Əlaqə Arxiv
news Image
2018.02.27
09:15
| A A A
Özəl sektorun aqrar sahədə fəallığı məqbul sayılmır
Vüqar Bayramov: “Aqrar sahəyə daha çox özəl investisiya cəlbinə nail olmaq istəyiriksə, kooperativlərin yaradılması prosesini sürətləndirməliyik”

Aqrar sahəyə sərmayə yatrımında özəl sektor hələ də istənilən fəallığı nümayiş etdirmir. Bu sahəyə qoyulan sərmayənin böyük hissəsi məhz dövlət vəsaitlərindən ibarətdir. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, prosesin zəif təşviqi və fermerlərin torpaq sahələrinin kiçik olması bu sahəyə özəl investisiya qoyuluşunu əngəlləyən başlıca maneələrdir: “Aqrar sahəyə sərmayə qoymaqda özəl sektorun aktiv olmaması prosesin zəif təşviq edilməsindən qaynaqlanır. Ona görə də prosesə özəl sərmayənin cəlbi üçün təşviqedici addımların atılması vacibdir. 
Hazırda kənd təsərrüfatına investisiya yatıran orqan qismində dövlət çıxış edir. Yəni, əsas investor məzh dövlətdir. Baxmayaraq ki, kənd təsərrüfatı məhsulu istehsalında özəl sektorun payı daha çoxdur. Praktik olaraq əsas kənd təsərrüfatı məhsulları özəl sektorda istehsal edilir. Amma buna baxmayaraq, sahəyə daha böyük investisiyalar məhz dövlət maliyyəsi hesabına formalaşır. Ona görə də aqrar sektora özəl iş adamları tərəfindən böyük investisiyaların cəlb edilməsinə ehtiyac vardır. Yerli fermerlərin bildiyimiz kimi onsz da investisiya imkanları məhduddur. Hər bir fermerin malik olduğu torpaq sahəsinin kiçik olması da nəticə etibarı ilə sahəyə özəl investisiyanın cəlbinə birbaşa təisr göstərir”. Həmsöhbətimiz düşünür ki, aqrar sahəyə daha çox özəl investisiyanın cəlbinə nail olmaq üçün bir sıra addımların atılmasına ehtiyac vardır ki, onların arasında kooperativlərin yaradılması prosesi daha mühüm yer tutur:  “Kənd təsərrüfatına daha çox özəl investisiyanın cəlb olunmasına nail olmaq istəyiriksə, öncə kooperativlərin yaradılması prosesini sürətləndirməliyik. Kooperativlərin daha çox olması daha çox sərmayə cəlbinə də şərait yaradacaq. Bu halda bir neçə fermerin yaratdığı kooperativlər investisiya qoyuluşunda daha böyük imkanlara malik ola bilərlər. İkinci bir tərəfdən, investisiya mühiti də burada mühüm rol oynayır. Ona görə də investisiya mühiti daha da yaxşılaşdırılmalıdır. Bu istiqamətdə də fəaliyyətin gücləndirilməsi arzuolunandır. 
Habelə, aqrar sektorda tətbiq edilən vergilər üzrə güzəştli formanın tətbiqinə ehtiyac var. Aqrar sektorda vergi güzəştləri var, torpaq vergisi istisna olmaqqla fermerlər digər  vergilərdən azaddır. Amma məsələ ondadır ki, aqrar emaledici sektor belə güzəştlərdən istifadə edə bilmir. Bu səbəbdən həmin sahədə də sözügedən güzəştlərin tətbiqinə ehtiyac yaranıb. Bu da nəticə etibarı ilə sahibkarların daha çox investisiyanı məhz kənd təsərrüfatına yönəltmələrinə gətirib çıxara bilər. Eyni zamanda, banklar vasitəsilə sərmayə qoyuluşunun artımına nail olmalıyıq. Bank vasitəsilə sərmayə qoyuluşu artarsa, nəticə etibarı ilə bu, özəl sektor nümayəndələrinin bank krediti hesabına daha çox sərmayə qoyuluşuna gətirib çıxarar”. 
Digər iqtissdçı Yaşar Əsədov bu qənaətdədir ki, risq amili özəl investorları aqrar sektora sərmayə yatırmaqdan vaz keçməyə vadar edir: “Kənd təsərrüfatının çox risqli investisiya obyekti olması özəl investorları bu sahəyə sərmayə qoymaqdan ümumən çəkindirir. Bir sıra hallarda hava şəraiti seçilən məhsulun egitasiya dövrünə uyğun olmur. Bəzən də hansısa kənd təsərrüfatı məhsulunun yüksək qiymətinə şirniklənən investor növbəti ildə daha çox maya qoymaqla həmin məhsul üzrə daha çox məhsul yetişdirmək istəyir. Lakin növbəti ildə bazarda qiymətin aşağı düşməsilə ümidləri doğrulmur. Bu cəhətdən kənd təsərrüfatı sahəsi olduqca risqli sektor sayılır. Belədə qazanc həmin risqi doğrultmur. Sektora daha çox maliyənin cəlbi üçün dövlət mümkün olan tədbirləri görür. 
Kənd təsərrüfatı istehsalçılarına güzəştli qiymətlərlə yanacaq, sürtkü materialları verilir. Fermerlər əlavə dəyər vergisindən azaddır.  Amma burada gömrük siyasətinin də rolu olmalıdır. İdxal məhsullarına nəzarət də burada öz sözünü deməlidir. Fikir vermisinizsə, Rusiyaya qarşı sanksiyalar fonunda şimal ölkəsi əks sanksiyalara getməklə ölkənin kənd təsərrüfatını dirçəltdi. Rusiya öz bazarını xaricdən gələn aqrar sahə məhsulları üçün bağlamaqla bu məhsulları daxildə yetişdirmək kursu götürüb. Bu ölkə qarşıya məqsəd qoyub ki, 2020-ci ildə bütün dünyanı yedirdə biləcək qədər kənd təsərrüfatı potensialına malik olsun. Digər tərəfdən, ölkəmizə idxal olunan məhsullar daxildə istehsal edilən məhsula nisbtən daha ucuz olur. Problemin həllinə nail olmaq üçün xırda təsərrüfatların iri fermer təsərrüfatlarında birləşməsi lazımdır. Çünki yalnız böyük təsərrüfatlarda birləşməklə maya dəyərini aşağı salmaq mümkündür”.

Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz