Əlaqə Arxiv
news Image
2017.12.29
07:00
| A A A
Azərbaycan mühüm iqtisadi uğurlara imza atdı
Vüqar Bayramov: “2017-ci ildə ixrac idxalı 4.5 milyard dollar üstələyə bildi” Natiq Cəfərli: “Artıq iqtisadiyyatda müsbət tendensiyaların başlandığını müşahidə edə bilərik”

2017-ci il bitmək üzrədir. İqtisadçılar cari ilin ölkə iqtisadiyyatında əsaslı dönüş ili kimi tarixə düşdüyünü düşünürlər. Ötən 11 ayın göstəriciləri, xüsusən də qeyri-neft sektorunun bütün sahələri üzrə qeydə alınmış müsbət nəticələr bunu deməyə imkan verir. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədir Vüqar Bayramov 2017-ci ilin Azərbaycan üçün spesifik illərdən biri olduğunu bildirdi: “Nəzərə alaq ki, 2015 və 2016-cı illərdə neftin dünya bazarında qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərdi və gəlirlərin azalmasına səbəb oldu. O baxımdan 2017-ci ildə makroiqtisadi stabilliyin əldə edilməsi vacib idi və belə də oldu. 2017-cı ildə bu hədəfə nail olmaq mümkün oldu. 2017-ci ildə ixrac idxalı 4.5 milyard dollar üstələyə bildi. Xarici valyuta rezervlərimizdə 5 milyard dollar artım qeydə alındı. Eyni zamanda qeyri-neft ixracında təxminən 20 faiz artım qeydə alındı. Mərkəzi Bankın xarici valyuta ehtiyatında da artım qorunub saxlanıldı. Bunlardan əlavə, 2017-ci ildə aqrar sektorda 4, qeyri-neft ümum daxili məhsulunda 3 faizlik artım qeydə alınıb. Cari ildə həmçinin ÜDM-dəki azalma səviyyəsi xeyli dərəcədə səngidi. Odur ki, göstəriclər baxımından 2017-ci il müsbət yadda qaldı. 
Bundan başqa, 2017-ci il Azərbaycan iqtisadiyyatında iki mühüm hadisə qeydə alındı. Birincisi, “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadıldılması ilə bağlı qərar qəbul edildi. Bu qərar Azərbaycan iqtisadiyyatına əlavə 30 milyad dollar investisiya deməkdir. Sözügedən müddətdə Azərbaycan dünyaya yarım milyard ton neft ixrac edəcək. Yenilənmiş müqavilədə Azərbaycanın gəlirləri hasilatın pay bölgüsünə uyğun olaraq 75 faiz saxlanıldı. Eyni zamanda Dövlət Neft Şirkətinin konsorsiyumda payı 25 faizə qədər artırıldı. Bu da pay bölgüsündə ölkənin gəlirlərinin 81 faizə qədər artması deməkdir. Eləcə də 2017-ci ildə Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi mühüm hadisələrdən biri oldu. Qərb-Şərq nəqliyyat dəhlizinin bir elementi kimi çıxış etməyə başladı. Bu, həm Azərbaycana beynəlxalq yükdaşımalardan daxil olan gəliri artıracaq, həm də ölkəmizi Qərb-Şərq nəqliyyat dəhlizinin bir elementinə çevirəcək. Nəticədə ölkəmizin mövqeyinin qorunmasına və qeyri-neft gəlirlərinin artımasına şərait yaradacaq”.
Digər iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, bu ilin göstəricilərində ötən ilin göstəricilərinə nisbətən irəliləyiş qeydə alındı: “2016-cı ildə Azərbaycanda ÜDM 3.8 faiz azalmışdısa, bu il azalmanın sürəti xeyli ləngidi və 0.3 faiz oldu. Artıq iqtisadiyyatda müsbət tendensiyaların başlandığını müşahidə edə bilərik. Məsələn, qeyri-neft ÜDM-də, kənd təsərrüfatı istehsalında 3 faiz artım, aqrar məhsulların ixracının artması keçən ilə nisbətən müsbət göstəricilərdir. Makroiqtisadi rəqəmlərdə 2016-cı ilə nisbətən 2017-ci il daha yaxşı il kimi tarixdə qalacaq. Ancaq poblemlər də var. Hələlik bank sektorunda problemlər qalmaqdadır. 2017-ci ildə bankların kreditləşməsi 4 milyard manat azaldı. Cari ildə iqtisasdiyyatda bank sektorunun dövriyyəsi kiçilib. 2018-ci ildə də əsas problem bank sektoru ilə bağlı olacaq. Ona görə də bank sektorunda sağalamlaşdırılması addımları davam etdirilməlidir ki, Azərbaycanın ümumi makroiqtisadi göstəricilərinə pozitiv təsir göstərsin. Buna rəğmən 2018-ci ilin 2017-ci ildən daha uğurlu il olacağı gözlənilir. Çünki büdcədə 4 milyard manata yaxın artımlar var. Yeni layihələrin reallaşacağı mümkündür”. 
Ekspert əlavə etdi ki, 2017-ci ildə Bakı-Tiflis-Qars dəmir yolu işə salındı: “Bundan başqa, “Əsrin müqaviləsi”nin müddəti uzadıldı. Bunlar 2017-ci il üçün pozitiv məqamlardır. 2018-ci ildə isə həmin laiyhələrdən yaranmış iqtisadi aktivliyi müşahidə edəcəyik. O baxımdan 2018-ci ilin gösəriciləri 2017-ci ilə nisbətən daha yaxşı olacağı gözlənilir”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz