Əlaqə Arxiv
news Image
2018.05.09
11:40
| A A A
Qeyri-neft sektorunun inkişafı sürətlənir
Ruslan Atakişiyev: “Neft sektorunda formalaşan kapital iqtisadiyyata yönəldilməklə qeyri-neft sektorunun inkişafına şərait yaradır” Fuad İbrahimov: “Daha yüksək nəticələr əldə edə bilərik”

“Dünya böhranı Azərbaycanda qeyri-neft sektorunun inkişafını sürətləndirdi”. Bunu Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka diplomatik nümayəndəliyin rəhbəri kimi fəaliyyətinin yekunlarını şərh edərkən deyib.

O əlavə edib ki, Azərbaycan son illərdə qeyri-neft sektorunun inkişafında əhəmiyyətli nəticələr əldə edib: "İlk növbədə qeyd etmək lazımdır ki, həmin vaxt dövlət büdcəsinə daxilolmaların əsas mənbəyi olan neftin qiymətlərinin azalması ümumilikdə Azərbaycan iqtisadiyyatı üçün ciddi sınaq oldu. Lakin fakt budur ki, Azərbaycan nəinki bu sınağa davam gətirdi, üstəlik, qısa zamanda – bir-iki ilə öz iqtisadiyyatını sabitləşdirməyi bacardı. Bu, böyük nailiyyətdir. Antiböhran proqramı çərçivəsində Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payının artırılması məqsədilə islahatlara başlanıldı. Bu mənada gömrük prosedurlarında islahatlar, ASAN sisteminin inkişafı, Ələtdə azad iqtisadi zona layihəsi və digərləri müsbət nəticə verir”.

İqtisadçıların da fikrincə, səfirin dedikləri həqiqəti əks etdirir. Belə ki, neftin qiymətinin düşməsi qeyri-neft sektoruna diqqəti artırıb. Ancaq qeyri-neft sektorunun inkişafına da neft sektoru zəmin yaradıb. Belə ki, neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi istiqamətində fəaliyyət proqramları icra edilməkdədir. İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, neft sektorunun inkişafı qeyri-neft sektorunun inkişafına təkan verir: “Çünki neft sektorunda formalaşan kapital iqtisadiyyata yönəldilməklə qeyri-neft sektorunun inkişafına şərait yaradır. Son dövrlər isə qlobl böhranlı vəziyyətin yaranması, neftin qiymətinin aşağı düşməsi qeyri-neft sektorunun inkişafı düşüncəsini daha da gücləndirdi. Bunun özü qeyri-neft sektorunu iqtisadiyyatın əsası kimi görmək, prioritet hesab etməyə və bu istiqamətdə işləri sürətləndirməyə təkan verdi.

Bu gün qeyri-neft sektoruna yönəlməyə səbəb olan əsas amillərdən biri neftin qiymətinin aşağı düşməsidir. Lakin qeyri-neft sektorunun inkişafını şərtləndirən amillər neft sektorunda formalaşmış kapitalın qeyri-neft sektoruna yönəlməsidir. Həmçinin daxili investisiyalar üçün mühitin yaxşılaşdırılmasıdır. Bundan başqa, azad rəqabət mühitinin formalaşdırılması, sahibkarların stimullaşdırıması istiqamətində tədbirlərin genişləndirilməsidir”.

Ekspert əlavə etdi ki, 2008-ci il qlobal böhran zamanı da bir sıra ölkələrdə qeyri-neft sektorunun inkişafı ilə bağlı prqramlar hazırlanmışdı: “Sonrakı dövrlərdə neftin qiyməti qalxması fonunda bəzi ölkələrdə həmin planlar təxirə salındı. Bu gün Azərbaycanda milli iqtisadiyyatın inkişafı ilə bağlı strateji yol xəritələri hazırlanıb. Onlar tam şəkildə həyata keçirildiyi zaman qeyri-neft sektorunun inkişafına böyük təkan vermiş olacaq. Yenidən neftin qiymətinin artması bu proqramların icrasını təxirə salmayacaq. Çünki hökumətin bu istiqamətdə açıqlaması var. Bəyan olunub ki, neftin qiyməti artsa da, yol xərirələrinin tətbiqi genişlənəcək və qeyri-neft sektorunun inkişafı priorotet kimi saxlanılacaq. Ona görə də qeyri-neft sektorunu böhranda-böhrana yox, iqtisadiyyatın əsas sektoru kimi qəbul edib davamlı inkişafında maraqlı olmalıyıq”.

Digər iqtisadçı-ekspert Fuad İbrahimov bildirdi ki, neftin qiymətinin ucuzlaşması nəticəsində neft ölkələrində müəyyən problemlər yaşandı: “Bu dövrdən sonra Azərbaycanda bir sıra sərəncam, göstərişlər verildi, qeyri-neft sektorunun inkişafına dair yol xəritələri müəyyən edildi. Hazırda bu proses gedir”.

İqtisadçı əlavə etdi ki, Çexiya səfirinin bu cür açıqlama verməsi Qərb nümayəndəsinin Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımları görməsi deməkdir: “Nəzərə alaq ki, artıq qeyri-neft sektorunun inkişafı istiqamətində nəticələr də var. Bu istiqamətdə qəti ola bilsək, daha yüksək nəticələr əldə edə bilərik. Məsələn, Vergilər Nazirliyində edilən dəyişiklikdən sonra kiçik və orta sahibkarlıq sinfində müəyyən canlanma əmələ gəlib. Hətta problemli kredit borclarının qaytarılması istiqamətində addımlar var. Bunlar onu göstərir ki, dövlət nəzarəti orqanının stimullaşdırıcı addımı nərticəsində sahibkar problemlərini həll edə bilir. Yəni, ölkə rəhbərliyi tərəfindən verilən sərəncamları hərəkətə gətirə bilsək, qeyri-neft sektorunda müəyyən nailiyyətlər əldə ediləcək”.

Mübariz BAYRAMOV

 

Sizin Reklam Yeriniz