Əlaqə Arxiv
news Image
2017.12.26
09:30
| A A A
Neft satışında dolları yuan əvəzləyir
Natiq Cəfərli: “Gələcəkdə ola bilsin ki, digər ölkələr də bu praktikadan istifadə etsinlər” İlham Şaban: “Yuanı alıb onlardan aldığımız məhsullara xərcləyəcəyik”

Çin Şanxay Fond Birjasında yuanla neft fyuçerslərinin ticarətinə başlayır. Artıq bununla bağlı 5 test keçirilib və hərracların 2018-ci ilin ilk günlərində başlanması nəzərdə tutulub. 

Qeyd edək ki, hazırda dünyada hər gün 82,2 milyon  barrel neft satışı aparılır ki, bunun da 300-400 min barreli və ya təxminən 0,3-0,5%-i digər valyutalarla həyata keçirilir. Ekspertərin fikrincə, neft bazarında ödənişlərin yuanla aparılması mümkündür. Lakin bunun üçün qarşı tərəfin də dividend qazanması şərtdir. İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, London, Tokio, Nyu-York birjalarında fyuçerslərin hamısı dollarladır: “Amma istənilən ölkə birbaşa anlaşmalar həyata keçirərək istənilən valyuta ilə neft alışını reallaşdıra bilər. Bu cür praktika mövcuddur. Ancaq bütün hallarda müqavilələr dollarla hesablanır. Alıcının malı aldığı gün dünya birjalarında neftin qiyməti Çin birjasında yuanın məzənnəsinin dollar ekvivalentinə uyğun hesablanacaq.  
Xəbərlərdən belə məlum olur ki, müqavilə belə bağlanıb. Artıq Çin bir neçə şirkətlə anlaşıb. Həmin şirkətlər birjalarda fəaliyyət göstərmir. Onlar fyuçersləri alıb satmırlar. Real neft alqı-satqısını həyata keçirirən şirkətlərdir. Real neft alqı-satqısını həyata keçirən şirkətlər bazarlarını genişləndirmək üçün belə bir addım atmaları normal haldır. Ancaq dünya bazarında ümumi müqavilələrin həcminə təsir göstərəcək səviyyədə deyil. Çin gündəlik 5.5 milyon barrel neft alır. İndiki müqavilələr isə bunun 5 faizindən yuxarını əhatə edir. Ancaq ilk addım kimi maraqlıdır. Gələcəkdə ola bilsin ki, digər ölkələr də bu praktikadan istifadə etsinlər”. 
Ekspert əlavə etdi ki, uzun illərdir, Azərbaycanın müştərilər bəllidir: “Neft müqavilələri belə bağlanıb. Bizdən ən çox neft alan ölkələr İsrail və İtaliyadır. Bu müqavilələr dollarla bağlanıb. Asiyada isə ən böyük alıcımız Sinqapur və Malaziyadır. Burada da müqavilələrlə dollarladır. Nəzərə alaq ki, gündəlik dünya bazarlarında təqribən 400 min barrel Azərbaycan neftı satılır. Bu həcmi isə başqa valyutalara bölsək, ölkəyə əlavə əməliyyat xərcləri gətirə bilər. Ona görə də müqavilələr uzun müddət dollarla qalacaq”.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, vaxtaşırı idxalçı ölkələrin valyutaları ilə müqavilələr təklif olunur: “Azərbaycan bunu ticarət dövriyyəsinin ilk yerlərdə olduğu ölkələrlə həyata keçirə bilər. Lakin dividendlər gətirməyəcəksə, dövlətlər, eləcə də Azərbaycan bunu həyata keçirməyəcək. 
Azərbaycan 1998-ci ilin mart ayından etibarən neft satışını dollarla həyata keçirir. Elə valyuta səbətinin də yarıdan çoxu dollarladır. Çinin əməliyyatları yuanla həyata keçirəcəyini istisna etmək olmaz. Ancaq Çin bizim neft ixracatımızda böyük tərəfdaşımız deyil. Müəyyən həcmdə neftimiz Çinə gedir. Çindən bizə digər məhsullar çox gəlir. Odur ki, yuanı alıb onlardan aldığımız məhsullara xərcləyəcəyik”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz