Əlaqə Arxiv
news Image
2017.12.20
07:00
| A A A
Azərbaycan-İran ticarəti milli valyutlarda aparıla bilər
Natiq Cəfərli: “Qonşu ölkələr arasında ticarət əlaqələrinin məhz milli valyutalarla aparılması normaldır” Rəşad Həsənov: “Razılıq olarsa, dövlət subyektlərinin prosesdə iştirakı ilə ticarət dövriyyəsinin müəyyən hissəsi milli valyutalarla aparıla bilər”

Azərbaycanla İranın qarşılıqlı ticarətdə milli valyutadan istifadə etməsi hər iki ölkənin milli valyutasının möhkəmlənməsinə səbəb ola bilər. Bunu  İranın Qiymətli Kağızlar və Birja Təşkilatının sədri Şapur Məhəmmədi deyib. "Hər iki ölkənin qarşılıqlı ticarətdə milli valyutalardan istifadə etməsi çox faydalı ola bilər. Bunun üstünlükləri çoxdur. Məsələn, asanlıqla köçürülür və vasitəçi valyutaya ehtiyac duyulmur. Bundan başqa, qarşılıqlı ticarətdə milli valyutalardan istifadə olunması milli valyutanın güclənməsinə səbəb olur. Bu isə hər iki ölkə üçün xeyirlidir", - deyə o vurğulayıb.

Bundan əvvəl dəfələrlə İran bu məsələni gündəmə gətirib. Cənub ölkəsinin bir çox digər rəsmiləri də dəfələrlə bu haqda fikir bildirərək, qarşılıqlı ticarətdə milli valyutadan istifadə edilməsinin müsbət nəticələr verəcəyini dilə gətiriblər.  Ümumiyyətlə, ticarətin tam həcmdə olmasa da müəyyən bir hissəsi milli valyutalarda həyata keçirilə bilərmi? 
İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, İranla Azərbaycan öz ticari əlaqələrinin müəyyən hissəsini milli valyutalarla apara bilərlər. Amma bunun üçün həmsöhbətimizə görə, valyuta birjaları real olaraq fəaliyyət göstərməlidir: “İranla Azərbaycan arasında ticari əlaqələrin müəyyən hissəsini milli valyutalarla aparmaq sözsüz ki, mümkündür. Əslində, qonşu ölkələr arasında ticarət əlaqələrinin məhz milli valyutalarla aparılması normaldır. Amma ticarətin tam həcmdə milli valyutalarla aparılması müəyyən qədər çətin prosesdir. Çünki Azərbaycan iş adamlarının həmən İran rialına çıxış əldə etmək imkanları məhduddur. İran iş adamları da manatla ödəniş etmək üçün mütləq onlayn qaydada fəaliyyət göstərən valyuta birjaralarından istifadə etməlidirlər. 
Təəssüf ki, hələlik Azərbaycanda onlayn qaydada fəaliyyət göstərən valyuta birjası yoxdur. Ölkəmizdə Mərkəzi Bankın nəzarəti altında həftədə cəmi iki dəfə hərrac keçirilir. Ona görə də ödənişlərin vaxtında ödənilməsi məsələsində problem yaşana bilər. İkinci bir tərəfdən, çarpaz məzənnə sisteminə keçid təsbit olunmalıdır. Yəni, dollar və avro üzərindən deyil, birbaşa rialla manatın çarpaz məzənnəsi müəyyən olunmalıdır. Onun üçün qiymətli kağızlar bazarı, yaxud valyuta birjasında hərraclar keçirilməli, bir-birinə qarşı olan məzənnə müəyyənləşməlidir. İranda belə bir birja olsa da, ölkəmizdə hələlik fəaliyyət göstərmir. Azərbaycanda qiymətli kağızlar bazarı mövcuddur. Amma onun real işlər üçün hərəkətə gəlməsi istiqamətində addımlar atılmalıdır. Həmçinin hər iki ölkədə milli valyutalarla ticarəti həyata keçirmək üçün alt zəmin hazırlanmalıdır. Bu istiqamətdə ilkin addımlar atılmalıdır ki, iki ölkə arasında ticarətin müəyyən hissəsini milli valyuta ilə aparmaq sahəsində problem yaşanmasın. Belə vəziyyət manatın kursuna da pozitiv təsir göstərə bilər”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov qeyd etdi ki, dövlət müəssisələri ticarət əlaqələrinin müəyyən hissəsini dollardan yan keçməklə məhz milli valyutalarla həyata keçirə bilərlər: “Qarşılıqlı ticarət əlaqələrində milli valyutalardan istifadə edilməsi üçün ilk növbədə proses işrtirakçılarının həmin valyutalara inamı formalaşmalıdır. Yalnız bu halda mümkündür ki, iki ölkənin bəzi sahibkarlıq subyektləri ticari əlaqələrdə milli valyutalardan istifadə etsinlər. Məsələ ondadır ki, özəl sahibkarlıq subyektləri, xüsusən də beynəlxalq ticarətdə daha ehtiyatlı davranırlar. Beynəlxalq sazişlərdə bəzən müqavilənin imzalanması ilə onun icrası arasında bəzən aylarla vaxt keçir. Belə bir şəraitdə məzənnənin dəyişib-dəyişməyəcəyi, valyutanın hansı məzənnədə olacağı məsələsi sual doğuran məqamlardandır. 
Burada habelə avro və dollar üzərindən birbaşa çarpaz məzənnə üsulu ilə məzənnənin həyata keçirilməsi də mümkündür. Məsələn, sahibkarlar öz aralarında müqaviləni dollar nisbətində bağlayır, amma ödəniş həmin gün dolların məzənnəsinə uyğun olaraq milli valyutalarda edilir. Bu hala dünyada az rast gəlinir. Hər halda həmin metodu tətbiq etmək mümkündür. Lakin məsələ ondadır ki, bu kimi təşəbbüslər bir sıra hallarda daha çox siyasi xarakter daşıyıb və iştirakçılar da əsasən dövlət müəssisələri olub. Bakı ilə Tehran arasında enerji sahəsindəki ticarət əlaqələrində dövlət müəssisələri iştirak edir. 
Bu mənada hər iki ölkə arasında razılıq olarsa, dövlət subyektlərinin prosesdə iştirakı ilə ticarət dövriyyəsinin müəyyən hissəsini milli valyutalarla həyata keçirmək olar. 
Onu da nəzərə alaq ki, Azərbaycan İrandan ona verdiyindən daha çox idxal edir. Belədə arada yaranan disbalansın milli valyuta ilə kompensasiya olunması məsələsi var. İki ölkənin idxalla ixrac arasındakı fərq təxminən 4 dəfəyə yaxındır. Belə olan halda hər iki ölkədə digər ölkə valyutasının süni şəkildə möhkəmlənməsi prosesi müşahidə oluna bilər. Azərbaycan il ərzində İrana 60 milyon dollar həcmində məhsul ixrac edir. İrandan idxal etdiyi məhsulun həcmi isə 210 milyon dollar civarındadır. Belədə süni şəkildə tümənin bahalaşması baş verə bilər. Ona görə də ticari əlaqələri milli valyutalarda aparmağa keçməzdən öncə sığorta mexanizmi də işlənməlidir”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz