Əlaqə Arxiv
news Image
2018.04.07
09:30
| A A A
Dollar üçün kritik dövr başlanır
Rəşad Həsənov: “Əgər Çin aktivlərini geri çəkərsə, ABŞ dollarının ucuzlaşma ehtimalı böyükdür” Cəfər İbrahimli: “Məzənnə müharibəsindən sonra dünya yeni mərhələyə qədəm qoyur”

ABŞ prezidenti Donald Tramp ABŞ-ın ticarət nümayəndəsinə Çin istehsalı olan mallarına tətbiq edilən rüsumların 100 milyard dollaradək qaldırmaq imkanını nəzərdən keçirməyi tapşırıb. Pekin də öz növbəsində ABŞ-a qarşı rüsumları 50 milyard dollaradək artırmağı qərara alıb. Lakin Çin rüsumları hələlik qüvvəyə minməyib. Artıq ABŞ-la Çin arasında gedən ticarət müharibəsi dolların məzənnəsinə mənfi təsir edib. Məlumata görə, Çin hökumətinin ABŞ istehsalı olan 106 məhsula gömrük rüsumu tətbiq ediləcəyi ilə bağlı açıqlamasından sonra Amerika valyutası dünyanın digər aparıcı valyutaları qarşısında ucuzlaşıb. 

Ekspertlərin fikrincə, ticarət müharibəsi qarşıdakı dövr ərzində daha da kəskinləşərsə, bunun dolların kursuna, maliyyə bazarlarına mənfi təsirləri ola bilər. Bunun isə dolayısı ilə Azərbaycan iqtisadiyyatına da təsirləri istisna edilmir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, qısamüddətli dövr ərzində bu prosesin dolların məzənnəsinə müəyyən qədər təsiri olacaq: “Donald Trampın konservativ yanaşması ticarət münasibətlərində risklər yaradır. Bu da gələcəkdə qlobal ticarətin ümumi miqyasına neqativ təsir göstərə bilər. Sadəcə, ABŞ-ın bu siyasətinin nə qədər davam edəcəyi əsas məsələdir. Ancaq eyni zamanda bu gün ABŞ hökumətinə qarşı təzyiqlər də var. ABŞ iqtisadiyyatına və dollara təhlükələr yarandıqca, bu təzyiqlər daha da artacaq. O baxımdan hökumətin geri çəkilmək ehtimalı var. Lakin belə olmadğı halda növbəti dövrlərdə ABŞ ilə Çin arasında ticarət əlaqələri nisbətən zəifləyəcək. Bu, həmçinin sonda siyasəyi münasibətlərə də öz təsiri göstərmiş olacaq. 
Nəzərə alaq ki, ABŞ-ın aktivlərində ən böyük paya sahib ölkələrdən biri Çindir. Əgər Çin aktivlərini geri çəkərsə, ABŞ dollarının ucuzlaşma ehtimalı böyükdür. Amma indiki halda bazarların proseslərə rekasiyası sadəcə, informasiyaların qiymətləndirilməsi formasındadır. Lakin uzunmüddətli dövrdə iqtisadi münasibətlərdə gərginliyə gətirib çıxardacaqsa, ABŞ dollarının əhəmiyyətli dərəcədə zəifləməsinə səbəb olacaq”.
Ekspert əlavə etdi ki, proseslərin Azərbaycana dolayısı təsiri var: “Azərbaycanda dolların məzənnəsinə birbaşa təsir edən faktor neftin qiymətidir. Buna baxmayaraq, dünya bazarlarında ABŞ dollarının məzənnəsi yerli bazarlarda müəyyən effektə səbəb olur. Bu siyasət fonunda gələcəkdə dünya bazarlarında dolların mövqeyinin zəifləməsi həm neftin qiymətinə, həm də manat-dollar nisbətinin yüksəlməsinə səbəb ola bilər”.
Digər iqtisadçı-ekspert Cəfər İbrahimli bildirdi ki, məzənnə müharibəsindən sonra dünya yeni mərhələyə qədəm qoyur: “Bu da ticarət müharibələridir. Düzdür, hələlik ABŞ dollarında ciddi dəyişiklik müşahidə olunmur. Hətta Çinə embarqo tətbiq edildikdən sonra dollar bir qədər dəyər qazanıb. Dollar indeksində də sabitlik müşahidə olunur. Proseslərin bu şəkildə davam edəcəyi təqdirdə kurslara necə təsir edəcəyini isə proqnoz etmək çətindir. Lakin bu cür açıqlamalar həmişə bazarda trendlərin dəyişməsinə səbəb olur. Valyutalar, maliyyə alətləri, fond indekslərində dəyişiklik baş verir. Yəni, qlobal bazarlarda riskin artdığı müşahidə edilir. Hazırda isə vəziyyətin kimin xeyrinə dəyişəcəyini demək çətindir. Ancaq sürətli dəyişiklik heç bir ölkənin iqtisadiyyatına müsbət təsir etmir”.
İqtisadçı əlavə etdi ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü deyil: “Azərbaycan alınan mal və xidmətlərə tətbiq edilən rüsumlarda sərbəstdir. ÜTT-nin üzvü olmadığımıza görə, bu kimi qərarlar Azərbaycana ciddi təsir etməyəcək. Amma bu tipli dəyişiklik dünyada mal və xidmətlərin qiymətlərinə təsir edəcəksə, Azərbaycanın idxal qiymətlərinin dəyişməsinə səbəb olacaq”.
Mübariz BAYRAMOV
 

Sizin Reklam Yeriniz