Novruz bayramının bir çox atributları var. Əsas atributlardan biri də səmənidir. Novruz xonçasını səmənisiz təsəvvür etmək demək olar ki, qeyri-mümkündür. Odur ki, bayram alış-verişinə çıxan hər kəs bayram süfrəsinin bəzəyi sayılan səmənini almamış evə getmir. Bazarlarda isə, alıcıların bu tələbatı artıqlaması ilə ödənilir. İndi bazarlarda istənilən formada, istənilən ölçüdə səməni tapmaq mümkündür. Necə deyərlər, təki cibin dolu olsun.
Qəribə səslənsə də, bir vaxtlar nənələrimizin bir nimçədə bir ovuc buğda ilə cücərtdiyi səməni indi Novruz bayramının ən bahalı elementinə çevrilib. İnandırıcı olmasa da, "Azadlıq" prospekti 106 ünvanında yerləşən Nəsimi bazarında ən bahalı səməninin qiyməti 80 manata təklif olunurdu. Satıcı Namiq Xəlilov da Movqe.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, Novruz səmənilərin qiyməti xeyli bahalaşıb : "Ötən illərdə səmənilərdə bu qədər çox çeşid yox idi. Bu il müxtəlif formalarda və ölçülərdə səməni var. Məsələn, buta, ürək, orman, xəritə, və s. Bu da, forma və ölçülərinə görə qiymətlərində fərq edir. Sadə butanı 12- 15 manata, bəzədilmiş halda (yəni üstü müəyyən bəzək əşyaları ilə bəzədildikdə ) 20 – 25 manata, sadə ürək forması 10- 12 manata, bəzədilmiş ürək forması 15- 20 manata, orman 45-50 manata, meydança 60 manata, Azərbaycanın xəritəsi 80 manata və s. kimi qiymətlərə satırıq.
Biz səmənini metrə ilə alırıq. Bunlar xüsusi parniklərdə becərilir. Sonradan, kəsib qablara yerləşdiririk , bu kimi formalar verərək satışa çıxarırıq. Biz sifarişlə də istənilən formada səməni hazırlayırıq. Gördüyünüz kimi alver yaxşıdır. Müştərilərmiz çoxdur. Əsasən, belə iri formalı səməniləri ofislərə, iri tədbirlərə, nişan və toy mərasimlərinə alırlar".
Satıcılar səməninin bazarına iki gün qaldığını söyləsələr də, qiymətlərdə endirim etmək fikirlərinin olmadığını danmadılar. Alıcılar isə qiymət baha olsa da, səməni almaq məcburiyyətlərində olduqlarını söyləyirlər. Kəmalə Rzayeva adlı alıcı deyir ki, bizdə, evdə şərait yoxdur səməni yetişirməyə, hər gün işdə oluram: " Odur ki məcburam alım. Amma çox baha satırlar. Neyləyim almalıyam. Bayram günü evdə, süfrədə səməni mütləq olmalıdı. Axı bu bizim adət - ənənəmizdir."