Əlaqə Arxiv
news Image
2018.05.16
08:00
| A A A
Azərbaycan üzərindən daha çox yük daşınacaq
Musa Quliyev: “Azərbaycan bu addımla iqtisadiyyat və nəqliyyat sektorunun inkişafı baxımından daha etibarlı tərəfdaşa çevriləcək ”

Xəbər verdiyimiz kimi, Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı oldu. Bu liman kompleksi vasitəsilə ölkəmizdən xaricə, oradan da  ölkəmizə dəniz nəqliyyatı vasitəsilə daşınan mal və yüklərin həcmi artacaq.

Qeyd edək ki, Ələtdə yerləşən yeni liman ölkəni qərblə (Türkiyə və Avropa Birliyi), cənubla (İran və Hindistan) və şimalla (Rusiya) birləşdirən nəqliyyat qovşağıdır. Azərbaycanın rayonlarına yaxın ərazidə yerləşməsi əlverişli qovşaq kimi limanın regionlarla da əlaqə qurmaq imkanını artırır. Bu fonda liman vasitəsilə daşınan yüklərin həcmi artacaq. Bundan əlavə, yeni limanın yerləşdiyi ərazi ölkənin daxili rayonlarını birləşdirən mövcud avtomobil və dəmiryolları ilə kəsişir. Azərbaycan daxilindən keçən üç beynəlxalq dəmiryolu xətti məhz Ələtdə kəsişir.

Milli Məclisin deputatı Musa Quliyevin fikrincə, Ələt qəsəbəsində yaradılan liman kompleksi ölkəmizdə nəqliyyatın, xüsusən də dəniz ticarəti nəqliyyatının inkişafı yolunda mühüm addım olacaq: “Ələtdə azad ticarət zonasının yaradılması və terminalın açılması heç də təkcə Azərbaycanın nəqliyyat sektorunun inkişafına töhfə verməyəcək. Bu terminal bütövlükdə Azərbaycanın biznes və iqtisadiyyat sektoruna olduqca böyük töhfələr verəcək. İlk növbədə Azərbaycanın gəmi daşınmaçılığı işi həddən artıq sürətlənəcək.

Dünyanın müxtəlif nöqtələrindən Xəzər dənizinə müxtəlif vasitələrlə gələn yüklər məhz terminalda boşaldılacaq. Buradan da terminal vasitəsilə Şimal, Cənub, Şərq, istərsə də Qərb istiqamətinə yönələcək. Digər tərəfdən bilirik ki, azad iqtisadi zona bir çox güzəşt və  imtiyazları olan  iqtisadi mühitdir. Ələt İqtisadi Zonasına dünyanın müxtəlif ölkələrindən aparıcı firmalar gələrək öz istehsallarını quracaqlar. Belədə burada istehsal olunan məhsulları Ələt terminalı vasitəsilə dünya bazarlarına çıxaracaqlar. Azərbaycan bununla da iqtisadiyyat və nəqliyyat sektorunun inkişafı baxımından etibarlı tərəfdaşa çevriləcək. Ölkəmizin daşınmaz əmlak sektoruna olduqca böyük mənfəətlər gətirəcək. Proses ölkə daxilində yeni iş yerlərinin yaranmasına səbəb olacaq. Digər tərəfdən azad iqtisadi zonada istehsal edilən məhsulların maya dəyəri aşağı olduğundan qiymətlər də ucuzlaşacaq. İqtisadi dövriyyə isə artacaq”.

Rüfət NADİROĞLU  

 

Sizin Reklam Yeriniz