Əlaqə Arxiv
news Image
2018.05.01
10:00
| A A A
Azərbaycan da qızıl ehtiyatlarını artıra bilər
Rəşad Həsənov: “Vəsaitlərin effektiv maliyyə alətlərində yerləşdirilməsinə ehtiyac var” Cəfər İbrahimli: “Aktivliyin azalması davam edəcəksə, Dövlət Neft Fondu qızıl ehtiyatlarını artıra bilər”

Dünyada yaşanan iqtisadi müharibələr dövlətləri ehtiyatlarında diversifikasiyanı dərinləşdirməyə məcbur edib. Belə ki, Ümumdünya Qızıl Şurasının son açıqlamaları bir sıra ölkələrin valuta ehtiyatlarının tərkibində qızıl payının artdığını göstərir. 

Nəzərə alaq ki, hələlik bu siyahıya ABŞ, Rusiya və Çin liderlik edir. Ancaq onların sırasına artıq Türkiyə və Qazaxıstan da qoşulub. Bu fonda Azərbaycanın da eyni siyasəti həyata keçirməsin gündəmə gəlir ki, iqtisadçıların baxışları fərqlidir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirir ki, müəyyən qədər araşdırılmasına ehtiyac olan məsələlərdən biridir: “Adətən, belə qərarlar verilərkən qlobal bazarlarda mövcud vəziyyət dəyərləndirilir. Düzdür, son dövlərdə qızılın qiymətində artan dinamika müşahidə edilir. Bu da müəyyən qədər dünyadakı gərginliklərdən qaynaqlanır. Məsələn, Koreya yarımadasındakı gərginlik, Qərb ilə Rusiya arasındakı münasibətlər dünya bazarlarında daha dayanıqlı maliyyə alətlərinə inamı artırdı. 
Azərbaycanın ehtiyatlarının həcmini, ehtiyatların idarə edilməsindən əldə olunan gəlirləri nəzərə alsaq, qızıl kimi ehtiyatlara yatırımların edilməsindənsə, daha aktiv idarə edilməyə keçilməsinə ehtiyac var. Daha çevrik strategiya həyata keçirilməlidir. Vəsaitlərin effektiv maliyyə alətlərində yerləşdirilməsinə ehtiyac var. Hazırda qlobal vəziyyət qızlın alışı istiqamətində qənaəti formalaşdırmır. O baxımdan da bu gün ehtiyatımızda qızılın payının artırılması qərarının qəbul edilməsi düzgün olmazdı”.
Digər iqtisadçı-ekspert Cəfər İbrahimli bildirdi ki, hökumət nə qədər qızılın alınması siyasətini müəyyənləşdirib: “Diversifikasiya məqsədi ilə ehtiyatda qızıl saxlanılır. Düzdür, hazırda dünyanın əksər bankları qızıl ehtiyatını artırırlar. Odur ki, Azərbaycanda da bu məsələyə baxılması mümkündür. 
Onu da nəzərə alaq ki, hazrıda pul, ticarət müharibələri, mərkəzi bankların sərt pul siyasətinə keçməsi inkişaf etmiş iqtisadiyyatlarda sıxıntı ola biləcəyini göstərir. Bu da dünya iqtisadiyyatında aktivliyin azalması deməkdir. Əgər bu aktivliyin azalması davam edəcəksə, Dövlət Neft Fondu  qızıl ehtiyatlarını artıra bilər. Çünki dünya iqtisadiyyatlarında aktivlik azalanda qızılın qiyməti daha çox yüksəlir. Əks halda qızılın payının artılmasına zərurət yaranmayacaq. Çünki alternativ yatırım vasitələri var. Səhm, istiqrazlardan müəyyən qədər gəlir əldə olunur”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz