Əlaqə Arxiv
news Image
2017.12.20
09:50
| A A A
Qızıl ehtiyatlarının artırılması gündəmə gəldi
Vüqar Bayramov: “İndiki məqamda ehtiyatlarımızda qızılın payının artırılması mümkündür” Ruslan Atakişiyev: “İşlərin davam etdirilməsi daha məqsədəuyğundur”

Ötən ilə nisbətən 2017-ci ildə qızılın qiyməti təxminən 11 faiz bahalaşıb. Bəzi ekspertlərin proqnozu qiymətlərin daha da artacağını deyir. Bu fonda isə təkliflər səslənir ki,  qiymətlərin sərfəli olduğu bir dövrdə Azərbaycan valyuta ehtiyatlarının tərkibində qızılın payını artırısın.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, qızılın qiymətində son bir ildə 11 faiz artım müşahidə olunub: “Hazırda dünya bazarında qızılın bir unsiyasının qiyməti 1263 dollardır. Son iki ayda da qızılın qiymətində artım qeydə alınıb. Bu isə ondan xəbər verir ki, qızıla tələb yüksəlib. 
Hazırda qızılın bir qramının qiyməti təxminən 41 dollardır. Ancaq son beş ildə qızılın qiymətində azalma qeydə alınıb. Qızılın ən yüksək qiyməti 2012-ci ildə qeydə alınıb ki, bu da 60 dollar olub”.
Ekspert hesab edir ki, indiki məqamda ehtiyatlarımızda qızılın payının artırılması mümkündür: “Ancaq bunun mərhələli şəkildə həyata keçirilməsinə ehtiyac var. Beş il əvvələ nisbətən qızılın qiyməti aşağı olsa da, hazırda qiymətləri ucuz hesab etmək olmaz. Düzdür, valyuta ehtiyatlarımızda qızılın payının artırılması hədəfdir. Lakin  indiki məqamda qızılın payının kəskin şəkildə artırılması məqsədəuyğun deyil. Qızılın həcmi mərhələli şəkildə artırılmalıdır. Dövlət Neft Fondu qızılı qiyməti nisbətən yüksək olan dövrdə alıb. Odur ki, indiki məqamdan onun satılması aruzolunan deyil.  Nəzərə alaq ki, qızıla hər zaman tələb var. Valyutaların məzənnəsində qeyri-stabilliyi nəzərə alsaq, ehtiyatlarımızda qızılın payının artırılması məqsədəuyğun ola bilər”.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, Azərbaycanın qızıl ehtiyatlarının formalaşmasında xüsusən Gədəbəydə yerləşən qızıl yatağından hasil olunmuş əmtəəlik qızılın rolu böyükdür:  “Gədəbəydə hasil edilən qızıl sonradan İsveçrənin Cenevrə şəhərində saflaşdırılır. Ondan sonra Azərbaycanın mənfəət payına uyğun olaraq, qızıl külçələri ölkəmizə gətirilir.. Gədəbəydəki qızıl yatağında işlərin davam etdirilməsi ölkənin qızıl ehtiyatının artmasına təsir göstərəcək. Bu fonda işlərin davam etdirilməsi daha məqsədəuyğundur”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz