Əlaqə Arxiv
news Image
2017.12.30
07:00
| A A A
Manat gələn il xeyli möhkəmlənəcək
Vüqar Bayramov: “2018-ci il üçün manatın məzənnəsinin hansı istiqamətdə cərəyan edəcəyi neftin qiyməti və Mərkəzi Bankın mövqeyindən asılı olacaq”

Maliyyə naziri Samir Şərifov bildirir ki, manatın məzənnəsinin daha da möhkəmlənməsinə təzyiqlər mövcuddur. Bu təzyiqlər hansılardır və gələn il ərzində manatın məzənnəsinin möhkəmlənməsini gözləmək olarmı?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov düşünür ki, manatın məzənnəsinə təzyiqlər daha çox dollarla bağlıdır: “Manatın məzənnəsinin möhkəmlənməsinə təzyiqlər daha çox dollara tələbin azalması fonunda baş verir. Eyni zamanda, ölkədə dollarlaşma səviyyəsinin yüksəlməsi də burada öz sözünü deyir. Depozitlərin dollarlaşma səviyyəsi 82 faizə qədər yüksəlmişdi. Nağd yığımlar üzrə dollarlaşma səviyyəsi isə 90 faizi keçmişdi. Fevral ayından etibarən manatın məzənnəsində möhkəmlənmənin müşahidə edildiyindən milli valyuta stabilliyini qoruyub saxladı. O baxımdan məzənnəni müəyyənləşdirən, deməli, onun möhkəmlənməsinə maneə olan başlıca faktor da məhz xarici valyutaya olan tələbdir.  Dollarlaşma səviyyəsinin yüksək olması və manat bazasının kiçilməsi nəticədə xarici valyutaya olan tələbin azalmasına gətirib çıxardı. Belədə dollara olan tələbin azaldığını müşahidə etdik. Eyni zamanda, hərraclarda bir neçə aparıcı bankın iştirak etməməsi də dollara olan tələbin azalmasına səbəb oldu. Manatın möhkəmlənməsinə olan təzyiqlər həmçinin Azərbaycanın xarici ticarət dövriyyəsilə bağlıdır. Azərbaycanın xarici ticarət dövriyyəsində 5 milyard dollara yaxın müsbət saldo var. Bu vəziyyətdə ölkəyə daxil olan valyutanın həcmi artdı. Ölkəyə nə qədər çox valyuta daxil olursa, dollara olan tələbin azalması və ölkədə mərhələli şəkildə valyuta təminatının formalaşdığını söyləmək mümkündür. Xarici ticarətdəki müsbət saldo belədə dollara olan tələbin azalmasına gətirib çıxartdı. Həmçinin neftin dünya bazarındakı hazırkı qiymətləri də iqtisadi sabitliyi dəstəkləmək mənasında Azərbaycan üçün arzuolunan həddədir.  Neftin qiymətinin hər barrelə görə 50 dollardan yüksək olması ölkəmiz üçün manatın məzənnəsinin qorunması baxımından məqbuldur. 
Manatın məzənnəsinə müəyyən təzyiqlər olsa da, onun hazırkı məzənnəsini qoruyub saxlamaq daha məqbuldur. Manatın hazırkı məzənnəsi həm də ölkəmizin qeyri-neft sektorunun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Ona görə də Azərbaycanın qeyri-neft məhsulları üzrə ixrac potensialının qorunub saxlanılması üçün 2018-ci ildə manatın məzənnəsinin möhkəmlənməsi deyil, mövcud məzənnənin qorunub saxlanılması daha məqsədəuyğundur. Gələn il üçün manatın məzənnəsinin hansı istiqamətdə cərəyan edəcəyi isə iki faktordan, neftin dünya bazarındakı qiyməti və Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.
 İqtisadçı-ekspert Yaşar Əsədov qeyd etdi ki, manatın daha da möhkəmlənməsinə təzyiqlər ancaq xarici amillərlə bağlıdır: “Samir Şərifov adətən milli valyutamızın daha da möhkəmlənməsinə olan təzyiqlərdən danışanda bilavasitə manata istiqamətlənən təzyiqləri nəzərdə tutmur.
Manatın daha da möhkəmlənməsinə olan təzyiqlər dünya miqyasında baş verən proseslər, neftin qiymətilə bağlıdır. Yəni, manatın daha da möhkəmlənməsinə edilən təzyiqlər ancaq qlobal proseslərdən qaynaqlana bilər. Çünki adətən qlobal proseslər müəyyən dərəcədə Azərbaycan daxilində baş verən proseslərə də təsir edir. Milli valyutanın zəif olması daxili istehsalı stimullaşdırır. 
ABŞ keçən əsrin 80-ci illərindən Yaponiyaya təzyiq edir ki, mili valyutaları olan yeni dollara nisbətdə möhkəmləndirsin. Amma yerli istehsalı stimullaşdırmaq üçün Tokio buna getməyib. Bu mənada da Azərbaycan manatının hazırkı məzənnəsi daxili istehsalı stimullaşdırmaq baxımından heç də pis deyil”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz