeyri-neft sektoruna sirayət edib”.  
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov qeyd etdi ki, növbəti illərdə qeyri-neft sektorunun iqtisadiyyatda çəkisi daha da yüksələcək: “2017-ci ildə Azərbaycan iqtisadiyyatında diqqət çəkən məqamlardan biri qeyri-neft sektorunun inkişafı oldu. Nəticə etibarı ilə cari ilin 11 ayı ərzində əvvəlki ilin anoloji dövrü ilə müqayisədə qeyri-neft sektorunda artımların olduğunu müşahidə etdik. Qeyri-neft sektorundakı bu artım sözsüz ki, həmin sektordakı istehsal və ixrac qabiliyyətinin artması ilə bağlıdır.  2015-ci ildən etibarən qeyri-neft sektorunda aparılan islahatlar nəticədə bu sahənin ixrac imkanlarının genişlənməsinə səbəb oldu, həm də burada artan temp qorunub saxlanıldı. 
O baxımdan, istər BVF-nin qiymətləndirməsi, istər 2017-ci ilin yekunları növbəti illərdə də Azərbaycan iqtisadiyyatının daha çox     qeyri-neft sektorunun artması hesabına inkişaf edəcəyini göstərir. Ona görə də BVF-nin sözügedən qiymətləndirməsi müsbət haldır. Bu, həmçinin 2018-ci il də daxil növbəti illlərin proqnozlarına da müsbət təsir göstərir. 
Bildiyiniz kimi, BVF 2019-cu ildən başlayaraq Azərbaycanda sürətli istisadi artımın olacağını proqnozlaşdırıb. Qeyri-neft sektorunun cari ilin 10 ayı ərzində ixracatında artımlar baş verib. 10 ay ərzində 1,2 milyard dollarlıq ixracat baş verib ki, bu da əvvəlki illərlə müqayisədə çoxdur. O baxımdan növbəti illərdə də ixracatda qeyri-neft sektorunun çəkisinin artmasını müşahidə edə bilərik. Bu artımın növbəti illərdə də davam etməsi üçün 2017-ci ildə əldə olunan göstəricilər bir baza rolunu oynayır”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz