Əlaqə Arxiv
news Image
2018.05.05
11:30
| A A A
Azərbaycan Asiya ilə Avropa arasında əsas logistik mərkəzə çevrilir
Natiq Cəfərli: “Ölkəmiz Şimal-Cənub, Şərq-Qərb dəmir yolu xətlərinin açılması ilə əlaqədar logistik mərkəz kimi gələcək perspektivlərini xeyli artırıb” Yaşar Əsədov: “Azərbaycan Şimal-Cənub, Şərq-Qərb marşrutları üzrə əlverişli tranzit ölkə rolunu oynayır”

Azərbaycanın coğrafi mövqeyi onu Asiya ilə Avropa arasında iri logistik mərkəzə çevirə bilər. Bu barədə Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının prezidenti Antonio Llobet bildirib. 

A.Llobet vurğulayıb ki, Azərbaycan tarixən Böyük İpək Yolu üzərində mühüm bir məntəqə olub: “Buradan Böyük İpək Yolunun bir neçə istiqaməti keçib. Hazırda da Azərbaycan Şimaldan Cənuba və Şərqdən Qərbə yükdaşımalarda mühüm rol oynayır. Nəqliyyat dəhlizlərinin bugünkü inkişafı və Azərbaycanın yerləşdiyi mövqe onu iri logistik mərkəzə çevirəcək”.
Göründüyü kimi, ölkəmizin logistik əhəmiyyətinin günü-gündən artması müxtəlif səviyyələrdə etiraf olunur. Bu nəticələr isə qeyri-neft siyasətimizin düzgün qurulmasından xəbər verir ki, proseslər qeyri-neft gəlirlərinin artımına gətirib çıxardacaq. İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, son zamanlar Azərbaycana marağın xeyli artdığı müşahidə edilir: “Ölkəmiz Şimal-Cənub, Şərq-Qərb dəmir yolu xətlərinin açılması ilə əlaqədar logistik mərkəz kimi gələcək perspektivlərini xeyli artırıb. Ona görə də Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyası da daxil olmaqla beynəlxalq qurumların Azərbaycanla bağlı gələcək planları var. Azərbaycan həm Şimal-Cənub, həm də Şərq-Qərb istiqamətində logistik mərkəzə çevrilə bilsə, ən ucuz və qısa zaman ərzində yüklərin çatdırılması məkanı olacaq. Bu da həm ümumi ticarət dövriyyəsinin artmasına, həm də proseslərin tez və ucuz həyata keçməsini təmin edəcək. Ona görə də Azərbaycana maraq artıb. 
İran ərazisində Rəşt dəmir  yolunun inşası başa çatdıqdan sonra hər iki istiqamətdə yükdaşımaların həcminin artması gözlənilir. Həmçinin Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin gələcəkdə daha çox şaxələnməsi ehtimalı var. Yəni, logistik mərkəzə çevrilməsi Azərbaycanın gələcəkdə gəlirlərinin artmasına kömək olacaq. Fürsəti dəyərləndirmək lazımdır. Nəzərə alaq ki, rəqibimiz də var. Şərq-Qərb dəhlizi istiqaməti üzrə Rusiya Qazaxıstan üzərindən yeni layihənin reallaşmasına start verib. Rəqibləri üstələmək üçün daha ucuz və qısa keçidlər təklif  etməliyik. O zamanda Azərbaycanın qeyri-neft sektorundan gəlir əldə etməsi sürətlənəcək”.
Digər iqtisadçı-ekspert Yaşar Əsədov bildirdi ki, bu cür ifadələrin arxasında Azərbaycanın coğrafi mövqeyinin əlverişli olması dayanır: “Azərbaycan Şimal-Cənub, Şərq-Qərb marşrutları üzrə əlverişli tranzit ölkə rolunu oynayır. Bu coğrafi  mövqeyin isə Azərbaycan üçün gəlirləri aydın məsələdir. Əvvəla, Azərbaycan ərazisindən keçən nəqliyat vasitələri vergi ödəyəcək. 
Bundan başqa, həmin nəqliyyat vasitələri Azərbaycanda müəyyən xidmətlərdən, məhsullardan istifadə edəcəklər. Bütün bunlar da sonda ölkəmizə gəlir gətirəcək. Neft sektorunda isə artıq hər şey həll olunub. “Əsrin müqaviləsi”nin də vaxtı uzadıldı. Ancaq artıq əsas diqqət qeyri-neft sektoruna verilib. Amma bu cür layihələrlə qısa zaman ərzində ümumi daxili məhsulda qeyri-neft sektorunun payı kəskin dərəcədə artmayacaq. Bu, zaman tələb edən məsələdir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz