Əlaqə Arxiv
news Image
2018.05.04
07:00
| A A A
Asiya nəhəngiləri əsas diqqəti Azərbaycana yönəldirlər
Rəşad Həsənov: “Pekinlə Dehlinin Azərbaycan üzərindən tranzitlə yüklərini Qərbə daşımaqda maraqlı görünməsi Bakı-Tiflis-Qars dəmir yolunun əhəmiyyətini, həmçinin tranzit yük ötürmə imkanlarını artırır” Natiq Cəfərli: “Bu hal ölkəmiz üçün əlavə iş yerləri və əlavə qazancın gəlməsi, kifayət qədər çox həcmdə vəsaitin daxil olması baxımından vacibdir”

Çin Azərbaycanla nəqliyyat kommunikasiyasının inkişafına xüsusi diqqət yetirməyə başlayıb. Hindistan isə Azərbaycan üzərindən ildə 6 milyon ton yük daşıyacağını bildirir. 

Qeyd edək ki, Azərbaycanın hər iki ölkə ilə digər sahələrdə olduğu kimi iqtisadi müstəvidə münasibətləri də yüksək səviyyədədir. Bu əlaqələr daim inkişaf edir. Xüsusilə də Çinlə tranzit daşımaları, ticarət, investisiya və turizm sahələrində əlaqələrin inkişaf etdiyini qeyd edə bilərik. Belə ki, rəsmi statistikaya görə, 2017-ci ildə Azərbaycanın Çinlə ticarət dövriyyəsi 43 faiz artaraq 1,2 milyard ABŞ dolları təşkil edib. Pekində Azərbaycan Ticarət Nümayəndəliyi açılıb.
Hindistana gəldikdə, Bakı ilə Dehli arasında ticarət dövriyyəsi 1.03 milyard dollar səviyyəsindədir. Azərbaycan son illər mühüm nəqliyyat qovşağına çevrilib. Ölkəmiz Şimalla Cənub, Şərqlə Qərb arasında mühüm tranzit mərkəzidir. Bakı-Tiflis-Qars dəmir yolunun açılışı da bu mənada prosesin inkişafına mühüm töhfə sayılır. Bu fonda da Azərbaycanla əlaqələri genişləndirmək, öz yüklərini ölkəmizin ərazisindən keçirməklə digər məkanlara daşımaq istəyən dövlətlərin sayı da durmadan artır. Çin və Hindistan da bu tip ölkələr sırasında mühüm yer tuturlar.  
İki Asiya nəhənginin Azərbaycana diqqəti ölkəmizə nə vəd edir?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovun fikrincə, Çinlə Hindistan kimi Asiya nəhənglərinin Azərbaycanın nəqliyyat-kommunikasiya sisteminə marağının artması Bakı-Tiflis-Qars dəmir yolunun əhəmiyyətinin və tranzit yük ötürmə imkanlarının artması baxımından mühüm əhəmiyyətlidir: “Məsələ ondadır ki, Bakı-Tiflis-Qars dəmir yolunun çəkilişində əsas məqsəd məhz Asiya və Avropa arasındakı yükdaşımalarda alternativ nəqliyyat istiqamətini təklif etmək və Azərbaycan üzərindən nəqliyyat daşımalarının həcmini artırmaqdan ibarətdir. Bu zaman da əsas bazar  Çindən Avropaya istiqamətlənən məhsullara hədəflənib. Eyni zamanda, həmin prosesdə Hindistan kimi ölkə də əsas mənbə hesab olunur. 
Bu mənada Pekinlə Dehlinin Azərbaycan üzərindən tranzit yolu ilə öza yüklərini Qərbə daşımaqda maraqlı görünməsi nəvbəti dövrlərdə Bakı-Tiflis-Qars dəmir yolunun əhəmiyyətini, eyni zamanda, tranzit yük ötürmə imkanlarını artırır. Son nəticədə bu dəmir yolu vasitəsilə Azərbaycanın tranzit mərkəzin çevrilməsi şərtlərini daha da tezləşdirir”. 
Iqtisadçı-ekspert Natiq Cəfərli də qeyd etdi ki, Çin və Hindistanın Azərbaycanın mühüm rol oynadığı tranzit məkanına qoşulması ilə ölkəmiz daha çox qazanc əldə etmək imkanı qazanacaq: “Azərbaycan bildiyiniz kimi, iki böyük dəhlizin əsas operatorlarından biridir. Yəni Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizində əsas operatorluq Baltik dənizindən Fars dənizinə qədər ərazidə yükdəşamalar məhz Azərbaycan ərazisi vasitəsilə həyata keçiriləcək. Yəni burada əsas loqistik nöqtələrdən biri Azərbaycan olacaq. 
Şərq-Qərb dəhlizi Azərbaycan investisiyası ilə mümkün oldu. Bakı-Tiflis-Qars dəmir yolu çəkildi. Nəticədə Şərqdən-Qərbə və əksinə istiqamətdə dəhlizin fəaliyyət göstərməsi mümkünləşdi. Bu fonda Çin və Hindistan kimi nəhəng ölkələr öz mallarının Avropaya çatdırılması və oradan gətirilən mallar üçün alternativ yollar axtarır. Bu günə qədər həmin işi dəmir yolu vasitəsilə, Qazaxıstan, Rusiya və Belarus üzərindən keçməklə görürdülər. Amma alternativ yolların olması həm qiymət və tariflərin ucuzlaşmasına səbəb olacaq. Yaranmış vəziyyət Azərbaycan üçün də sərəfedicidir. Çin və Hindistandan gələn nə qədər çox mal və məhsul Azərbaycan üzərindən daşınacaqsa, ölkəmiz bir o qədər çox tranzit gəliri əldə edəcək. 
Tranzit yüklərindən əlavə Çin və Hindistandan olan sahibkarlar gələcəkdə Azərbaycanda hər hansı bir iş qurmaqla  bəzi istehsal sahələrinin məhz ölkəmizdə istehsal edilərək, Qərbə daşınmasını təşkil edə bilərlər. Bu da ölkəmiz üçün əlavə iş yerləri və əlavə qazancın gəlməsi deməkdir. Bütün hallarda bu yolla yüklərin həcmi artdıqca, ölkəmizə də kifayət qədər çox həcmdə vəsait daxil olacaq”.
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz