Əlaqə Arxiv
news Image
2017.12.28
09:00
| A A A
Gələn il neft gəlirlərinin həcmi artacaq
Zəfər Vəliyev: “OPEK və digər hasilatçı dövlətlər Vyana sazişinin şərtlərini yüksək şəkildə təmin edə bilərlərsə, qiymət bahalaşa bilər” Rəşad Həsənov: “Azərbaycan Dövlət Neft Fondunun gəlirlərində əhəmiyyətli artım baş verəcək”

Gələn il ərzində neftin qiymətində yeni yüksəliş proqnozlaşdırılır və hətta əksər araşdırma mərkəzələri qiymətlərin 70 dollarıq həddə çata biləcəyini bəyan edirlər. 

Qeyd edək ki, cari il ərzində neftin qiymətində ümumən yüksəliş tendensiyası müşahidə edildi. Buna da səbəb kimi başlıca olaraq OPEK və ondan kənar neft ölkələrinin Vyana sazişinə riayət etmələri göstərilir. Bütün hallarda artıq xeyli müddətdir neftin qiymətində ancaq yüksəlmə tendensiyası müşahidə edilir. Belə olan halda “qara qızıl”ın qiymətinin gələn il daha da yüksələrək 70 dollara çatması mümkündürmü və onun baş verməsi hasilatçı ölkələrə, o cümlədən Azərbaycana nə vəd edir?
Neft və qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyevin fikrincə, Vyana sazişinin şərtləri yüksək səviyyədə həyata keçərsə, neftin qiymətində də əhəmiyyətli sıçrayışları görə bilərik: “Neftin qiymətinin gələn il 70 dollaradək yüksələcəyi bir qədər inandırıcı deyil. Sadəcə olaraq, belə bir ehtimal irəli sürülüb. 2018-ci ildə də neftin qiymətini təhdid altına alan kifayət qədər səbəblər baş verəcək. ABŞ-da hasilat həcmlərinin artması gözlənilir. Qazaxıstanda «Kaşaqan» yatağında da anoloji prosesin baş vermə ehtimalı daha böyükdür.  Həmçinin, Kanada və Braziliya kimi ölkələrdə də neft hasilatı artacaq. Ən maraqlı məqam isə o olacaq ki, İraqda da gələn il üçün neft hasilatı artmalıdır. Deməli, gələn il üçün neftin qiymətini yenidən təhdid altına alan məqamlar mövcud olacaq. Neftin qiymətinin artması üçün gərəkdir ki, OPEK və digər hasilatçı dövlətlərin Vyana sazişinin şərtlərinin effektiv fəaliyyətini yüksək şəkildə təmin etmək mümkün olsun. Bu baş verməsə gələn il də beynəlxalq bazarlarda tələbatdan artıq neft öz mövcudluğunu qoruyub saxlayacaq. 
Hazırda üzən tankerlərdə, həm də neft anbarlarında kifayət qədər sərbəst fiziki həcmlər mövcuddur. OPEK və müttəfiqlərinin hədəflərindən biri odur ki, dünyada mövcud olan stasionar anbarlarda və üzən tankerlərdəki neft həcmlərini il ərzində 300-350 milyon barrelə qədər aşağı sala bilsinlər. Bu olmasa, neftin qiymətində nə uzun müddətli tarazlıq, nə də sıçrayışlar olacaq. Neftin qiyməti gələn il, ən azından ilin ortalarına doğru azı 60-62 dollar dəhlizində dəyişəcək. 2018-ci ildə il boyu neftin qiymətinin hazırkı səviyyədə qalmasına ciddi əsaslar mövcuddur. Çünki ortada OPEK-in Vyana sazişi var. Bu saziş gələn ilin sonlarına kimi neftin qiymətini 60 dollarlıq səviyyəyə qədər dartıb aparacaq. Ondan sonra nə olacağını isə yəqin ki, gələn ilin neft bazarında baş verən hadisələr göstərəcək”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov isə neftin qiymətilə bağlı pozitiv fikirdə olduğunu söylədi: “2018-ci il üçün neftin qiyməti məsələsində pozitiv proqnozlar verilir. Dünya Bankının hesabatlarında neftin qiymət dinamikası pozitiv qiymətləndirilib. Digər tərəfdən, ABŞ-ın Enerji İnformasiya Adminstrasiyasi da neftin 2018-ci il üçün proqnozlarında düzəlişlər edərək qiymətin daha baha olacağını bəyan etdi. Digər maliyyə qurumları, OPEK də 2018-2020-ci illər üçün neftin qiymət məsələsini açıqlayıb. Onların da proqnozlarında neftin qiymətində bahalaşmanın olacağı göstərilir. 
Təşkilatımızın hesablamalarına görə, gələn il üçün neftin orta qiyməti 60-65 dollar arasında olacaq. Dövlət büdcəsində neftin bir barrelinin qiymətinin 45 dollardan götürüldüyünü nəzərə alsaq,  qiymətin 60-65 dollara çatması artıq 15-20 faizlik artımın olması anlamına gəlir. Deməli, Azərbaycan Dövlət Neft Fondunun gəlirlərində əhəmiyyətli artım baş verəcək. Belədə manatın məzənnəsində də hər hansı bir risq ehtimalı olmayacaq. Sabit məzənnə fonunda da iqtisadi aktivlik dəstəklənəcək. Neftin bahalaşması strateji valyuta ehtiyatlarının həcminə də müsbət təsir göstərəcək. Bununla yanaşı, bahalaşma ilə iqtisadiyyatın strukturunda neftin payı artacaq. Belə vəziyyət hökumətə həm də daha yumşaq fiskal və humanitar siyasət həyata keçirməyə imkan verəcək. Qeyd edilən amil səbəbindən ola bilsin, gələn ilin birinci yarısında büdcəyə yenidən baxılsın”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz