Əlaqə Arxiv
news Image
2017.12.28
09:30
| A A A
Şərabçılığın və tütünçülüyün inkişafına yeni imkanlar açılır
Qeyri-neft sektorunun genişlənməsini diqqətdə saxlayan hökumət yerli istehsalın genişlənməsinə daha əlverişli şərait yaradır

Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan tütün pivə və alkoqollu içkilərə tətbiq ediləcək yeni aksiz dərəcələri açıqlanıb. Bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" qərarında etdiyi dəyişiklikdə əksini tapıb. Dekabrın 21-də dərc olunmuş qərar 30 gün sonra, gələn il yanvarın 23-də qüvvəyə minir.

Tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan 12 manata qaldırılıb.Xüsusilə səməni pivəsinin 1 litri üçün aksiz dərəcəsi 1,7 manat (hazırda 1 manat), təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla; üzüm suslosunun 1 litri üçün 3,5 manat (hazırda 2 manat), şampan şərabının 1 litri üçün 5 manat (hazırda 2,5 manat), viskinin 1 litri üçün 10 manat (hazırda 6 manat) təşkil edəcək. Arağın 1 litri üçün aksiz dərəcəsi 10 manat (hazırda 6 manat), likörün 1 litri üçün aksiz dərəcəsi 10 manat (hazırda 6 manat) məbləğində müəyyən edilib. Nazirlər Kabinetinin qərarı ilə 1000 ədəd siqarın idxalına 20 manat (hazırda 10 manat), 1000 ədəd siqaretin idxalına 12 manat (hazırda 4 manat) məbləğində aksiz dərəcəsi tətbiq olunacaq.
 Mütəxəssis ekspertlərin rəyinə görə, bu qərar idxal olunan məhsulların qiymətlərinin artmasına səbəb olacaq. İqtisadçı Vüqar Bayramöv deyir: “Aksiz dərəcələrinin artırılması fonunda ölkəyə idxal edilən spirtli içkilərin və eləcə də tütün məhsullarının qiymətlərində artım olacaq. Nəzərə alınmalıdır ki, Azərbaycan bu məhsulların əhəmiyyətli hissəsini idxal edir. Düzdür, yerli istehsal olan alkoqollu içki məhsullarımız da var və son dövrlərdə yerli istehsalın dövriyyəsində genişlənmə müşahidə edilir. Aksiz markalarının artırılması ölkəyə idxal edilən spirtli içkilərin və tütün məhsullarının vergi rüsumlarını artıracaq ki, son nəticədə həmin məhsullarda qiymət artımı qaçılmazdır. Bu isə öz növbəsində yerli alkoqollu içkilərə tələbatın artmasına gətirib çıxara bilər. Çünki xarici məhsulların qiymətinin artması fonunda yerli məhsulların qiymətlərində hər hansı bir dəyişiklik olmayacaq”. 
Aksiz dərəcələrinin artırılması şübhəsiz ki, məhsulların qiymətlərini artıracaq. Lakin buna baxmayaraq, hökumətin idxal edilən məhsullara tətbiq etdiyi aksiz dərəcələrini artırması tamamilə düzgün addımdır. Düzdür, ilk baxışda qiymət artımı əhalinin cibinə təsir edir. Ancaq alkoqol və tütün elə zəruri məhsullardan deyil ki, insanlar onsuz keçinə bilməsinlər. Amma məsələ heç də bahalılığına görə bu məhsullardan imtina edilməsindən getmir. Birincisi, əhalinin adıçəkilən məhsullardan az istifadə etməsini həkimlər sağlamlıq baxımından həmişə məsləhət görürlər. İkincisi, indi daxili bazarda bahalı xarici məhsulları əvəz edən kifayət qədər yerli alkoqollu içkilər və tütün məmulatları var. Əhalinin ucuz və keyfiyyətli yerli məhsullara meyil etməsi isə hökumətin qeyri-neft sektorunun inkişafına yönəltdiyi proqranların mahiyyətinə uyğundur. Belə ki, yerli məhsullar nə qədər tez realizə olunarsa, dövriyyədən qazanc götürməklə bərabər yerli istehsallar arasında rəqabət də bir o qədər artar, bu hal da öz növbəsində istehsalçıların məhsulun keyfiyyətinə diqqət eləməyə məcbur edər. 
Hazırda Azərbaycanın şərab məhsulları “Azırbaycan brendi” adı ilə xarici bazarlara çıxarılır və getdikcə də uğur qazanır. Məsələn, şərabçılığın qədim ənənələri olan Fransa, İtaliya, İspaniya və Çin kimi ölkələrə kiçik partiyalarla olsa da alkoqollu içkilərin göndərilməsi, istehlakçılar və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanması ilk uğurlar sayılmalıdır. Güman edirik ki, aksiz dərəcələrinin artırılması üzümçülüyün və şərabçılığın inkişafına öz təeirini mütləq göstərəcək. 
Tütünçülük sahəsində son iki ildə görülən tədbirlər də tezliklə bəhrəsini verəcək. Çünki, indi ölkənin tütün plantasiyalarında xaricdən alınmış keyfiyyətli və ətirli növlərin yetişdirilməsi prosesi sürətlə gedir. Lap yaxın zamanda daxili bazar keyfiyyətli Azərbaycan siqaretləri ilə tam təmin edilə bilər və hətta gözəl ixrac imkanları da yaranar. Yəqin aksiz dərəcələri üzrə yeni qərar bu sahəyə də müsbət təsir edəcək. 
N.NOVRUZ       

 

Sizin Reklam Yeriniz