Əlaqə Arxiv
news Image
2018.02.08
08:00
| A A A
“Şimal-Cənub” dəhlizi Azərbaycanın iqtisadi, siyasi mövqelərini daha güclü hala gətirəcək
Fikrət Yusifov : “Böyük həcmdə daşınacaq yüklər hesabına ölkəmizə milyardlarla dollar valyuta axınını təmin ediləcək” Azər Allahverənov: “Layihə Azərbaycana geosiyasi dividendlər də gətirəcək”

Məlum olduğu kimi, qeyri-neft sektorunun vacib qolu kimi Azərbaycan üzərindən yük və sərnişindaşımaların həcminin artırılması xüsusi diqqət mərkəzindədir. Bakı-Tiflis-Qars dəmir yolunun işə düşməsi artıq ölkə üzərindən daşınan yüklərin həcmində əhəmiyyətli dərəcədə artım əldə olunması ilə müşayiət edilməkdədir. Cari il ərzində bu dəmir yolu ilə sərnişin daşınması da həyata keçriləcək.

Bununla yanaşı, artıq yaxın günlərdə  “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi işə düşəcək və bu, yükdaşımalar sahəsində yeni bir mərhələ açacaq.  Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov  bildirdi ki, Azərbaycan iqtisadiyyatına çox böyük töhfə verməyi hədəfləmiş istiqamətlərdən biri də ölkəmizin əlverişli coğrafi mövqeyindən məharətlə istifadə etməklə, onu tranzit yükdaşımalar sahəsində nəhəng ticarət dəhlizinə çevirmək oldu: “Son bir neçə il ərzində bu sahədə görülən işlərə rəğmən, çəkinmədən demək olar ki, Azərbaycan bu gün Qərblə Şərq, Cənubla Şimal arasında tranzit yükdaşımaların lokomotivinə çevrilir. Tarixi İpək Yolunun bir qolu kimi Şərqlə Qərbi birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub – Şərqi Asiya ölkələrindən və Hindistandan tranzit yüklərin Azərbaycan üzərindən şimala və qərbə daşınmasını hədəfləyən Şimal–Cənub ticarət dəhlizi, Xəzər hövzəsinin Ələt zonasında ən böyük Beynəlxalq Ticarət Limanının tikintisi bu sahədə yeni eranın təməlini qoydu. 
Bakı-Tiflis-Qars dəmir yolu yola saldığımız ötən ildə istifadəyə verildi, Beynəlxalq Ticarət Limanının bir hissəsinin açılışı oldu, Şimal–Cənub ticarət dəhlizinin isə bu günlərdə istifadəyə veriləcəyi gözlənilir. Bütün bu layihələr və ölkədə tranzit yükdaşımaların sistemləşdirilərək müasir bazarın tələblərinə uyğun yenidən qurulması Azərbaycan  Prezidenti cənab  İlham Əliyevin şəxsi təşəbbüsünün nəticəsidir. Bu layihələrin icrası Azərbaycanı regionun ən böyük tranzit yükdaşımalar dəhlizinə çevirməklə  Azərbaycan üzərindən milyonlarla ton yüklərin daşınmasına şərait yaratdı. Böyük həcmdə daşınacaq yüklər hesabına ölkəmizə milyardlarla dollar valyuta axınını təmin ediləcək”.
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov da bunun Azərbaycan üçün böyük əhəmiyyət daşıyan dəhliz olduğunu düşünür: “İlk növbədə Azərbaycanın beynəlxalq yükdaşımalarda rolunu təsdiq edən dəhlizdir. Ən əsası isə iqtisadi qazanclarımız olacaq. Çünki yükdaşımalar əlavə kapital axını deməkdir. Bu kapital axını da digər infrastrukturların inşasına imkan verəcək. 
Bundan başqa, layihə həmçinin Azərbaycana geosiyasi dividendlər də gətirəcək. Layihə çərçivəsində ölkəmizdə yeni texnologiyaların tətbiqi məsələsi var. Layihəhə həmçinin qlobal fondan da baxmaq lazımdır. Dəhlizdə iştirak edən bütün qütbləri əlaqələndirən Azərbaycan amili var. Eyni zamanda lokal səviyyədə də yanaşsaq, vətəndaşlar üçün əlavə gəlir, əlavə iş yerləri deməkdir. Yəni, həm lokal, həm də qobal əhəmiyyəti olan dəhlizdir. Azərbaycan isə sözügedən nəqliyyat dəhlizinin yaradılmasının önündə gedən ölkədir. İldən-ilə yükdaşımaların həcminin artması ölkəmizin büdcə gəlirlərinin artması deməkdir. Bunun da əhalinin sosial rifahının yaxşılaşdırılması baxımından əhəmiyyəti böyükdür”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz